Naxçıvanpoçt-un işçiləri 3 aydır MAAŞ ALA BİLMİR... - BÜDCƏLƏRİ BOŞALIB...

Gündəm / Cəmiyyət
30-06-2023, 12:42 488
Naxçıvanpoçt-un işçiləri 3 aydır MAAŞ ALA BİLMİR... - BÜDCƏLƏRİ BOŞALIB...

Naxçıvanda bəzi poçt işçiləri üç aydır maaş ala bilmədiklərini deyirlər. Bura əsasən Babək və Ordubad rayonlarının poçt işçiləri daxildir. Onların sözlərinə görə, tabe olduqları “Naxçıvanpoçt” MMC-nin rəhbərliyi bunu büdcədə pul olmaması ilə əlaqələndirir.
Şikayətçilərdən B. Bayramov deyir ki, maaş tələb etdiklərinə görə, onlar işdən çıxarmaqla hədələnir:
“Büdcədə pul yoxdursa, necə olur ki, Naxçıvan şəhərindəki poçt işçiləri vaxtında alır, biz yox? Bəs, bizim yığıb verdiyimiz pullar hara gedir ki, maaşa pul qalmır? Bizi onsuz da aşağı maaşa işlədirlər. Minimum əməkhaqqı 345 manat olsa da, bizə 310 manat verilir. Bu yaxınlarda maaşların gecikməsi ilə bağlı şikayətə getmişdik. MMC rəisi Səxavət bizi hədələyib dedi ki, bir də şikayət etsəz, işdən qovulacaqsız. Maaş almadan necə dolanmaq olar. ”.
Şikayətçilər deyir ki, rəhbərlik muxtar respublika üzrə bütün poçt işçilərinin məzuniyyət pullarını da kəsib:
“İki ildir məzuniyyət pulu da almırıq. Bayram günləri də işləməyə məcbur edirlər. Maaşa gələndə isə, deyirlər pul yoxdu”.
“Naxçıvanpoçt” MMC-dən əməkdaşların şikayətinə münasibət bildirmək istəmədilər. Onların da mövqeyini işıqlandırmağa hazırıq.
Gündəlik Naxçıvan