Samuxda vətəndaşı dinləyən yoxdur... - MÜRACİƏT

Gündəm / Video
11-11-2022, 09:54 171


Samux rayonunun Sarıqamış kəndi işıqsızdır. Sarıqamış elektrik enerjisi üzünə həsrət qalıb. Kənddə qustar üsulla elektrik dirəkləri quraşdırılıb. Bu üsulla quraşdırılan elektrik dirəkləri çətin hava şəraitinə tab gətirmədiyindən sakinlər çətinlik çəkir.

Külək əsən kimi 180 evli Sarıqamışın 40-a yaxın ailəsi işıqsız qalır. Sarıqamış kəndində mövcud olan elektrik dirəkləri 90-cı illərin əvvəllərində quraşdırılıb. O gündən bu yana eyni dirəklərdir. Yararsız elektrik xətti sakinlərin məişət avadanlıqlarını sıradan çıxarır.

Kənd sakini Eşqin Ələkbərov deyir: İşıq dirəklərimiz aşıb, işıqsız qalmışıq, baxan yoxdur. İcra nümayəndəsi və işıq idarəsindən gəlib baxıblar, ortaya bir iş qoymayıblar. Deyiblər işıq dirəyi gətirib basdıracağıq, gətirməyiblər.

Digər kənd sakini Əziz Yusifov isə belə deyir: O vaxtı öz hesabımıza çəkmişik, eləcə də qalıb. İndi sıradan çıxmış işıq xəttləri qaz borularının üstünə düşür. Bərbad gündədir, eləbil hörümçək torudur. Uşaqlarımız burada oynayır, məktəbə gedib-gəlirlər. Həyatları üçün təhlükəlidir. Biz dərdimizi kimə deyək? Gəlib baxırlar, deyirlər düzəldəcəyik, düzəltmirlər. Dövlətimizin hər şeyi var. Ancaq vətəndaşa baxan yoxdur.

Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Samux rayon Sarıqamış kənd İcra Nümayəndəliyinə. İcra nümayəndəsinin müavini Cavid Kazımov Belediyye.netə bildirdi ki, problemdən xəbərləri var, həlli ilə bağlı Samux rayon Elektrik Şəbəkəsinə məlumat verilib. Yaxın zamanlarda problem həllini tapacaq.

Müavin deyir ki, işıq idarəsinin xətti ilə kəndə işıq dirəyi artıq gətirilib, yaxın zamanda basdırılacaq.

Samux rayon Elektrik Şəbəkəsindən isə bildirilib ki, Sarıqamışdan başqa daha iki kənd elektrik dirəkləri və sip kabelllərlə təmin olunacaq. Layihənin icra olunması prosesinə bu ilin sonu, gələn ilin əvvəlindən başlanacaq.

Tereqqi.az mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir:
Samuxda vətəndaşı dinləyən yoxdur... - MÜRACİƏT