Sahibkar xanımın başına oyun açdılar... - TƏFƏRRÜAT

Gündəm / Texnologiya
14-11-2022, 10:23 67


Azərbaycanın ilk sahibkar xanımlarından olan Fatimə Ağamirzəyeva Alpan kəndində başına açılan oyunlardan yazıb. Bu barədə teref.az saytında məlumat verilir. Xanım sahibkar başına gələnləri belə nəql edir:

"Dostlar, mən 1988-ci ildən fəaliyyətdə olan Azərbaycanın ilk qadın sahibkarıyam. Müvəffəqiyyətlərim və gördüyüm işlər heç də az olmayıb. Hətta ən çətin şəraitlərdə belə...Lakin indi hərəkət eləmək heç mümkün deyil. Mən sizə bu dəfə bir sahəni deyəcəyəm və məsləhətlərinizə də ehtiyacım var və sonra ardıcıl olaraq nələrdə çətinliklərim olduğunu bölüşəcəyəm. Çünki arada həsəd bürüyür məni ki, tanıdığım xanımların güclü reklamı və bacarıqları tez-tez göstərilir. Görəsən, mənim beynəlxalq səviyyədə belə tanınmağıma baxmayaraq nəyə görə mən öz respublikamızda bacarıqsız görünürəm?!

Birinci - 2017-ci ildə ABŞ Səfirliyi və İqtisadiyyat Nazirliyinin birgə klaster layihəsi mənə tapşırıldı. Bu, Alpan kəndində qadınlar üçün Sənətkarlığı artırmaq və işə cəlb etmək üçün olan çox maraqlı bir layihə idi. Və biz həm bir qrup xanımı tədris etməli idik, həm də bina tikilməli idi. Binanın tikilişinə 3000 AZN xərcləməli idim, 75000 dollar səfirlik, qalan işləri isə bələdiyyə və ictimai şüra üzərinə götürməli idi. Bələdiyyə heç bir köməklik göstərmək istəmədi və hətta onun üzərinə düşən sənədləşmə işini bilərəkdən etmədi. İcmanın büdcəsi yox idi. O səbəbdən yük mənim və səfirliyin üzərində qaldı. Mənim özümdə olan iki böyük yük maşını quru taxta və içəridə olan dəzgahlar, xammal, stol-stullar, qapılar və digər xərclər mənim üzərimə düşdü ki, əvvəllər 42000 AZN hesabladılar, sonra isə onların bağladığı ikinci aktda azaldılaraq 34000 AZN düzəliş etdilər.
·
O vaxtadək ustaların öyrənilməsi üçün 5 növ texnoloq usta 3 ay müddətində maaşları, yol xərcliyi və yemək mənim üzərimə düşdü. Nə yaxşı ki, mən müəllimələrlə razılaşdıq ki, birdən bu pul mənə ödənilməsə, mən pulu tədricən, hissə-hissə ödəyərəm və belə də etdim. Dəzgahların quraşdırılması, xammalın alınması, sonradan işlə təmin etmək üçün ehtiyat xammal və bütün bunlar mənə 52000 AZN xərcləmək məcburiyyətində qoydu. Və 15 nəfər qadın çox yüksək səviyyədə xalça, kilim, verni, sumax texnologiyasını mənimsədilər və işə başladılar. Çox təntənəli açılış oldu. Səfirlik, nazir müavini, tanınmış Qadın Assosiasiyası rəhbərləri, kənd camaatı və s. (bu disk məndə var) bu görünən işlərin nümunələri ilə və xanımlarla tanış oldular. Lakin həmin vaxtda da bizim əsaslı ünvan sənədlərimiz bələdiyyə tərəfindən yerinə yetirilməmişdi. Baxmayaraq ki, məndə onların bağladığı akt var ki, guya torpaq sənədlərinin alımasına 3500 AZN, qazlaşdırmaya 500 AZN, işığa isə 500 AZN xərcləyib. Hamısının imzası var, bircə mən imzalamamışam. Yəni sənəd olmadığı üçün qaz çəkilişi bu günəcən mümkün olmayıb. İşıq pulun isə mən 830 AZN ödəmişəm (qəbz məndədir). Açılışdan sonra isə iş orada davam edib, əməkhaqları alıblar, mən isə sənədləri tələb etmişəm. Kəndin bələdiyyə sədri Seyidov Əziz qızlar haqqında müxtəlif şayiələr yaydıraraq onları işdən çəkindirməyə başladı və sənəd tələb etdikdə "mən bələdiyyə nəzdinə keçməliyəm" kimi bəhanə gətirdi. Hansı ki, bələdiyyənin dövlətə 2 milyondan çox borcu var idi və onun nəzdinə keçdikdə qazanan yer kimi borcu biz ödəməli idik. Bu isə, hamınızın bildiyi kimi, mümkün deyildi, amma biz Danışan İlmələr kollektivinə və onun idarə heyətinə əsasən, sənədi bir nəfərin adına ala bilərdik və beləcə müəssisə öz vergisini özü ödəyə bilərdi. Bina əvvəlki qüsurlarından və sonrakı baxımsızlıqdan ciddi zərər görür. İki ildir ki, oraya baxmaq adı ilə bir mollanı bir ailəsi ilə yerləşdirmiş və bütün müəssisəni mənzilə çevirmişdi. Həmin MOLLA öz evini satarkən deyildiyinə görə 10000 AZN pul alaraq Seyidov Əzizə vermiş və binamın yanında ona həyətinin çəpərlərini sökərək və birləşdirərək torpaq sahəsi vermişdir. Hətta binanın içərisində dəzgahların üstündə çox qiymətli xalçaların yarımçıq qalmağına və sifarişlə düzəltdirdiyim avadanlığın içəridə olmağına baxmayaraq mən o binaya 2 ildir ki, girə bilmirəm. Və son dəfə mən həmin şəxsin odunlarımızı yandırdığına və içəridə bizim bütün işimizi şok vəziyyətinə saldığına görə onun çıxmağını istədikdə Əziz Seyidov və kəndin icra nümayəndəsi çoxlu adam toplayaraq gəldilər və bildirdilər ki, bu adam bu kəndin sakinidir və çıxmayacaq.
İndi, əziz dostlar, siz deyin. Ət budursa, pişik hanı, pişik budursa, ət hanı. Yəni əgər bu bina Əzizin, yanındakı torpaq da mollanındırsa, mənim 86000 AZN pulum hara getdi və səfirliyin 75000 Dollar pulu MOLLAya niyə bağışlandı. Çəkdiyim əziyyəti, əsəbi, yolu demirəm. Bu, bir problem.
Növbəti dəfə çalışacağam (əgər sizə maraqlıdırsa) ikinci problemi də deyim. Yəni mən baş aça bilmirəm, siz nə məsləhət bilirsiniz?!"

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfi də dinləməyə hazırıq...