Tofiq Bəhrəmovun heykəlini kim və niyə "gizlədib"?.. - MÜƏMMA
Gündəm / İdman
3-06-2022, 13:06
410
Azərbaycan futbolunun yaranmasından 111 il keçməsinə baxmayaraq, ölkədə gəncliyə və idmana, eyni zamanda bu sahədə ad-san ucaldıb dünyasını dəyişmiş bir çox tanınmış azərbaycanlı simalara, onların xatirələrinə qənim kəsilmiş, onların varlığını əks etdirən ən kiçik xatirəyə belə dözüm göstərə bilməyən qurumlar, o qurumların rəhbərləri var.
“Azərbaycanda futbol yoxdur” fikri sosial bir fikirdir, bunu bəlkə də ölkənin yarısı deyir. Haqq vermək olar. Amma bu fikri suala çevirib, “Axı, Azərbaycanda futbol niyə yoxdur?” deyə düşünsək, ağlımıza bir-birindən fərqli fikirlər gələcək. Məsələn, mən bu sualı düşünəndə, ilk olaraq, AFFA Prezidenti Rövnəq Abdullayevin o məşhur və kobud ifadəsi ağlıma gəlir: “Kim istəyirsə, pul verib stadiona lap dədəsinin adını qoysun”. Federasiya prezidentindən çox özünü biznesmen kimi aparıb ölkə futboluna da yalnız biznes kimi yanaşanların rəhbərlik etdiyi ölkə futbolunda hansısa irəliləyişin, inkişafın olacağını düşünmək ağılsızlıq olardı.
Bəli, pulunu verib, hara istəsə, dədəsinin adını qoymaq, Azərbaycana yad bir adət-ənənə deyil. Bu gün bir çox yerdə bu ifadənin acı da olsa, real şahidləri ola bilirik. Deməli, hər şey pulun başındadır. Ancaq görünür, bu pul, var-dövlət Tofiq Bəhrəmov adına Respublika Stadionunun adını dəyişdirə bilməyib, ancaq onun acığını rəhmətlik Tofiq Bəhrəmovun heykəlindən çıxıb. Yaxşı, sual yaranır ki, bir zamanlar stadionun arenasında olan bu heykəl kimin, yaxud kimlərin gözünə batdı ki, onu arenadan götürüb, gözdən-könüldən uzaq bir yerə apardılar? Ya da kimin "rəhmətlik" dədəsini narahat etdi?
Gənclik metrosunun yaxınlığında, “Gənclik Mall”ın arxasında yerləşən Tofiq Bəhrəmov adına Respublika Stadionunun arenasında bir zamanlar adını daşıdığı məşhur azərbaycanlı futbol hakiminin heykəli yerləşirdi. Stadiona gələn xarici və yerli izləyicilər, o cümlədən başqa futbol azarkeşləri bu heykəllə şəkillər çəkdirər, onun kimliyi ilə maraqlanardılar. Ancaq bir neçə ildir ki, həmin heykəlin yeri dəyişdirilib – stadiondan iki yüz metr aralıda - arenanın inzibati binası ilə stadionun idman sarayının qarşısında yerləşdirilib. Stadionun önü isə maşın parklama yerinə çevrilib, ətrafdakı insanlardan heykəl barədə soruşduqda, ya bilmirlər, ya da “buralarda bir heykəl olmalıdır, ancaq dəqiq bilmirəm” deyə cavab verirlər. Daha sonra aydın olur ki, həmin heykəl “buralarda” yox, stadiondan nə qədər aralıda, aidiyyəti olmayan bir yerdədir.
Qəribədir ki, ölkədə heykələ, ümumiyyətlə, mədəniyyət abidələrinə qarşı ciddi bir soyqırım baş verir. Tofiq Bəhrəmovun heykəlindən tutmuş, Hacı Zeynəlabidinin heykəlinə qədər, “Şuşa” kinoteatrından tutmuş, “Bakı” kinoteatrnadək bir çox mədəniyyət abidələrinə qarşı ölkənin aidiyyəti qurumları tərəfindən ciddi bir laqeydlik, məsuliyyətsizlik var və bu, getdikcə artır. Məsələn, Atatürk prospektində yerləşən “Şuşa” kinoteatrı və bu stadion Binəqədi rayonu İcra Hakimiyyətinin ərazisi daxilindədir, ancaq bu abidələrdən, mədəniyyət binalarından icra başçısının bəlkə də xəbəri yoxdur. Olsa belə, bəhanə odur ki, bu sahəyə ancaq Mədəniyyət Nazirliyi baxmalıdır, onlarlıq bir şey yoxdur. Nazirlik isə 15-20 il öncə qərara alınmış, ancaq indi mürəkkəbi solub getmiş hansısa “sərəncam”a dayanaraq belə problemlərin həllini öz boynundan atır.
Elə bu heykəl skandalı fonunda öz dədəsini, nəsil-kökünü, əcdadını ölkənin milli-mənəvi dəyərlərindən qabağa salan, öz ad-sanı, şöhrəti uğruna ölkənin fundamental dəyərləri üzərinə xətt çəkən, cəmiyyəti tapdalayıb keçən bir ovuc məmur-oliqarx tayfası bu gün Azərbaycana Qarabağdakı qanunsuz silahlı birləşmələrdən daha çox ziyan verir, ölkə mədəniyyətini, cəmiyyətini mənəvi terrora məruz qoyur, nəzarətsizlikdən, özbaşınalıqdan qida mənbəyi kimi istifadə edirlər. Görünən odur ki, bu, elə belə də davam edəcək, özümüzü niyə aldadaq ki?..
Mətin Şükürlü, Bizimyol.info