“Mango” mağazasında ƏDV FIRILDAĞI – Müştərilər necə ALDADILIR?

Gündəm / Foto
13-09-2023, 15:18 2 039


Artıq iki ilə yaxındır ki, istehlakçılar neft və qaz məhsulları istisna olmaqla aldıqları digər mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsini geri ala bilirlər. Amma istehlakçıların ƏDV-ni geri alması heç də həmişə asan başa gəlmir. Bəzən ƏDV-nin icrasında istehlakçıya süni problemlər yaradılır.

Belə bir hal N.Nərimanov rayonu Fətəlixan Xoyski prospekti ev 830-835-ci məhəllədə yerləşən “Mango” geyim mağazasının Gənclik filialında yaşanıb.

Mağazadan olunan alış-verişdən sonra məlumatların bilərəkdən yalnış göstərilməsi istehlakçı üçün ƏDV-nin geri qaytarılmasına imkan verməyib.

Bizim.Media-ya müraciət edən alıcının sözlərinə görə sentyabrın 11-də sözügedən ünvandakı “Mango” mağazasından 139 manat məbləğində nağdsız formada geyim alıb və ona ƏDV qəbzi verilib. Amma müştəri ƏDV-ni geri ala bilməyib.

Üstəlik absurd və anormal bildirişlə üzləşib. Bildirişdə “Qanunvericiliyə uyğun olaraq akoqollu içkilər və tütün məmulatlarına görə ödənilmiş ƏDV məbləği qaytarılmır” ifadələri yazılıb.

Hansı ki, bu, aidiyyəti məhsullara aiddir. İstehlakçı bir neçə dəfə cəhd etsə də, ƏDV-ni geri qaytarmaq mümkün olmayıb.

Buna bənzər halla daha əvvəllər də qarşılaşan müştəri digər istehlakçıların da aldadılmaması üçün problemin ictimailəşməsini istəyib.

Məsələ ilə bağlı “Mango” geyim mağazasının Gənclik filialına müraciət etdik.

Mağaza rəsmisi Aygün xanım saytımıza açıqlamasında baş verən yalnışlığın texniki problem və mağaza ilə əlaqəsi olmadığını bildirib:

“Əslində bununla bağlı bir neçə müştəri bizə müraciət edib. Problem ƏDV sistemi ilə bağlıdır. İstər nağd, istərsə də nağdsız bütün alış verişlər zamanı alıcılara ƏDV bizim tərəfimizdən geri qaytarılır”.

Vergilər Xidmətinin mətbuat katibi Şahin Məmmədov isə son vaxtlar ƏDV-nin geri qaytarılmaması ilə bağlı şikayətlərin çoxaldığını bildirib.

O, bu cür hallarda insan faktorunun rol oynamadığını xüsusilə vurğulayıb. Konkret qeyd olunan məsələyə gəlincə isə qurum rəsmisi müvafiq şöbə tərəfindən sistemin yoxlanılacağını deyib.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə texniki problem olma ehtimalı daha çoxdur:

“Texniki problem deyilsə, demək ki, əlaqəli dövlət qurumu ilə həmin mağaza ƏDV-nin geri qaytarılmaması üçün satdığı məhsulların kateqoriyasını sistemin özündə dəyişikliyə uğradıb. Təbii ki, kateqoriya dəyişikliyə uğrayanda sistem onun paltar, yaxud içki və ya tütün məmulatlarının olduğunu görə bilmir.

Əgər kateqoriya dəyişdirilirsə, avtomatik olaraq eyni cavabı göndərir. Amma bu, texniki səhv də ola bilər. Yoxlamadan heç kəsi ittiham etmək doğru deyil. Texniki səhv olmayıbsa, burada qərəz var. Yaxşı olardı ki, müştəri bununla bağlı əlaqədar dövlət orqanlarına, o cümlədən İqtisadiyyat Nazirliyinin Vergi Xidmətinə birbaşa onlayn müraciət etsin”.

Ekspert əlavə edib ki, buna bənzər halla özü də qarşılaşıb və müvafiq quruma müraciət edib:

“İlk növbədə vətəndaşlar bu məsələdə aktiv olmalıdırlar. Belə məqamlarda əgər haqlı olduqlarına əmindirlərsə, mütləq əlaqədar orqanlara üz tutsunlar ki, nəticə etibarilə öz hüquqlarını bərpa edə bilsinlər”.Bizim.Media

Mövzunu diqqətdə saxlayacağıq...