"Eyni simalar, eyni adamlar efiri zəbt ediblər, bunu mən yox, tamaşaçılar deyir..." - ETİRAZ

Gündəm / Ölkə
5-10-2022, 10:09 166


“Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat nəticəsində oğullarımız şəhid oldu. Vətənimiz uğrunda şəhid olan bütün oğullarımıza Allahdan rəhmət diləyirəm! Onların valideynlərinin qarşısında baş əyirəm. Biz bu gün də müharibə şəraitində yaşayırıq. Musiqiçilər, sənətçilər hər zaman çalışıblar ki, əsgərləri daha da ruhlandırsınlar, döyüş əhval-ruhiyyələrini artırsınlar. Hər bir müğənninin də borcudur ki, səngərdə, cəbhə bölgələrində əsgərlərimizə dəstək olsunlar”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Simarə İmanova deyib. O daha sonra əlavə edib.

“Gənc yaşlarımda sənətə gələndə tanınmağı, şan-şöhrəti düşünmürdüm. O vaxt ümumiyyətlə sənət adamlarında belə bir fikir yox idi. Ancaq fikrimiz, amalımız sənəti öyrənmək, öz üzərimizdə işləmək idi. Amma indi sənətə gələn kimi hamı tanınmaq, pul qazanmaq istəyir. Artıq sənət 2-ci, 3-cü planda qalır. Tələbələrimə də deyirəm ki, çalışın sənət öyrənin, siz artıq tanınanda vaxtınız olmayacaq, sonra heyfslənəcəksiniz ki, günləriniz boş-boşuna gedib” deyə sənətkar bildirib.

Xalq artisti efirlərdən də danışıb.

“Televiziyalar, aparıcılar bizim milli musiqimizə, muğamlarımıza elə dəyər verməlidirlər ki, bu bizdən sonra gələn nəsillərə də nümunə olmalıdır. Efir xatirinə efirə çıxmaq lazım deyil. Mən qalmaqalla gündəm olub sənətə gəlməmişəm. Mən Allaha şükür, sənətim var, dövlətim mənə dəyər verir, fəxri ad verib. Eyni simalar, eyni adamlar efiri zəbt ediblər. O qədər dəyərli sənətkarlarımız var ki, yaxşı olardı ki, onlar da efirlərdə görünsün. Bunu mən yox, tamaşaçılar deyir. Elə verilişlər var ki, mən heç onlara getmək istəmirəm” deyə sənətkar bildirib.

Simarə İmanova plastik əməliyyatlardan da danışıb.

“Xanım hər zaman baxımlı, gözəl olmalıdır. Mənə elə gəlir ki, xanımlar yaşa dolduqca onların üzünə nur gəlir. Həqiqətən də bizim xanımlar baxımlıdırlar. Eşidirəm ki, filankəs plastik əməliyyat keçirib. Mən belə şeylərdən qorxuram. Allahın verdiyi simanı dəyişdirmək düzgün olmaz” deyə xanəndə bildirib.