Su probleminə alternativ ÇÖZÜM - Yasamaldakı nəhəng yeraltı anbar niyə qıfıllı qalıb?
Gündəm / Cəmiyyət
14-04-2023, 18:05
144
Meqapolisə çevrilməkdə olan Bakı yenə su problemi ilə üz-üzə qalıb. “Azərsu” ASC əvvəlki illərdən fərqli olaraq artıq fevral ayından suyun verilməsində qrafik rejiminə keçib. Yaranmış problemin aradan qaldırılması üçün hökumət artıq hərəkətə keçib.
Dəniz suyunun təmizlənib əhalinin istifadəsinə verilməsi üçün pilot layihənin icrasına başlanılıb.
Nəzərə alaq ki, Şollar su xəttinin çəkilişinə qədər Bakı əhalisi yerli su mənbələri hesabına öz ehtiyaclarını ödəyib. Vaxtilə Bakıda çoxlu sayda su quyuları olub. Sovet dövründə isə sənayedə və şəhər təsərrüfatında suya olan ehtiyacı ödəmək üçün yeraltı su mənbələrindən istifadə edilib.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov deyib ki, texniki məqsədlər üçün dəniz suyunun duzsuzlaşdırılması və ondan istifadə edilməsi istiqamətində pilot layihənin həyata keçirilməsi müsbət haldır:
“Amma alternativ variantlar da yox deyil. Bakı şəhərinin hidrogeoloji şəraiti imkan verir ki, bununla paralel yeraltı sulardan da istifadə edilsin. İndiki məqamda yeraltı su mənbələrindən effektiv şəkildə istifadə etsək, mənə elə gəlir ki, bu, alternativ variantlardan dəfələrlə ucuz başa gələr.
Yeraltı su mənbələrinin Bakıda geniş şəbəkəsi var. Ötən əsrin 70-80-ci illərində Bakı şəhərində nəhəng yeraltı su anbarı tikilib.
Bura su təbii yolla toplanır. Sovet dövründə Bakı şəhəri Yasamal rayonu İkinci Paralel küçəsində (“Sovmin”in yaşayış binası deyilən bina ilə üzbəüz) Bakı Tunel Tikintisi idarəsinin 7 saylı tikinti idarəsi yeraltı su anbarı tikmişdi. Həmin anbarda eyni vaxtda milyonlarla kubmetr su ehtiyatı olur.
İstifadə edildikcə su yerin altından süzülərək yenidən yığılır. Mən Yasamalda icra hakimiyyəti başçısı işləyən zaman buradakı suyun tərkibini laboratoriyada yoxlatdırdım. Məlum oldu ki, tərkibində bir az fenol qatqıları var deyə içmək məsləhət deyil. Amma o zaman biz o sudan yaşıllıqların suvarılması və küçələrin yuyulması üçün istifadə edirdik. Ora tükənməyən su mənbəyidir. Neçə illərdir ki, anbarın ağzını bağlayıblar. Əgər üstündə bina da tikiblərsə, heç təəccüb etmərəm”.
Sahib Məmmədov onu da qeyd edib ki, anbar 60 metr dərinliyi, 5,5 m diametri olan vertikal və şaxələnən tunellərdən ibarətdir:
“Anbar yeraltı çayların kəsişməsində tikilib. Metro tikintisində işləyəndə biz də o sudan içirdik. Amma indi tərkibi yaxşı deyil. Onu deyim ki, anbardakı su bütün şəhərə bəsdir. Layihə əvvəldən su anbarı kimi nəzərdə tutulub, öz-özünə dolur. Çox təəssüf ki, bu anbarın imkanlarından rasional istifadə edilmir.
Bundan başqa, metronun bütün stansiyalarına müəyyən qrunt suları axır. Metropoliten işçiləri də bu suyu şəhərin kanalizasiya xəttinə ötürürlər. Halbuki, yaşıllıqların suvarılması və texniki su kimi bu mənbədən də istifadə edilə bilər. Nə qədər ki, Oğuzdan, Qusardan su gətirib avtomobilləri yuyacağıq, o vaxta qədər də su qıtlığı olacaq. Texniki su problemləri dediyim imkanlar hesabına ödənilsə, içməli su problemi də aradan qalxar”.