Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı - Elçin Yusubovu təhdid edənlər kimdir
Gündəm / Siyasət
13-05-2024, 14:32
458
Əmlak Məsələləri Dövlət Xidmətində ciddi kadr islahatları gözlənilir...
Belə ki, Xidmətdə köhnə ənənələrə sadiq qalan məmurların vəzifədən uzaqlaşdırılacağı gözlənilir. Burda xidmət rəisindən daha çox digər fiqurlar söz sahibinə çevrilib.
Bununla bağlı ALFA.TV xəbər verir ki, 2020-ci ilin mayında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilən, bu gün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəs vəzifəsini tutan Yusubov Elçin Mustafa oğlu xidmət daxilində böyük bir şəbəkə yaradıb və yeri gəldikdə cənab Eynullayevə də güc göstərə bilib. Elçin Yusubov Xidmətdən getsə də həmin komanda yenə də öz fəaliyyətindədir. Bu sırada xüsusi aktivliyi ilə fərqlənən şəxs isə Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Arif oğlu Bəşirovdur. Taleh Bəşirovun dövlət torpaqlarını məmurlara peşkəş etməsi qarşılığında aldığı Range Rover zamanla özü nəhəngliyində problemə çevrilməkdədir. Məhz həmin iş adamı ilə birgə Novxanıda yerləşən “Metallurq” düşərgəsində qaçqınları məskunlaşdığı ərazinin qeyri qanuni zəbti Bəşirov üçün ciddi problemlər yaradıb. Dövlət torpaqları hesabına milyonlar qazanan Taleh Bəşirov Tükiyədə də nəhəng biznes imperiyası yaradıb. Tez-tez Türkiyəyə səfərlər edən Taleh Bağırov öz biznesini Azərbaycandan kənarda genişləndirməkdə maraqlıdır.
Məlumata əsasən Əmlak Məsələləri Dövlət Xidmətində qanunsuz yollarla nəhəng biznes imperiyası quran məmurlardan biri də Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdir müavini Eldəniz Qafarovdur. O, əslən Şəmkirin Zəhim kəndindəndir, o, nə qədər torpaq sahəsinin məmurlara satılmasına imza atıb və rüşvətlə qazandığı milyonların hesabına oliqarxa çevrilib. Paytaxt ərazisində biznes üçün ən uğurlu nöqtələrin zəbti Eldəniz Qafarovun adı ilə bağlıdır . Gediş-gəlişin çox olduğu ərazilərdə boş torpaq sahələrini, hətta səki, park və zibilxanaları belə zəbt edən müdir müavini, qısa zamanda bu ərazilərdə ictimai iaşə obyektləri və mağazalar inşa edərək öz biznes imperiyasını durmadan genişləndirir. Tutduğu vəzifə və yüksək ranqlı məmurlarla qurduğu dostluq münasibəti ona zəbt etdiyi əraziləri qısa zamanda sənədləşdirməyə, əməlinə qanuni don geyindirməyə imkan verir.
Xidmətdə öz hökmranlığını yaradan digər bir şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyevdir. Bu qurumda çoxdan çalışması səbəbi ilə özünü Əmlak Məsələləri Dövlət Xidmətinin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir. Maraqlıdır ki, gecə-gündüz fərdi maraqları üçün çalışan İlqar Həbiyev həm də siyasi intriqa ustası və daha yüksək vəzifələrə hədsiz iddialı şəxs kimi tanınmaqdadır. Şöbə rəisi hesab edir ki, onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Xidmətində özü üçün potensial təhlükə hesab etdiyi şəxsləri ləkəmə, gözdən salma kampaniyası həyata keçirən şöbə rəisi, bununla “yüksək vəzifəyə layiq yeganə namizəd” statusu formalaşdırmağa çalışır.
Xidmət rəhbərliyinin yaxın vaxtlarda bu şəbəkəni bitirəcəyi gözlənilir. Lakin Xidmət rəhbərliyində təmsil olunan bəzi şəxslər hesab edir ki, Elçin Yusubovun yaratdığı qruplaşma üzvlərinin sadəcə işdən uzaqlaşdırılması yetərli olmaya bilər. Onlar öncə törətdiyi qanunsuzluqlara görə cavab verməli, etdiyi əməllərə görə cəzalandırılmaldır. Bu səbəbdən də məlum üçlük bütün dostluq əlaqəsində olduğu bütün iri ranqlı məmurlara müraciət edərək ona kömək etmələrini istəyib. Lakin görünən odur ki, kimsə əmlak oliqarxlarına kömək etmək niyyətində deyil. Rədd cavabı alan komanda isə bütün əməllərinə Elçin Yusubovu şərik edəcəklərini mesaj verməklə keçmiş liderlərini şantaj edirlər.
cumhuriyyet.net