İki icra başçısı var ki YENİ OLMALARINA GÜVƏNİRLƏR... - AMMA ƏSLİNDƏ...

Gündəm / Aktual
14-01-2022, 10:17 18

Məlum olduğu kimi, bütün icra hakimiyyəti başçıları haqqında konkret olaraq Prezident Administrasiyasında materiallar toplanır ki, bu faktlar əsasən həmin rayon rəhbərlərinin fəaliyyətlərinin təhlili üçün mühüm əhəmiyyət daşıyır. O da məlumdur ki, davamlı olaraq PA tərəfindən barələrində ən çox şikayət olunan icra hakimiyyəti başçıları haqqında da statistik məlumatlar açıqlanır.

Bütün bunları xatırladan məlumatlı mənbə DİA.AZ-a bildirir ki, kimlər tərəfindənsə, həmin məlumatlar sıradan statistika kimi qələmə verilsə də, əslində prezidentin icra başçıları ilə bağlı qərarlarında PA tərəfindən hazırlanan, toplanan materialların xüsusi təsirinin olduğu bir faktdır. Mənbənin söylədikləri:

"Buna görə də, icra başçıları barələrində gedən neqativləri aradan qaldırmağa daha çox maraq göstərməlidirlər. Amma görünür ki, bəzilərinin belə bir diskomfortu yoxdur və özlərini "Bağdadın kor xəlifələri" hiss edən həmin icra başçıları "başları əhləd daşına dəyəndə" - prezident tərəfindən cəzalananda ayılırlar. Halbuki onlara dəfələrlə xəbərdarlıqlar olunur. Bu xəbərdarlıqlar müxtəlif formada olur: birbaşa xitabla da, dolayı mövqe ifadəsi ilə də. Elə son olaraq Prezidentin yerli kanallara müsahibəsində də bu xəbərdarlıqların növbətisini eşitdik. Amma bir daha qeyd edək ki, hər kəs nəticə çıxara bilmir".

Mənbə icra hakimiyyəti başçılarının bir xüsuslarına da diqqət çəkir: "Məsələn, icra başçılarının bəziləri elə düşünürlər ki, onlar hələ postlarında təzədirlər və onlara hələ 5 il toxunan olmayacaq. Bu, kökündən yanlış fikirdir. Bunun əıksini sübutlayan yetərincə sübutlar var. Qalmaqalla yola salınan Şəkinin icra başçısı olmuş Murad Cabbarov heç 2 il mövqeyində duruş gətirə bilmədi".

Mənbə dia.az-a bildirir ki, yeni təyin olunan icra başçılarından biri - Yasamalın rəhbəri Elşad Həsənov, Ağstafanın icra başçısı Seymur Orucov əslində karyeralarında təzə olmasalar da, özlərini yetərincə naşı fiqur kimi aparmaqdadırlar: "Onlar əslində əvvəlki görəvlərində (biri YAP məktəbi keçib, digəri də Milli Məclisdə yetərincə təcrübə toplaya bilərdi) təcrübə toplamalı idilər. Amma görünür ki, hər zaman himayə altında olublar, onların qüsurları ört-basdır edilib. İndi isə media güzgüsünə daha da yaxın olduğundan barələrində neqativlər də operativ şəkildə ictimailəşir. Bu isə yeni bir icra başçısı üçün olduqca mənfi haldır. Elə bir vəziyyət yetişə bilər ki, onları hətta himayədarları belə qurtara bilməz. Hətta onlara postunda yeni olması faktoru da kömək etməz".

Mənbənin iddialarına görə, artıq Elşad Həsənovla Seymur Orucovun barəsindəki neqativ rəylər "yuxarıların" da diqqətini cəlb edib.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin fikirlərini dinləməyə hazırıq...