İcra hakimiyyətləri niyə "neolit dövrü"ndən çıxa bilmir? - "Zibilpulu yığırıq"

Gündəm / Ölkə
24-08-2023, 20:52 136


Dünya bütün sürəti ilə inkişaf edir, "kosmos əsri" anlayışı isə demək olar ki, ən son mərhələsini yaşayır. İnsanlar Marsa ayaq basılacağı günü səbrsizliklə gözləyir, ayın səthindən ərazi kirayə götürüb, göy göyərti əkir, başqa planetlərdə yaşam işıltısının olub-olmadığını parniklər vasitəsilə yoxlayırlar. Bəli, insanlığın artıq göyə balonlarla yox, kosmosa raketlərlə uçduğu bir dövrdə - kosmos dövründə Azərbaycanda mövcud olan "sovetdanqalma" yerli icra hakimiyyətləri özlərinin neolit dövrünü yenicə tamamlayaraq, texnologiya anlayışını mənimsəməyə can atırlar.
Məsələn, bir neçə gün öncə temperaturun insanı buxarlaşdırdığı bir vaxtda həyət qapısı döyüldü. Çıxdım bayıra, gördüm orta yaşlı bir kişi. Adətən qoltuğunda gəzdirdiyi sənədləri başına tutaraq gözlüyünün arxasından mənə baxır. Danışa bilmirdi, bir qurtum su istədi, suyu içəndən sonra gəlişinin səbəbini dedi. Bildirdi ki, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşıdır və zibilpullarının yığılması üçün yerli sakinlərlə görüşür. Soruşdum ki, bu istidə nə qaçaqaçdır? Olmazdımı ki, günortadan sonra, hava sərinləyəndə gələsiniz? Dedi yox, bu vaxt hamı evdə olur deyə, indi gəlirik ki, sakinlərlə danışa bilək. Bundan sonra aramızda belə bir dialoq yaşandı:

- Buyurun, eşidirəm sizi, hara ödənilməlidir?

- Sizə mənə ödəyəcəksiniz, mən də sizə qəbz verəcəm.

- Adətən belə ödənişlər üçün xüsusi proqram təminatları, yaxud hesab nömrəsi və sair kimi vasitələr olur, ya da hər ev sahibinin əlaqə nömrəsinə aylıq ödənişlə bağlı mesaj gəlir. Yəni müasir üslubda kommunal xidmət borcu bu şəkildə həyata keçirilir, sizin icra hakimiyyətində bunlar yoxdur?

- Yox, biz evlərə yaxınlaşıb, ödəniş qarşılığında da qəbz veririk.

- Axı indi 21-ci əsrdir, internet dövrüdür, pulu şəxsə ödəyib, qəbz almaq ötən yüzillikdə qaldı...

- Haqlısan, amma bizdə hələ ki, vəziyyət belədir. Bəlkə gələcəkdə bu problem də müasirliyə qovuşar, bizim də canımız dincələr. Bizə də xoş deyil ki, bu istidə qapı-qapı düşüb, pul yığmaq.

Belə anlaşılmaz və qəribə dialoqun ardınca, zibilpulunu həmin şəxsə ödəməyəcəyimi bildirdim və sağollaşdıq.

Son vaxtlar bu "pulyığma kampaniyası" getdikcə artıb. Hər həftə bir icra hakimiyyəti əməşdaşı gəlib, məhəllədəki evlərin qapılarını döyür və zibilpulu tələb edir. Görəsən, icra hakimiyyətlərini əlimyandıda qapı-qapı düşüb pul toplamağa hansı ciddi səbəb vadar edir? Beş manat zibilpulu istənilir, versən də sağ ol, verməsən də. Tutsa qatıq, tutmasa da ayran. Onsuz da hansı evin ödəyib-ödəmədiyini də bilmirlər, candərdi nə aldılarsa, odur.

Hər şey bir kənara, bir insanı beş manat pula görə yayın bu istisində küçə-küçə, məhəllə-məhəllə salıb, pul yığdırmaq özü bir zülmdür, insafsızlıqdır. Binəqədi rayonunun yüzlərlə problemi var - yol keçid nişanları, dağılmış məhəllədaxili yollar, işıq xətləri, kanalizasiya... Daha hansını sayaq? Bütün bu problemlər qalıb bir kənarda, o boyda icra hakimiyyəti düşüb beş manat zibilpulunun arxasına, özü də müasir ödəniş üsulları ilə də yox, "ortada qaldı" oyunu ilə...

Mətin Şükürlü, Bizimyol.info