Astarada qohumlar arasında dava: - “Dedik, nə dəniz qırağı, ayıbdır...”

Gündəm / Hadisə
3-08-2023, 12:59 1 264


Astara rayonunda 1990-cı il təvəllüdlü Ayxan bacısının həyat yoldaşının qohumu Fəqana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il iyunun 25-də baş verib.

Ayxan yaşadığı evin həyətində Fəqanla mübahisə edib, ona başı ilə zərbə vurub.

İstintaq orqanı tərəfindən Ayxanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəlidir, himayəsində 2 azyaşlı uşağı var:

“Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəmin dolanışığını təmin edirəm. Bacım Səbinə Fərmanla ailə həyatı qurub. 2022-ci ilin may-iyun aylarında Səbinənin qayınanası Sevda ilə mübahisəsi oldu. Buna buna görə də oradan çıxaraq bizim yaşadığımız evə gəldi. Fərman özü də buna görə bir neçə dəfə bizə gəldi, uşağa dəyərək getdi. Bacımla Fərmanın arasında hər-hansı bir mübahisə və narazılıq olmayıb”.

Ayxan deyib ki, iyunun 25-də saat 19 radələrində Fərmanın bacısı Gülər, əri Rauf və oğlanları Fəqan onlara gəliblər: “Gələnləri qarşıladım, daha sonra atam Vüqar həyətə düşüb onların hansı məqsədlə gəldiyini soruşdu. Məqsəd bilindikdə atam qonaqlara dedi ki, Səbinə ilə qayınanası arasında mübahisə təzə olub, buna görə bir müddət keçəndən sonra ara sakitləşər, Səbinə evə qayıdar.

Bu sözdən sonra Rauf atama “baş üstə” dedi və getmək istədi, Həmin vaxt atam əlini Fəqanın kürəyinə qoyaraq “mənim balam, sən də çıx get“ deyə bildirdi. Fəqan atamın əlini çiynindən itələdi, onunla itələşdi. Fəqana yaxınlaşaraq onu həyətdən çıxarmağa çalışdım. Bu zaman Fəqan məni də itələdi və yumruq atmağa başladı. Buna görə hirslənərək Fəqana kəlləylə zərbə vurdum. Fəqanın atası Ruaf üstümə gələndə onu da vurdum. Raufla arvadı oğlanlarını da götürərək getdilər”.

İş üzrə zərərçəkmiş Fəqanın sözlərinə görə, dayısı Fərmanın arvadı Səbinənin evdə mübahisəsi olub: “Buna görə də evdən gedib. Dayım Fərman anamdan xahiş etdi ki, bir böyük kimi Səbinənin atasıgilə gedib onu evə qaytarsınlar. Mən, anam, atam və dayım Fərman iyunun 25-də, saat 19 radələrində Səbinənin atası Vüqarın yaşadığı evin həyətinə getdik. Həyətdə olan Ayxan bizi görən kimi qapını açdı və atasını çağırdı.

Vüqar həyətə düşdü və salamlaşmadan “gəlin dəniz qırağına gedək” deyə bildirdi. Bu sözdən sonra atam dedi ki, nə dəniz qırağı, ayıbdır, biz gəlmişik ki, Səbinə ilə Fərmanı barışdırıb, gəlini aparaq.

Vüqar da əsəbi şəkildə bizim çölə çıxmağımızı istədi. Atam da “baş üstə” deyə bildirdi və anama getməyimizi söylədi. Həmin vaxt Ayxan qəflətən üzərimə gəldi, baş nahiyəmə kəllə ilə zərbə endirdi. Zərbənin təsirindən huşumu itirərək yerə yıxıldım. Ayxan yerdə təpiklə məni vurdu. Gecə gözümü xəstəxanada açdım”.

Zərərçəkmiş qeyd edib ki, vurulan zərbələr nəticəsində üz almacığı və çənə sümüyü sınıb: “Aldığım xəsarətlərin ağırlığına görə Bakı şəhər Respublika Klinik xəstəxanasına göndərildim və orada müalicə aldım. Üz almacığım və çənəmdən əməliyyat olundum. Çənə sümüyümün hər ikisinə implant (platin) qoyuldu. Müalicəm hazırda da davam etdirilir. Çoxlu miqdarda pullar xərcləmişəm və xərcləməkdə davam edirəm. Təqsirləndirilən şəxs mənə vurmuş olduğu ziyandan bir manat da olsa ödəməyib. Müalicəylə bağlı borca da düşmüşəm”.

Astara rayon Məhkəməsinin hökmü ilə Ayxan 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Ayxanın vəkili tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə Ayxanın barəsində olan cəzanın yüngülləşdirilməsi istənilib.

Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edilib.

Ayxanın barəsində verilən şikayət təmin olunmayıb.