Tədris-Terapevtik Klinikasında NƏ İŞLƏR ÇEVRİLİR... - Əməkhaqqılar verilmir, əvəzində isə...

Gündəm / Sağlamlıq
7-09-2023, 12:20 19 003

Məlum olur ki, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov bu ilin aprelində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub. Amma problem ondadır ki, bu təyinat Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin başı üzərindən edilib… Ona görə də indi vəziyyət «ruscadır».

Ötən buraxılışımızda klinikanın mühafizə xidmətinin rəhbəri Fərid Pirverdiyevin şikayət ərizəsi dərc olunmuşdu və o, da qeyd etmişdi ki, baş direktor de-yure tabe olduğu rektor G.Gəraybəylini saymır və s.

***

Şikayətçi həkimlərin sözlərindən o da məlum oldu ki, Fərid Eyvazov gələndən bəri (4 ay ərzində) bu klinikadan 80 həkim-müəllim və digər sahə işçiləri işdən çıxıb: «…Məlumat üçün deyək ki, bu klinika təsərrüfat hesablıdır. Yəni, biz müəllimlər həm də klinikada sahələrimiz üzrə xəstə qəbul edirik. Elə həkim-müəllimlər var ki, indiyədək 20-40 min manat gəlir gətirib. Amma Fərid Eyvazov onlara çatası əmək haqqını vermir, yaxud elə faizlə verir ki, buna qazanc demək olmaz… Ona görə də vəziyyət betər hala gətirilib. Sizdən, bir jurnalist olaraq, obyektivliyinizə inanaraq xahiş edirik, gəlin, görün burada neçə xəstə qalıb? Həkimlər ərizə yazıb işdən çıxdığı üçün xəstələr də bura gəlmir… Görünür, Fərid Eyvazovun məqsədi buranı bağlamaq, özəlləşdirməkdir…».

«Təzadlar»ın sosial platformasına göndərilən mesajlardan isə bəlli olur ki, F.Eyvazovun məqsədi başqadır: «…Artıq hamı bilir ki, Fərid Eyvazov klinikanı boşaltdırmaq üçün əlindən gələni edir. Deyilənə görə, o, rektor Gəray Gəraybəylinin yerinə hazırlaşır. Sonra bu klinikanı ləğv edərək yerində ürəyi istəyən obyekti-klinikanı inşaa etdirmək istəyir. Ona yaxın olan şəxslərin söhbətləri bunu deməyə əsas verir», -deyə mesajlarda qeyd olunur.

***

Bax belə… 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərən, 2008-2009-cu illərdə N.Tusi Klinikada, 2011-ci ildən 2012-ci ilədək «Medikal Plaza» Klinikada çalışan, 2013-2016-cı illərdə Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılması üzrə ekspert olan, 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərən, nəhayət, “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyən Fərid Eyvazovun, belə çıxır ki, ATU-ya rektor gəlmə arzusu reallaşır. Amma təəssüflər olsun, onun gəlişi ilə klinikada qalmaqallar da başlayıb və davam edir. Bəlkə də məqsəd elə ATU rektorunun fəaliyyəti ətrafında belə qalmaqalların yaradılmasıdır ki, yuxarı dairələrdə universitetdə vəziyyətin qənaətbəxş olmaması rəyi yaradılsın.

***

Sonda: şikayətçilərin müraciətləri davam etdiyindən hələki mövzuya son verə bilmirik. Yazıda adı çəkilənləri də dinləməyə hazırıq. Sadəcə, bilmək maraqlıdır: niyə Fərid Eyvazov baş direktor gələndən 80 nəfər işdən çıxıb və həkim-müəllimlərin əmək haqları nədən yanvar ayından bəri verilmir???

«Təzadlar»ın Araşdırma Qrupu