Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... - NƏLƏR BAŞ VERİR?

Gündəm / Bölgə / Aktual
31-10-2022, 11:29 142


Naxçıvan MR Səhiyyə Nazirliyinin qapısı ağzında müfəttişlər peyda olar-olmaz nazir Niyazi Novruzovun "xəstəliyi" tutub. Dərhal əlinə qələm alıb ərizə yazmağa başlayıb. Ərizəsində bildirib ki, səhhətində meydana gələn problemlərlə əlaqədar işdən çıxmaq istəyir.

Tereqqi.az bildirir ki, Ovqat.com-a bu barədə məlumatı Naxçıvan Respublika Xəstəxanasındakı mənbə verib.

Mənbənin iddiasına görə, müfəttişlər Niyazi həkimə «xəstələnməyə» hələ tələsməməsini və yoxlamaların nəticəsini gözləməsini məsləhət görüblər: «Əgər o, bu təftişdən "salamat" çıxa bilsə, istefa ərizəsini yazıb-yazmamağa özü qərar verə bilər. İşdir, şayət, şər deməsən, xeyir gəlməz, bu yoxlamalardan "salamat" çıxmasa, ərizə yox, izahat və ya ifadə yazmalı olacaq.

Deyilənlərə inansaq, yoxlamaların ilkin nəticəsi Niyazi həkimin vəziyyətinin ərizəlik olmadığını göstərir. Onun rəhbərlik etdiyi sahədə inanılmayacaq səviyyədə qanunsuzluqlar aşkarlanıb. Ən çox şübhə doğuran məqam isə sağlamlıq sığortası ilə bağlı olub.

Digər bənzər hadisə isə Naxçıvan MR Maliyyə Nazirliyində yaşanıb. Amma Niyazi həkimdən fərqli olaraq, Rafael Əliyevin ürəyi həqiqətən də sözünə baxmayıb.

İddialara görə, Naxçıvan Maliyyə Nazirliyində aparılan yoxlamalar zamanı məlum olub ki, nazir Rafael Əliyev korrupsiyada iştirak edib. Bunu binəva nazirin özünə də deyiblər. «Korrupsiya» sözünü eşidər-eşitməz, Rafael Əliyevin səhhəti pisləşib. Dərd burasındadır ki, onun bəxti Naxçıvan MR DGK-da aparılan yoxlamalarda da gətirməyib. Yoxlamalar zamanı müəyyənləşdirilib ki, Rafael Əliyev bu komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışarkən də korrupsiya ilə məşğul imiş. Qeyd edək ki, Rafael Əliyev 2020-ci ilin avqust ayına qədər Naxçıvan DGK-da işləyirdi. Bu dövrdə Rafael müəllim MR Dövlət Gömrük Komitəsinin xüsusi vəsaiti hesabına yığılan pulları elə həzmi-rabedən keçirirmiş ki, barəsində yayılan müxtəlif əfasanələr indiyədək köhnə iş yoldaşlarının dillərində dolaşır. Bu söz-söhbətə inansaq, Rafael müəllim öz ev əşyalarını belə Naxçıvan MR DGK-nin hesabına rəsmiləşdiribmiş. Hətta bu gün evində istifadə etdiyi unitazı da. Özü də unitazı neçəyə rəsmiləşdirsə yaxşıdır? - 1800 manata. Hər gün dövlətin 1800 manatlıq vəsaitini ən azı bir dəfə murdarlayan şəxsin indi «korrupsiya» adını eşidən kimi ürəktutmasına düşməsi bu mənada təəccüblü olmasa gərək. Görünür, onun gömrük sistemindəki korrupsioner bacarığı Ali Məclis sədri Vasif Talıbovu elə məftun edib ki, bu qabiliyyətdə olan bir təbərrük kadrın kiçik vəzifədə zay olmasını istəməyən «xan» həzrətləri Rafael Əliyevi 2020-ci ilin 19 avqustunda imzaladığı fərmanla Maliyyə naziri vəzifəsinə gətirib.

Vasif Talıbovun digər təbərrük kadrı, daha doğrusu, baş təbərrükü Azər Zeynalov barəsində də «ürəkağrıdıcı» məlumatlar gəlməkdədir. İddialara görə, həmkarı arasında «xan həzrətlərinin boz kardinalı» ünüylə məşhur olan Azər Zeynalovun sələhiyyətləri dondurulub. Onun ürəktutma krizisinə girib-girmədiyi barədə heç bir məlumat yoxdur. Amma «baş təbərrük»ün ya sərəncama göndəriləcəyi, ya da «öz xoşuyla» istefa verəcəyi gözlənilir.

Bu hələ Azər Zeynalov üçün sonun başlanğıcı da ola bilər. «Boz kardinal»ın qoluna qandal vurulması ehtimalı da masadadır. Naxçıvanda bütün korrupsiya və rüşvət mexanizminin başında dayanan, bir kəlməsi ilə iş adamlarından tutmuş xalq artistlərinə qədər hər kəsin taleyini dəyişdirən Azər Zeynalovun hətta ifadə verməsi üçün Bakıya dəvət olunduğu da gələn iddialar arasındadır. Niyə məhz Bakıya? Mənbəmizin bildirdiyinə görə, bu sualın bir neçə cavabı var. Ən inandırıcı cavab isə Azər Zeynalovdan Bakıda «xan» əleyhinə ifadə almaq ehtimalıdır. Görünür, bu adamın barəsində hələ də son qərarın verilməməsi Bakıdakı istintaqa nə dərəcədə doğru məlumat verib-verməməsinin araşdırılması ilə bağlıdır. «Boz kardinal»ın «xan» həzrətlərini Bakıda satıb-satmadığı, yəqin ki, yaxın zamanlarda aydınlaşacaq. Amma su boğazına çıxanda meymunların öz balalarını ayaqlarının altına aldığını nəzərə alsaq, «Boz kardinal»ın meymundan daha ağılsız olmadığını düşünmək üçün kifayət qədər əsas var. Üstəlik, «xan» onun balası da deyil.

Digər bir məlumata görə, yoxlamalar artıq Naxçıvanın mərkəzindən rayonlara keçib. Yoxlamalardan sonra Naxçıvandakı bütün strukturlarda ciddi dəyişikliklərin aparılması gözlənilir. Dəyişikliklər yalnız Əlinin papağının Vəlinin başına qoymaqla da tamamlanmayacaq. Bütün dövlət qurumlarında struktur dəyişikliklərinin aparılması planlaşdırılıb. Deyilənlərə görə, əsas dəyişikliklər bütün qurumların mərkəzi hakimiyyətə bağlanması ilə əlaqədar olacaq. Artıq Dövlət Təhlükəsizlik Xidmətində bu struktur dəyişikliyi baş verib. Naxçıvan MR DTX-sı ləğv olunub, yerində Azərbaycan DTX-nın Naxçıvandakı Bas İdarəsi yaradılıb. Hətta Baş İdarənin yeni adının lövhəsinin hazırlandığı, tezliklə onun qapısına yapışdırılacağı iddia olunur.

Digər güc strukturları, o cümlədən DİN, Miqrasiya və Ədliyyə sistemində də yoxlamalar aparılır və tezliklə Naxçıvan DTX-nın başına gələnlərin həmin qurumlarda da yaşanacağı bildirilir.