Kürdəmirdə Qarabağ Qazisinə torpaq tapılmır... - MÜRACİƏT

Gündəm / Sosial
28-07-2022, 11:01 171


“Müharibədə ciddi yara almamışam, ancaq psixologiyam pozulub, gərginəm. Ağır işlərdə çalışa, gecələr rahat yata bilmirəm. Tək istəyim doğulub, boya-başa çatdığım kənddə 3-4 sort torpaqdır, əkin-biçinlə məşğul olum, ailəmi dolandıra bilim”. Bunu Meydan TV-yə İkinci Qarabağ Müharibəsi iştirakçısı Royal Şahin oğlu Cəbiyev deyib. Onun sözlərinə görə, Kürdəmir rayonu, Qarabucaq kəndində doğulub, valideynləri orada yaşayır.

“Mən Sabirabad rayonunda qeydiyyatdayam. Burada Rusiyada yaşayan əmimin evində müvəqqəti məskunlaşmışam. Elə buradan da cəbhəyə getmişəm”,-Cəbiyev deyib. Şikayətçi qeyd edib ki, kəndə qayıdıb atasının köməyi ilə əkin işləri ilə məşğul olmaq istəyir. Lakin bələdiyyə həmin kənddə qeydiyyatda olmadığını əsas gətirərək torpaq sahəsi vermək istəmir:

“Hazırda azad olunmuş ərazilərimizdən birində fəhlə işləyirəm, azyaşlı övladım var, onun üzünü 15 gündən bir görürəm. İstəyirəm ki, övladım yanımda, gözümün qarşısında böyüsün. Sabirabadda iş tapmaq çətindir, üstəlik, öz kəndimizdə yaxınlarımın yanında yaşamaq istəyirəm”.

Kürdəmirin Qarabucaq kəndi rayon mərkəzindən 18 km aralıqda yerləşir. Kənddə orta hesabla 90-a yaxın ailə, 500-ə yaxın sakin yaşayır. Kəndlilərin əsas dolanışığı əkin-biçindən çıxır.

Kənd bələdiyyəsinin sədri Dilarə Kərimova Meydan TV-yə bildirib ki, Röyal Cəbiyevin atası oğlu üçün torpaq sahəsi ilə bağlı müraciət edib. Ancaq kənddə boş sahə qalmayııb, əkinə yararlı torpaqlar icarəyə verilib:

“Kiminsə icarə müddəti bitsə, sahə onlara veriləcək. Hələlik gözləmələrini tövsiyə etmişik”.