“Gözümüzü sosial yardıma dikmişdik” - O DA BELƏ...

Gündəm / Sosial
1-09-2023, 09:00 154
“Gözümüzü sosial yardıma dikmişdik” - O DA BELƏ...


Elnarə Binyətova Şamaxıda ağır şərtlərlə dörd uşaq böyüdür. Onun həyat yoldaşı bir neçə xəstəlikdən əziyyət çəkir. Bir neçə ay əvvəl ailənin sosial yardımı kəsilib. Binyətovlar qayğıların öhdəsindən gələ bilmir.

“Gözümüzü sosial yardıma dikmişdik”

Elnarə Binyətova danışır ki, həyat yoldaşı ağır xəstədir. Amma bazarda işləməyə məcburdur. Zahid Binyətovun vərəm xəstəsi olduğunu bildirir. Amma ağciyəri də sıradan çıxmağa başlayıb.

“Həyat yoldaşım bazarda 2 manata araba sürür. Hansısa yükü daşıyır ki, pul versinlər. Belə ağır xəstə o işi görməməlidir. İndi təcili müalicə olunmalıdır. Üç kurs müalicə etdirmişdik onu. Pulsuzluqdan dayandı. Heç təqaüd də vermək istəmirlər. Həyat yoldaşım yarımcan yaşayır. Ağciyərinə su gəlmişdi. O vəziyyətdə heç bir halda, araba dartmamalıdır. Vərəm çox əziyyət verir ona. Pis nəfəs alır. İcra hakimiyyətinə gedəndə də demişdim. Həyat yoldaşım bu şərtlərlə işləməməlidir. Dəfələrlə icra başçısının qəbulunda olmuşam. Həyat yoldaşımın pensiyaya ehtiyacı olduğunu demişəm”.

“Bu sentyabrdan uşaqların dördü də məktəbə gedəcək, çox çətin vəziyyətə qalmışıq”

Ailənin daimi gəlir yeri yoxdur. Sosial yardım kəsiləndən vəziyyət lap ağırlaşıb. Elnarə Binyətova deyir ki, sözün birbaşa mənasında yeməyə çörək tapmırlar:

“Bütün qayğıları sosial yardımla həll edirdik. Üç qızım, bir oğlum var. Böyük uşaq 16, kiçiyi 6 yaşındadır. Bu sentyabrdan dördü də məktəbə gedəcək. Çantanı hansı pulla alacam? Hər il nə əziyyətlə sosial yardım üçün tələb olunan sənədləri toplayırdım. İlin əvvəlindən kəsiblər. Çox çətin vəziyyətə qalmışıq. Gözümüzü o pula dikmişdik. Sosial yardımın sayəsində həyat yoldaşımı müalicə elətdirirdik. Uşaqların məktəb xərclərinin öhdəsindən gəlməyə çalışırdım”.

Bir müddət əvvəl sosial yardım müraciətinə imtina cavabı gəlib. Amma Elnarə Binyətova yenə ümidini kəsmir. O, yenidən sənədlər toplamağa başlayıb.

Ailənin böyük uşağı Nahid bu yerdə imtina sənədində “illik gəliriniz sıfra bərabərdir” yazısını xatırladır:

“Bizim gəlirimiz yoxdursa, deməli, yardım edilməlidir də”.

“Hökumət var, mən də ondan kömək istəyirəm”

Binyətovların ev şəraiti çox pisdir. Əvvəllər çörək bişirilməsi üçün nəzərdə tutulmuş yeri otağa çeviriblər. Elnarə Binyətova buranın atasının həyətindən onlara kəsilib verilmiş kiçik hissə olduğunu bildirir:

“Bizi evdən çıxarmışdılar, bura sığındıq. Fövqəladə Hallar Nazirliyinə də yazmışam. Qaldığımız yer qəzalıdır. Hökumət var, mən də ondan kömək istəyirəm. Çox yerə müraciət etmişəm. Eləcə quru sözdən ibarət məktub gəlir”.

Şamaxıda Binyətovların yaşadığı ərazidə onları çox kasıb ailə kimi tanıyırlar. 47 yaşlı qadın qonşuların, tanışların köməyi olmadan yaşaya bilmədiklərini deyir.

“Bizə əl tutanlar olmasa, acından ölərik. Qonşular nəsə gətirir. Həcc ziyarətindən gələnlər… Bazarda həyat yoldaşımı görənlər… Yoxsa heç nə tapmırıq yeməyə. Araba sürməklə ev dolanmaz…”.

Ailənin təbii qaza görə borcu 300 manata çatır. Buna görə daha qaz yandıra bilmirlər:

“Odun parçaları tapıb həyətdə qalayırıq. O cür yemək bişirməyə çalışıram. Kommunal xərcləri heç cür ödəyə bilmirik. Həyat yoldaşımın vəziyyətini görürsünüz… Özüm də xəstəyəm. Gözümdə mirvari suyu var. Bir gün gözlərim tutulacaq. Belə olsa, bizim ailənin taleyi necə olacaq?”

İşləyib ailəsinə kömək etməyə çalışan məktəbli…

Ana deyir ki, oğlu bir neçə ilə əsgər gedəcək, amma indi düz-əməlli qidalanmır. Nahidin oxumaq istəyi olub. Amma ən adi qayğıların öhdəsindən gələ bilməmək imkan verməyib. Evin böyük uşağı işləmək məcburiyyətində qalıb.

“Hər yay restoranda günü 7 manata işləyirəm. Başqa vaxtlar da iş tapmağa çalışıram. Həmişə olmur. Ailəmə mütləq kömək etməliyəm”, – Nahid deyir.

Elnarə Binyətova təkrar-təkrar çox əziyyət çəkdiklərini danışır. Uşaqlar yenə nimdaş geyimdə məktəbə gedəcəklər:

“Bircə onları böyüdə bilsəydim…”.

İcra başçısının müavini: “Əgər vətəndaş bizə müraciət edirsə…”

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova Meydan TV-yə bildirib ki, icra hakimiyyəti Şamaxıda maddi-sosial durumu ağır olan vətəndaşlara mümkün qədər dəstək olmağa çalışır:

“Konkret bu vətəndaş (Elnarə Binyətova-red.) bizə müraciət edibmi, yoxsa yox – bunu araşdırarıq. Ümumiyyətlə isə əgər vətəndaşlar bizə müraciət edirsə, biz araşdırırıq, bacardığımız qədər, səlahiyyətlərimiz çərçivəsində kömək edə bilirik”. //meydanTV//