Cəmi 17 xəstə var: Quru sərhədlər açılır? - AKTUAL

Gündəm / Seçilmişlər
14-06-2023, 18:59 102
Cəmi 17 xəstə var: Quru sərhədlər açılır? - AKTUAL


Üç ildir Azərbaycanın quru sərhədləri bağlıdır.

2020-ci ildə koronavirus pandemiyası ilə mübarizə məqsədilə bağlanan quru sərhədlərin iyulun birində açılması ilə bağlı proqnozlar verilir.

Bildiyimiz kimi, bir çox məhdudiyyətlər aradan götürülməklə Nazirlər Kabinetinin qərarı ilə ölkədə xüsusi karantin rejimi 2023-cü il iyul ayının 1-dək uzadılıb. Nazirlər Kabinetinin son qərarından sonra, may ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının rəsmən bitdiyini elan edib.

Həmçinin , yoluxma və aktiv xəstə sayına baxdıqda ölkədə koronavirusla bağlı vəziyyətin təhlükəli olmadığı qənaətinə gəlmək mümkündür. Belə ki, iyun ayının 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırda ölkədə cəmi 17 aktiv koronavirus xəstəsi var. Həmçinin, COVID-19 infeksiyasına sutka ərzində cəmi bir nəfər yoluxub.

Pandemiyanın bitdiyini əsas gətirən deputat Razi Nurullayev “Facebook” sosial şəbəkə hesabında iyulun birində quru sərhədlərin açılmasını gözləməyin mümkün olduğuna işarə edib:

“Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumdünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın".

Gürcüstanin “Caucasian Live” “Teleğram” kanalının 8 iyun tarixində yaydığı məlumata görə, iyul ayının 1-dən etibarən Azərbaycanın bütün quru sərhədlərini açacağı gözlənilir. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bu barədə qərarın hələ olmadığını bildirib.

Buna baxmayaraq, quru sərhədlərin açılması haqqında yayılan ilkin proqnoz və ehtimallar, həmçinin ölkədə koronavirus xəstələrinin sayının az olması bu ehtimalların doğrulacağına ümid verir. Qarşıdan gələn iyul və avqust aylarının əsasən məzuniyyət ayları olduğunu nəzərə alsaq, həmin aylarda qonşu ölkələrlə quru sərhədlərin açılacağı daha məntiqlidir. Çünki Azərbaycana daxil olmaq üçün hər hansı məhdudiyyətin tətbiqi turist sayına mənfi təsir edəcək.

Eynilə, il ərzində işləyən Azərbaycan vətəndaşlarının qonşu ölkələrə istirahət üçün gedərkən əsasən quru yollardan istifadə etməsi də heç kimə sirr deyil. Bir sözlə, dünyada koronavirusun artıq təhlükəli həddən çıxması, həm də ölkədə koronavirusa yoluxanların sayının kəskin azalması quru sərhədlərin bağlı saxlanımasına zəmin yaratmır.
Cebhe.info