Paşinyan özü Şahramanyana Azərbaycanın bütün tələblərini dərhal icra etməyi tapşırıb... - “Hraparak”
Dünya
24-10-2023, 15:30
538
Ermənistan hakimiyyəti fəaliyyətini İrəvanda davam etdirməyə çalışan, Rusiyanın himayəsi və dəstəyi altında Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında 32 ildən çox separatizm və işğalçılıqla məşğul olmuş separatçı-terrorçu rejimin sonuncu üzdəniraq “prezidenti” Samvel Şahramanyanı həmin rejimin “təslim olması və ləğvi haqqında fərmanı imzalamaqda ittiham etsə də, ictimaiyyəti Paşinyanın bu qərarla heç bir əlaqəsi olmadığına, hətta onun bundan xəbərsiz olduğuna inandırmağa çalışır”.
Bunu səhər saatlarında “Hraparak” nəşri yazır.
“Lakin rəsmi mənbələr Nikol Paşinyanın bundan şəxsən xəbərdar olması haqda başqa təfərrüatları bildirir. O, həmin fərmanın mətni ilə tanış olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- deyə davamında Ermənistan qəzeti bildirir.
Erməni nəşri onu da əlavə edir ki, Azərbaycan tərəfi separatçı-terrorçu rejimin buraxılması, yəni qondarma “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini Xankəndindəki “rəhbərliyə” çatdırandan sonra Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə əlaqə saxlayıb.
“MTX direktoru Armen Abazyanın vasitəçiliyi ilə Şahramanyanın Paşinyanla telefon danışığı olub və baş nazir ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”,- erməni nəşri belə yazır.
Moderator.az