Əmrullayevin bu işdə nə qədər İŞTİRAKI VAR? - İLGİNC
Gündəm / Cəmiyyət
9-02-2023, 11:40
147
Xəbər verildiyi kimi, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə 31.12.2022 tarixinə olan rəsmi məlumat ictimaiyyət üçün açıqlanıb... Amma yalnız rəqəmlər formasında... Yenə də aidiyyəti qurumlar neft gəlirləri hesabına xaricdə təhsil alanların kimliyini, yaxud indiyədək təhsil almışların geri qayıdıb-qayıtmadığı və s. barədə məlumatları sirr kimi saxlamaqdadır. Məsələ ilə bağlı "Təzadlar"ın suallarını Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin sədri Mirvari Qəhrəmanlı cavablandırdı:
- Bildirim ki, adı çəkilən Dövlət Proqramının icrası Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən həyata keçirilir. Rəsmi məlumatda göstərilir ki, 31.12.2022-ci il tarixinə Dövlət Proqramı çərçivəsində ümumilikdə 158 nəfər doktorantın təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilmişdir. Həmçinin Xarici ölkələrin universitetlərində doktorantura pilləsində təhsil alan tələbələrin əksər hissəsi İqtisadiyyat və idarəetmə (41 nəfər), Təbiət (37 nəfər) və Səhiyyə və rifah (23 nəfər) ixtisasları sahələrində təhsil alırlar. Dövlət Proqramı çərçivəsində həm də 31.12.2022-ci il tarixinə Azərbaycan Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümümilikdə 36,515.3 min (36 mln 515.3 min) manat vəsait ayrılmışdır. Göründüyü kimi, böyük rəqəmdir və Dövlət bu proqramda yetərincə maraqlıdır...
-Sizin ötən dəfələrdə "Təzadlar"a müsahibələrinizdə bu proqram əsasında təhsil alanların adlarının məxfi saxlanıldığı qeyd edilirdi. Vəziyyət dəyişibmi?
-Xeyr, məxfilik olduğu kimi qalır... Qeyd edim ki, Layihə üzrə ARDNF-nin 2022-ci il üzrə öz büdcəsindən bu istiqamətə 27,8 mln. manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Ən maraqlısı budur ki, Təhsil Nazirliyi də neft gəlirləri hesabına xaricdə təhsil alan şəxslərin ad və soyadını açıqlamır. Niyə Azərbaycan cəmiyyəti bu gənclərin kimliyini tanımasın? Bəlkə hansısa nazirlik, şirkət onların ixtisssını, hansı xarici universiteti bitirdiyini görüb müvafiq vəzifəyə cəlb edə bilər...
XXX
Bəli, təəssüflər olsun, təhsil naziri Emin Əmrullayev də məlum məxfiliyin qorunmasında maraqlı görünür. Və görünür, ortada nəsə ciddi səbəblər var...
Mövzuya qayıdılacaq. //"Təzadlar"//