Gədəbəydə ilginc məmur DƏLƏDUZLUĞU - İTTİHAM

Gündəm / Sosial
14-01-2022, 09:21 23

Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov işsiz gənci işə götürəcəyi adı ilə aldadaraq 1000 (bir min) manatını alması faktı üzə çıxıb. Rayonun təmizlik şefi ötən illərdə aldatdığı rayon sakinini 4 ay müddətinə pulsuz və əmək müqaviləsiz işlərə cəlb edərək əməyini istismar edib, aşkar məmur özbaşınalığına yol verib. Bu azmış kimi, arada vasitəçi olmuş işçisi - müəssisənin qaynaqçısı Mustafayev Vüsal Yusif oğlunu da hər şeyi bildiyinə və haqqı tələb etdiyinə görə pandemiya dönəmində işdən çıxarıb.

Tereqqi.az xəbər verir ki, "Demokratik TV"-yə bu barədə Gədəbəy sakinləri özləri danışıb.

Vüsal Mustafayevin dediyinə görə, 2 il əvvəl sabiq müdiri ona bildirib ki, idarəyə sürücü lazımdır və tanıdığı biri varsa işə götürə bilər. Lakin, sürücü götürüləcək şəxs ya nasaz maşınlardan birinin motorunu təmir etdirməli, ya da Kazımovun özünə 1000 manat rüşvət verməlidir. Vüsal da əvvəldən tanıdığı işsiz dostu Raminə müdirin təklifini çatdırıb, tərəflər razılaşıblar. Nəticədə, Vüsalın da iştirakı ilə Əkbər Kazımov özünün iş otağında Ramini işə götürmək adı ilə ondan 1000 manatını alıb. Lakin, üstündən aylar keçsə də Kazımov işsiz vətəndaşı aldadaraq vədinə əməl etməyib.

Həm Raminin, eləcə də Vüsalın deməsindən bəlli olur ki, Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov düz 4 ay Raminin havayıca yerə təcrübə adı ilə işə gedib-gəlməsinə şərait yaradıb. Maaş almadığından və işə rəsmi qaydada götürülmədiyindən zərərçəkmiş bezib, sonda Əkbər Kazımovdan verdiyi pulunu geri istəyib. Nəhayətdə alıb, lakin, müdirə dostunun haqlı olduğunu bildirən və işdə vasitəçilik edən Vüsal da işindən qovulası olub. Vüsal qeyd edir ki, müdir onu haqsız yerə çıxarıb. Ə.Kazımov işçisinin oxuma və yazmağı yaxşı bilmədiyindən sui-istifadə istifadə edərək ona hansısa sənədlərə imza atdıraraq işsiz qoyub. Səbəb isə dostu ilə birgə müdirə verilmiş rüşvəti geri tələb etmələri - şəxsi qərəzçilik olub.

Vüsal onu da giley edir ki, baş verənlər onu pandemiya dövründə dövlətin maddi yardımına da əngəl törədib. Ötən illər ərzində nə yerli icra hakimiyyəti, nə də başqa qurumlar özbaşınalığı araşdırıb Kazımovu cəzalandırmayıblar. Əksinə, dəfələrlə İHB-yə müraciətinə etinasız yanaşılıb.

Faktla bağlı Əkbər Kazımovdan münasibət öyrənməyə çalışan jurnalist müdirin qəzəbilə üzləşib. Əkbər Kazımov heç nədən və heç kimdən qorxmadığını, jurnalisti saymadığını deyərək iddialara şərh verməkdən imtina edib.

Aradan xeyli müddət ötsə də, baş verənlər Gədəbəy Kommunal Müəssisələri Kombinatının taleyinin qeyri-şəffaf və rüşvətə bulaşmış əllərdə olduğunu deməyə əsas verir.
Xatırladaq ki, dövri mətbuatda Əkbər Kazımovun adı dəfələrlə öz tabeliyindəkilərlə qalmaqallarda hallanıb.