"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham /FOTOLAR

Gündəm / Foto
3-05-2024, 19:43 3 216
"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham /FOTOLAR

"Nağıoğlu” şirkət Ağcəbədi rayonunda yerləşən 2 hektar sahəsi olan "Şahmalı” qum-çınqıl yatağından qanunsuz istifadə edir.
Yenixeber.org: Bu barədə redaksiyamıza Tovuz rayonunda yaşayan sahibkar Haqverdi Alıyev bildirib.
Onun sözlərinə görə, ötən il aprelin 5-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti "Şahmalı” qum-çınqıl yatağını hərraca çıxarıb.
Haqverdi Alıyev deyir ki, o da yatağı almaq üçün həmin hərraca qatılmaq istəyib. "Hətta iştirakçı kimi qeydiyyata alındım. Lakin sonradan mənə məlum oldu ki, "Şahmalı” qum-çınqıl yatağının yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlıdır. Ona görə də qeydiyyata alınsam da, hərracda iştirakdan imtina etdim. Çünki yatağı istismar etmək üçün onun yerləşidiyi ərazinin təyinatı dəyişdirilməliydi. Bu isə uzun prosesdir. Hərracda iştirakçılardan biri də "Nağıoğlu” MMC idi və yataq bu şirkətə satıldı”, - deyə sahibkar əlavə edib.
O bildirib ki, "Nağıoğlu” MMC yatağı alandan dərhal sonra istismara başlayıb. Bu isə qanunsuzdur. "Digər tərəfdən, baş verənlər haqsız rəqabət mühitinin formalaşmasını şərtləndirir. Yəni, yatağın yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı olmasaydı, mən də hərracda iştirak edib qalib gələ bilərdim”, - Haqverdi Alıyev vurğulayıb.
Sahibkar məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib. Qurumdan gələn cavab məktubunda isə bildirilib ki, faydalı qazıntı yataqları ilə bağlı nəzarət funksiyasını yerinə yetirən Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən "Nağıoğlu” MMC-yə torpağın təyinatı dəyişdirildikdən sonra işə başlamağa icazə veriləcək. Hal-hazırda isə orada hər hansı iş aparılmır.
Haqverdi Alıyev isə iddia edir ki, cavab məktubunda qeyd edilənlər həqiqəti əks etdirmir: "Əminliklə deyirəm ki, hərracdan dərhal sonra "Nağıoğlu” MMC yatağı istismar etməyə başlayıb. Ona görə əminəm ki, bununla bağlı videogörüntü var.
Onu da qeyd edim ki, "Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasilatı ilə məşğul olduğuna görə bir dəfə cəzalandırılıb. Baş Prokuroluqda faktla bağlı cinayət işi başlanıb və araşdırmalar zamanı məlum olub ki, şirkət dövlətə 700 000 min manat zərər vurub. Həmin zərər bu gün də dövlətin nəfinə ödənilməkdədir. "Nağıoğlu” MMC indi də eyni qanunsuzluğa yol verir”.
Sahibkar deyib ki, əgər kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsində qum-çınqıl hasilatını həyata keçirmək qanuni idisə, o zaman 05 aprel 2023-cü ildə keçirilən hərracın nəticələri ləğv edilməli, yenidən hərrac təşkil olunmalı və onun da iştirakım təmin edilməli idi. Əks təqdirdə baş verənlər haqsız rəqabət mühitinin formalaşmasına xidmət etməkdən başqa bir şey deyil.
Haqverdi Alıyevin iddiaları ilə bağlı Nağıoğlu şirkətinin mövqeyini öyrənmək mümkün olmayıb.(Qaynarinfo)