Şah Taley Alaverdiyevlə Pənah Kərimovdur, qanun şah deyil: “Sahil - S İnşaat” MTK rəhbərliyi niyə həbs edilmir?

Gündəm / Seçilmişlər
28-03-2022, 10:25 180

Bakıda 2010-2012-ci illərin rüzgarı yenidən əsməkdədir. Həmin dövrdə şəhərdə kimə daş atsan, gedib fırıldaqçı tikinti firmasına dəyirdi. O zamanlar bəlkə də minlərlə payçı mənzil dələduzluğunun qurbanı olmuşdu.

Və az qala hər gün Prezident Sarayı qarşısında aksiyalar keçirilir, bu cinayətlərə son qoyulması tələb olunurdu. Bəs, o dönəmdə dələduz tikinti maqnatları kimləriydi – “Gen” MMC, “Mur-Ay” MMC, “Oskar” MMC və s.

Sonra dövlət bu işə əl qoydu, fırıldaqçıların hamısını bir-bir içəri saldılar, aldadılanların məsələsi əsasən biznesmen Şərurlu İsfəndiyara tapşırıldı, o da qiyməti artırıb mənzillər satmaqla problemi pis-yaxşı yoluna qoymağa başladı. Bununla da uzun müddət paytaxtda fırıldaqçı tikinti şirkətləri qəhətə çıxdılar.

Çünki həbs edilənlərə cəzalar ağır verilmişdi, kimisi 13, kimisi 15 il azadlıqdan məhrum edilmişdi. Üstəlik, dövlət maraqlıydı ki, etibarlı firmalar olsun, insanlar kredit ödənişi edərək mənzil sahibi olsunlar. Amma axır illərdə yenə göbələk kimi belələri artmağa başlayıb.
Anaxeber.info bildirir ki, onların sırasında Yeni Günəşlidə “Sahil - S İnşaat” MTK, Xırdalanda “Proqress 2016” MTK, Təbriz küçəsində “Sipark İnşaat”, həmçinin Şərifzadə küçəsində “İnşaat Konstruksiyaları” MMC kimi firmaları göstərmək olar. Sözügedən şirkətlərin adların son dövrlər ən çox şikayət edilən MTK-lar arasında hallanır. Onlar vətəndaşların mənzillərini vermir, pullarını qaytarmır, insanları əsir-yesir edib, özləri azadlıqda rahat gəzirlər.

Xüsusən də Yeni Günəşlidə Sahil - S İnşaat” MTK-nin yol verdiyi dələduzluğun miqyası daha genişdir. Çünki bu şirkət 200-ə yaxın ailəni aldadıb. Firmanın rəhbəri Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, o cümlədən onların yan-yörəsində dolaşan “makler” şəbəkəsi bu fırıldağın başında dayanırlar.

Nəticədə 200-ə yaxın ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır - bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır.

Əvəzində isə Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, həmçinin “mafioz makler” dəstəsi heç bir məsuliyyət daşımadan, sanki belə də olmalıymış kimi, azad-arxayın gəzirlər. Baxmayaraq ki, haqqı pozulan sakinlər dəfələrlə Prezident Adminstrasiyasına gedib, Baş Prokurorluğa müraciət edib, onlarla məktublar ünvanlayıb. Amma çi fayda?! Görünür, bir-iki fırıldaqçı dövlətin ali orqanlarına, qanunlarına üstün gəlməyi bacarır.

Belə çıxır ki, qanun şah deyil, şah Taley Alaverdiyevlə şəriki Pənah Kərimovdur. Əks təqdirdə onların qolun qandal vurub həbsə göndərməliydilər. Lakin nədənsə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaq hərəkətlərini donmuş formada saxlayıb. Hərçənd Baş Prokurorluq nümayəndəsi Real TV-yə demişdi ki, “Sahil S İnşaat” MTK-nın rəhbər şəxsləri barəsində cinayət işi açılıb, iş nəzarətimizdədir, istintaqın nəticəsi açıqlanacaq. Amma nə istintaq başa çatır, nə şirkətin sahibləri sakinlərlə görüşə gəlib problemdən çıxış yolu göstərir, nə həmin binada inşa işləri aparılır.

Qeyd edək ki, həmin bina Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşir. 200-ə yaxın ailə “Sahil S İnşaat” MTK ilə müqavilə bağlayıb mənzillər alıb, kimisi ilkin ödəniş edib kredit verib, kimisi nağd alıb və bu qədər insan, onların ailələri, övladları sevinib ki, nəhayət, kirayə həyatı bitir, öz şəxsi evləri olacaq. Ancaq necə deyərlər, sən saydığını say, gör Taley Alaverdiyevlə şəriki Pənah Kərimov nə sayır...

Bu şəxslər vətəndaşların önünə çıxıb heç bir aydınlıq gətirmirlər. Sadəcə, ilk vaxtlarda söz veriblər ki, guya problemi yoluna qoyacaqlar. Amma bu da sakinlərin “başının altına yastıq qoymaq” məqsədi güdüb.

İndisə növbə prokurorluğundur. Axı bir tikinti şirkəti rəhbərinə qarşı niyə qəti, ciddi tədbirlər görülmür? Maraq nədən ibarətdir? Bu şəxsləri qoruyan kimlərdir, onları arxayın edən səbəblər nədir? İlk dəfə belə iradəsizlik və qətiyyətsizlik nümayiş etdirilir.

Hərgah, şirkətin hər iki vəzifəlisini həbsə göndərmək və məhkəmə qərarı ilə həbs qətiimkan tədbiri seçilməsinə nail olunmalıdır. Ölkədə bir fiziki şəxsə qarşı 100 manat dələduzluq, yaxud quldurluq etmiş cinayətkarı dərhal həbs edirlər, amma 200-dək ailə iki nəfərin əlində qalıb...

Anaxeber.info