Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT

Gündəm / Mədəniyyət
12-10-2023, 13:00 3 088
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT


Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etməsi iddia olunur.

Tereqqi.az qeyd edir ki, Bizim.Media bu barədə daxil olan şikayətlər əsasında yazı dərc etmişdi.

İddialara görə İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürür.

İddia olunur ki, İbrahim Əliyev müvafiq qanunlara məhəl qoymayaraq şəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirir. Belə ki, İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.

Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.

Son vaxtlar idarə rəhbərinin adı başqa qalmaqallarda da çəkilir. Bizim.Media-nın dərc etdiyi yazıdan sonra isə İbrahim Əliyevlə bağlı daha bir məsələ ictimailəşib. Bundan əlavə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində əmək mübahisələrinə yol verildiyi iddia olunan başqa şikayətlərin olduğu da bildirilir.

Bu dəfə isə Pirallahı qəsəbəsində yerləşən Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Ağadadadaş oğlu Şahverdiyev İbrahim Əliyevdən şikayətçi olub. İbrahim Əliyevi məhkəməyə verən sabiq direktor məhkəmədə idarə rəhbərliyi barəsində "əmək mübahisələri - işə bərpa” olunmaqla bağlı iddia qaldırıb. İşə isə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, İbrahim Əliyev bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Məsələ ilə bağlı İbrahim Əliyevlə növbəti dəfə də əlaqə yaratmaq mümkün olmayıb.

Ayrıca Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Ağadadadaş oğlu Şahverdiyevin məhkəmə iddiası ilə bağlı məsələni dərc etməyə hazırıq.