Nizam Osmanov NECƏ QURTULDU? - İDDİA

Gündəm / Seçilmişlər
5-04-2022, 09:11 186


Azərbaycan Müdafiə Nazirliyi sistemində son 1 ildə baş verən həbslər son 30 illik müstəqillik dövrümüzdə olmayıb.
İlkin olaraq onu qeyd edək ki, 44 günlük Zəfər qələbəsindən sonra Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov, sonra isə ona yaxın olan general Xaqani Cəbrayılov zərərsizləşdirildi və Müdafiə Nazirliyi sistemindən uzaqlaşdırıldı.
Bu generalların biznes şəbəkəsi, mal-qara ferması, hərbi hissələrdəki mağazaları, 10 milyonluq villaları, MAXE biznesi, Müdafiə Nazirliyi sistemindəki maxinasiyaları barədə uzun-uzadı yazmağa ehtiyac hiss etmirik.
Onsuz da son bir ildə bunların barəsində ölkə mediasında kifayət qədər yazılıb.
Ancaq bu iki generalın məsələsi ANONS oldu ki, Müdafiə Nazirliyi sistemində ciddi təmizləmə prosesinə start verilib.
Sonrakı mərhələdə daha ciddi faktlar ortaya çıxdı.

Belə ki, Müdafiə Nazirliyinin generalı 80 milyon mənimsəməyə görə, həbs olundu.
Bəli, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu. General-mayor Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.
Təsəvvür edirsiniz, Müdafiə Nazirliyinin Maliyyə idarəsinin rəisi 81 milyon manatı mənimsəyib, amma bundan nazirin xəbəri olmayıb..?
Buna heç dağda qoyun otaran çobanı da inandırmaq olmaz.
Axı, heç bir qurumda Maliyyə İdarəsinin rəisinin möhürü-peçatı olmur, cənablar…
Nazir, o boyda “summa”nın mənimsənilməsindən necə bixəbər ola bilərdi ki…
Hələ bu harasıdır ?
Növbəti xəbəri təqdim edirik:
Sonra Maliyyə İdarəsinin şöbə müdiri Rafael Xəlilov 10 milyon manat mənimsəməyə görə həbs olundu.
Daha sonra Bakı Hərbi Məhkəməsinin qərarı ilə Müdafiə Nazirliyinin QURU Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Bu siyahını kifayət qədər uzatmaq olar.
Yaxşı bütün bunlar ortada olduğu halda MN-nin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanov niyə HƏBS olunmur ?
Axı, həbs olunan şəxslər Nizam Osmanovla müqayisədə xırda fiqurlardır.
Belə ki, biz Gündəlik-Bakı olaraq neçə illərdir ki, Müdafiə Nazirliyində baş verən rüşvət və korrupsiya əməlləri ilə bağlı konkret olaraq faktlara söykənən araşdırma yazıları dərc etmişik.
Əlbəttə, biz 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni faşistlərdən azad edən ordumuzla fəxr edirik, amma...
Əmması odur ki, Gündəlik-Bakı 15 ilə yaxındır ki, Müdafiə Nazirliyi sistemində olan korrupsiya əməllərindən yazır.
Biz bir media olaraq neçə illərdir yazırıq ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi dövlətin hərbçilərimiz üçün ayırdığı milyonları mənimsəyir, hərbçilər illərlə mənzil növbəsi gözləyir, amma orduya heç bir dəxli olmayan şəxslər mənzil alır...
Biz Gündəlik-Bakı olaraq MN-nin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun, onun müavini olmuş, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanovun əməllərindən kifayət qədər yazmışıq.
Son vaxtlar haqqında yazdığımız yüksək rütbəli hərbiçilər ya ordudan uzaqlaşdırılır, ya da həbs olunurlar.
Gündəlik-Bakı bu şəxslər barəsində yazanda bu şəxslərin barəsində yazmağa ciddi SENZURA qoyulmuşdu. Amma biz bir media olaraq yazırdıq...
Bəli, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev həbs olundu.
Bəs, Fikrət Mirzəyevin “şefi”, MN-nin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanov niyə həbs olunmur ?
Axı, Fikrət Mirzəyev Nizam Osmanovun icazəsi olmadan heç bir addım ata bilməzdi.
Bəli, hərbçilərin mənzil problemi üçün dövlətin ayırdığı milyonları mənimsəyən Nizam Osmanov olub. Fikrət Mirzəyev isə sadəcə, JEK rəisi olub.
İndi necə olur ki, Fikrət Mirzəyev həbs olunur, Nizam Osmanov isə nazir müavini, Baş idarənin rəisi vəzifəsində qalır..?
Yaxud Gündəlik-Bakının neçə illərdir ki, yazdığı Rəşad Quliyev niyə cəzasız qalmalıdır ?
Söhbət Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubunun ( MOİK ) sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyevdən gedir.
Bu adam MOİK-i uzun illər rüşvət və korrupsiya yuvasına çevirdi.
Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...və görün Rəşad Quliyev neçə milyonları qazanıb və orada hərbi xidmət keçən əsgərlərin kimlərin övladları olduğunu görəndə adamın tükləri biz-biz olur.
Sözün qısası, Rəşad Quliyev bu illər ərzində milyonlara sahib oldu. Sonradan onun vəzifəsi bir az da böyüdü və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır.
Bu illər ərzində Rəşad Quliyev qazandığı milyonlar hesabına milyonluq obyektlərə, mülklərə, bahalı mənzillərə, avtomobillərə sahib oldu.
Rəşad Quliyevin Badamdar qəsəbəsində 10 milyon dəyəri olan “Olive Garden” restoranı, villası var. Bəs Rəşad Quliyevi kim müdafiə edirdi? Kimdir Elxan Məcidov? Kimin adamı olub?
Elxan Məcidov Hərbi Dəniz Qüvvələrində serjant olub. Sonra Quru Qoşunlarında "praporşik" kimi fəaliyyətini davam etdirib. Onu 1992-ci ildən tanıyanlar deyir ki, Elxan Məcidovun heç bir hərbi təhsili yoxdur. Amma Nəcməddin Sadıqovun sağ əli olub. Müdafiə Nazirliyinin "MOİK" kimi məhşur hərbi hussəsinin kuratoru olub. Bütün əsgərlərin giriş-çıxışını Rəşad Quliyevin dövründə Elxan Məcidov tənzimləyib. İri pulların hesabatı Nəcməddin Sadıqovun tapşırığı ilə Rəşad Quliyevlə Elxan Məcidovun arasında aparılıb. Ona görə də Elxan Məcidovun obyektləri Şüvəlandan Qubaya, Xaçmaza, Bakının mərkəzi rayonlarına gedib çatır. Bu haqda növbəti sayımızda.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//