Naxçıvan polisi qətl hadisəsinin üstünü açdığı üçün cəzalandırılır – “Dərəbəylik” qanunlarına əsasən

Gündəm / Aktual
8-08-2022, 20:14 162


Naxçıvan MR-ın Şərur rayonunun Püsyan kəndində baş verən bir qətl hadisəsinin üstü açılıb.

Tereqqi.az bildirir ki, Ovqat.com-un məlumatına görə, qatili hadisə yerinə yaxın yerdə quraşdırılmış kameraya düşməsindən müəyyənləşdirmək mümkün olub.

Maraqlıdır ki, hadisənin üstünü açan polislər bir müddətdən sonra necə böyük səhvə yol verdiklərini anlayıblar. Zira bu hadisədən sonra kameraların cinayətkarı müəyyənləşdirməkdə bənzərsiz rolunu kəşf edən Muxtar Respublika DİN yeni şifahi təlimat hazırlayıb. Təlimatda bütün polislərdən nəzarət etdikləri ərazilərdə kamera quraşdırılması tələb olunur. Üstəlik, bu kameralar polislərin şəxsi vəsaiti hesabına quraşdırılmalıdır. Cəmi 600 manat civarında maaş alan və ayın yarısını qarnıtox, digər yarısını ac keçirən polislər onlardan tələb olunan kameraları hansı vəsaitlə alacaqlarını bilmirlər. “Kameranın 1-i 400 manata başa gəlir. Biz aldığımız 600 manatın 400 manatını kameraya versək, onda uşaqlarımızın zəruri ehtiyaclarını necə qarşılayaq?” - adının açıqlanmasını istəməyən polis əməkdaşı müxbirimizlə söhbətində belə deyib.

Şikayətçinin dediyinə görə, etirazçı asayiş keşikçiləri ilə polis polkovnik-leytenantı Nəsib İsmayılov görüşüb. Rəis də onların bu sualına qaneedici cavab verməyib. Polislərə kamera almalarının şərt olduğunu bildirməklə kifayətlənib.

Odur ki, beyinlərini qurcalayan bu suala cavab tapa bilməyən polislər cinayətin üstünü açmalarına əməlli-başlı peşman olublar.

Etibarlı mənbələrdən aldığımız digər məlumata görə, Naxçıvan MR DİN-də Azərbaycan Polis Akademiyası məzunlarının “ov”u davam edir. Muxtar Respublikanın 54 ballıq Orta İxtisas Polis məktəbinin yetirmələrinin yerləşdirilməsi üçün həyata keçirilən bu “ov”un növbəti qurbanı Kəngərli rayonu Polis İdarəsinin Tuncay adlı sahə inspektorudur. Polis baş leytenantı olan Tuncay Naxçıvan DİN-nin sərt və məntiqsiz tələblərinə dözə bilmədiyindən işdən ayrılmağa qərar verib. İstefa ərizəsi isə qəbul olunmayıb. Bir neçə gün əvvəl Tuncayı nazirliyə çağıran rəhbərlik onun diqqətinə Naxçıvan MR DİN-nin dərəbəylik qanunu çatdırıblar: “Burda öz xoşunla işdən çıxma yoxdur. Bu xəyala düşənlər ancaq şəxsi işlərinə “xidmətə yararsız” maddəsi yazılaraq qovula bilərlər”. Yəni Naxçıvan MR DİN-nin yazılmamış dərəbəylik qanununda işdən normal çıxmaq yoxdur, qovulmaq var, vəssəlam, şüttəmam.

Əslində Azərbaycan Polis Akademiyasını bitirən polislərlə işləmək Naxçıvan “Dərəbəylik” Respublikasının DİN-nin də maraqlarına uyğun deyil. Rəhbərlik onlara Bakının casusu kimi baxır və gözümçıxdıya salaraq işdən qovulmaları üçün zəmin hazırlayır. Çünki Naxçıvan MR-ın öz Orta İxtisas Polis Məktəbi var və bu məktəb hər il 54 ballıq 30 yerli kadr yetişdirir. Həmin yerli kadrların işlə təmin olunması üçün isə mütləq eyni sayda polis işdən qovulmalıdır. Onların da böyük əksəriyyəti Azərbaycan Polis Akademiyasının məzunları olur. Akademiya məzunları niyə onların normal qaydada ərizələrinin qəbul olunmamasını isə anlaya bilmirlər. Görünür, Naxçıvan MR DİN Azərbaycan Polis Akademiyasının ancaq “xidmətə yararsız” mütəxəssis yetişdirdiyini rəsmi Bakıya sübut etmək niyyətindədir.

Məlumata görə, dünən Naxçıvan Orta İxtisas Polis Məktəbinin 20 məzunu artıq işlə təmin olunub. Onlardan 12 nəfəri Şərura, 1 nəfəri Kəngərliyə, 1 nəfəri Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli bölməsinə, 4 nəfəri Culfaya, 2 nəfəri isə Ordubada təyinat alıb. Qalan 10 nəfərin təyinatı üçün isə Akademiya məzunlarının səbri sınağa çəkilir. Yəqin ki, yaxın zamanlarda bu səbr imtahanından üzü ağ çıxmayanlar olacaq və digər 10 nəfər yerli “mütəxəssis” həmin qurbanları əvəzləyəcək.

Qəribədir ki, Muxtar Respublikanın ən qələbəlik yaşayış yeri Naxçıvan şəhəridir. Nədənsə, şəhər polisinə 1, Şərur rayonuna isə 12 polis təyin olunub. Həmsöhbətimiz bunu Polis Akademiyasının məzunlarının əsasən Şərur rayonuna göndərilməsi ilə izah etdi. Onun fikrincə, Şərur rayonu Naxçıvan şəhərində yaşayan polislər üçün cəza batalyonu hesab olunub. Akademiya məzunlarından kimi işdən çıxarmaq istəyiblərsə, Şərura göndəriblər. Onlar da bu cəza batalyonunda duruş gətirə bilməyib şəxsi işi korlanaraq işdən qovulublar. İndi həmin yerlərə 54 ballıq polislər təyin olunsa da, bir müddətdən sonra bu “bəxtəvərlər” Akademiya məzunları ilə əvəz olunacaqlar. Və beləcə Muxtar Respublikanın Dərəbəylik qanunu illərdir dəyişilməyən nizamında işləyəcək.