İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir
Gündəm / Cəmiyyət
11-01-2023, 21:48
148
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir.
Bu barədə təşkilatın bəyanatında bildirilir.
“Faydalı qazıntı yataqlarının ekoloji standartlara lazımi diqqət yetirilmədən işlənilməsi beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən qeyri-qanuni olmaqla yanaşı, həm də ciddi və qanuni narahatlıq doğurur. Baş Katiblik bütün mübahisəli məsələləri dialoq yolu ilə həll etməyə çağırır və Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir”, - deyə sənəddə vurğulanır.
Həmçinin, qeyd olunur ki, Baş Katiblik İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməyə istinad edərək, qarşılıqlı tanınma, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin daha da normallaşdırılmasına çağırır.