"Neftçalanın su problemi həll olunub, amma işsizlik davam edir" - Mayak qəsəbəsindən video reportaj

Gündəm / Dünya
23-08-2023, 22:39 357


Neftçalaya 3 il əvvəl getmişdim. O zaman Xəzər dənizinin suyu Kür çayının suyuna qarışdığı üçün Neftçala sakinləri susuzluqdan əziyyət çəkirdi. Sakinlərə su maşınlarla daşınırdı. Yollar elə kələ-kötür idi ki, avtomobili ehtiyyatlı sürməli idin ki, sıradan çıxmasın. Bu gün isə, Neftçala tamam dəyişib. Yollara asfalt çəkilib. Vətəndaşlara xəbərdarlıq məqsədilə müəyyən lövhələr qoyulub.
3 il əvvəl Xəzərlə Kürün qovuşduğu əraziyə getmək sözün əsl mənasında cəhənnəm əzabı idi. Bu gün isə, həmin əraziyə də yol salınıb. Kürlə Xəzəri ayıran bənd tikilib. İndi Neftçala sakinləri daha əvvəlki kimi susuzluqdan əziyyət çəkmirlər. Sakinlər deyir ki, bu ildən onlara içməli su Bankə qəsəbəsi ərazisindən ayrıldığı üçün içməli su problemi yaşanmır.

Mayak qəsəbə sakini Xeyirbala Əhmədov deyir ki, keçən il bu ərazilər su maşınlarla gətirilirdi. Bu il qeyd etdiyimiz kimi Bankə qəsəbəsindən verildiyi üçün su çətinliyi yaşanmır.

“İndi suyumuz var. Heyvanlarımız susuz qalmır. İcra başçısının özü də əraziyə gəlir, yoxlamalar aparır. Dağılan, sıradan çıxan yollar yenidən salınır. Su da bizə pulsuz verilir. Digər məqsədlər üçün isə, suyu xüsusi nasoslar vasitəsilə ilə Kürdən vururuq. Kürün suyunu içmək olmaz. Yuyunmaq üçün, digər işlər üçün isə Kür suyu yararlıdır”-deyə kənd sakini qeyd edib.

Mayak sakininin sözlərinə görə, bu gün Neftçala sakinlərinin bir tək problemi var. O da işsizlikdir. Əvvəllər Mayak qəsəbəsində balıq zavodu olub, kəndin gəncləri orada çalışırmış. Zavod bağlandıqdan sonra isə, işsizlik başlayıb.

“Mənim iki oğlum var. İkisi də hazırda işsizdir. Gedib Bakıya bir ay işləyib. Kirayə pulu, yemək-içmək... Yenə əliboş qayıdıb. Burada iş olsa, bilərəm ki, 300-400 manat alır, şor-çörək yeyərik, gedib işinə qayıdar evinə...”-deyə kənd sakini bildirib.

Bəli, Neftçala 3 il müddətində xeyli dəyişib, görünən odur ki, icra başçısı Mirhəsən Seyidov prezidentə verdiyi sözlərin arxasında dura bilir. Neftçalanın 3 il müddətində belə dəyişməsi ən azından sevindirici haldır.

İradə Cəlil, Bizimyol.info