Bulvar İdarəsi ilə əməkdaşları arasında XƏBƏRSİZLİK: Beş dəqiqə giriş etmək üçün niyə ödəniş tələb olunur?
Gündəm / Dünya
11-03-2023, 12:59
139
Dənizkənarı Bulvar İdarəsi bulvara girişdə artıq pul alır.
Dənizkənarı bulvar daxilində yerləşən restoranlardan birinə getmək üçün idarə əməkdaşları iki manat pul tələb edirlər. Onlar üçün maşının oradan bir saata, 5-10 dəqiqəyə çıxmasının əhəmiyyəti yoxdur.
Əməkdaşlara taksi sürücüsünün müştərini düşürüb çıxacağı bildirilsə də, pul ödənilmədən əraziyə buraxmırlar. Əməkdaşlar deyirlər ki, bunun üçün idarə çek verir, vergi ödəyir. Yəni buna görə mütləq pul ödənilməlidir.
Qeyd edək ki, bir müddət öncə də bu məsələ gündəmə gəlmişdi. Dənizkənarı Bulvar İdarəsindən Oxu.Az-a açıqlama verilmişdi ki, əraziyə beş dəqiqəlik girib-çıxmaq üçün heç bir ödəniş tələb olunmur.
Hətta idarənin əməkdaşları tərəfindən bu cür münasibətin göstərilmədiyi bildirilmişdi. İdarə ilə əməkdaşları arasında heç bir əlaqə yoxdur: idarə tərəfindən mediaya açıqlama verilir ki, iki manat tələb edilmir. Əməkdaşlar isə deyirlər ki, idarə rəhbərliyi belə açıqlama veribsə, bizə özləri zəng edib bildirsinlər ki, maşının 5-10 dəqiqəlik əraziyə girməsi üçün vətəndaşdan pul almayaq.