Oğuzun Mərkəzi Xəstəxanasında baş verənlərdən TƏBİB sədrinin xəbəri varmı - NARAZILIQ VAR!

Gündəm / Foto
14-11-2022, 11:44 258


Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən və son dövrdə daha da artan qanunazidd əməllər barəsində adlarının məlum səbəblərdən açıqlanmasını istəməyən işçiləri tərəfindən Aktualinfo.org redaksiyasına məlumatlar daxil olmuşdur. Məlumatda bildirilir ki, baş həkim Anar Əzizov, baş mühasib və kadrlar şöbəsinin rəisinin birlikdə törətdikləri maliyyə maxenasiyalarından bəhs edilir. Belə ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinin 16 əməkdaşı tərəfindən PHŞ-nin direktoru Əzizov Anara ünvanladıqları 09 oktyabr 2022-ci il tarixli yazılı ərizədə bildirlir: ” Sizə məlum edirik ki, Reanimasiya şöbəsinə əlavə 4 nəfər işçi gəlib. Onlar işlə təmin olunduqdan sonra bizim əmək haqqımızda əhəmiyyətli dərəcədə azalma olub. Xahiş edirik bu haqda tədbir görəsiniz. ”

Ərizədə qeyd edilənlərin nə dərəcədə həqiqətə uyğun olub olmaması barədə dəqiqləşmələr aparmaq üçün Oğuz rayonundan olan mənbələrimizə müraciət etdik. Onlar faktı təsdiq edərək bildirdilər ki, bəli, Mərkəzi Xəstəxanada bir çox qanunpozuntuları vardır. Ərizədə göstərilən bu 4 nəfər işçiləri kadrlar şöbəsinin rəisi zəruriyyət olmadan öz şəxsi maraqları daxilində qeyri-rəsmi işə götürüblər. Rə ona görə də rəsmən onlara bank kartı vasitəsilə əmək haqqı verə bilmədiklərinə görə öz ciblərindən qarşılayırlar. Və təbii ki, ərizədə göstərildiyi kimi, bu pulların da əldə edilməsi üçün reanimaiya şöbəsinin 16 nəfər işçisinin əmək haqqını qanunsuz olaraq kəsirlər. Topladıqları bu pullardan “yeni işçilərə” “əməkhaqqı” verirlər. Pul məsələsini isə baş mühasib öz “qaydaları” ilə həll edir. Xəstəxanada belə qeyri-rəsmi işə götürülənlər çoxdur. Təbii ki, xəstəxana rəhbərliyi götürdüyü hər qanunsuz işçinin xalasının qara gözünə aşiq olduğuna görə deyil, tam başqa məqsədlə bu əməli törədir. Nəticədə, məsələn reanimasiya şöbəsinin işçisi və şəhid anası olan Lalə Həsənovanın da əməkhaqqı qanunsuz olaraq azaldılmışdır. Halbuki, 44 günlük müharibə dövründə Oğuz RMX-nın reanimasiya şöbəsinə yerləşdirilmiş 50-yə qədər ağır yaralı əsgərimizin həyatda qalmaları üçün həmin şöbənin kollektivi gecə-gündüz əllərindən gələni və hətta gəlməyənləri də etmişlər ki, ( evlərindən son azuqələrini və s. gətirməklə) onlar sağlamlıqlarına qovuşsunlar. Bu da nəticə.
Sığorta Şirkətindən isə Oğuz sakinləri təmənnasız yararlana bilmirlər.
Baş həkim Oğuz rayonunda bir işsiz sürücü “tapa bilmədiyi” üçün Şəki rayonundan imkanlı bir kadrı təcili yardım avtomobili sürücüsü kimi işə qəbul etmişdir. Bu sürücü də Oğuz rayonun bir çox kəndlərini tanımadığına görə həkimi ağır xəstələrin ünvanlarına vaxtında çatdıra bilmir. Şükürlər olsun ki, belə gecikmələr ucbatından xəstə ölümü hələlik qeydə alınmayıb.
Xəstəxananın Cərrahiyə Şöbəsində də əməliyyat olunan heç bir xəstə qanunamüvafiq olaraq reanimasiya şöbəsinə deyil, birbaşa palataya yerləşdirilir. Xəstə uzərində həyata keçirilən belə oyunbazlığın səbəbini isə hələ də reanimasiya şöbəsi kollektivi bilmir. Xəstəxanada son vaxtlar sağlamlıq arayışının qiyməti 40 manat olub. Kim istəyirsə, həkim qapılarına düşmədən və vaxt itirmədən pulunu verib əldə edə bilər. Bu barədə gizli video çəkilişin olduğu da bildilir.
Sonda mənbə onu da qeyd etdi ki, Oğuz rayon Mərkəzi Xəstəxanasının işçi heyətinın yarısına qədəri Bucaq kənd sakinlərindən ibarətdir.

Xəstəxanada baş verən bu kimi qanunsuz işlərdən TƏBİB sədri Vüqar Qurbanovun xəbəri varmı deyə bilmərik. Onu qeyd edəbilərik ki, Oğuz rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar,özbaşınalıqlar bunlarla bitmir. Xəstəxana tərəfindən mal-materialların və müxtəlif xidmətlərin satın alınması məqsədi ilə keçirilmiş kotirovka sorğularında da ciddi qanun pozuntularına yol verilib. Apardığımız araşdırmanın nəticələrini yaxın vaxtlarda ictimaiyyətə açıqlayacağıq.

Aktualinfo.org