Cənubi Qafqazda aranı kim qızışdırır? - ÇEVRƏMİZ QAYNAYIR...

Gündəm / Siyasət
14-05-2024, 13:49 317
Cənubi Qafqazda aranı kim qızışdırır? - ÇEVRƏMİZ QAYNAYIR...

Şəkil 1. Gürcüstanda etirazçıların istifadə etdiyi sloqanlardan: Yanlış nəslə ilişmişiniz, biz azadlığı seçirik, SSRİ-yə qayıtmaq – HEÇ VAXT

Ümumi məlumat: Hal-hazırda Cənubi Qafqazın iki ölkəsi Gürcüstan və Ermənistanda vəziyyət yenidən qarışmaqdadır. Gürcüstanda illik büdcəsinin 20%-dən çoxu xarici donorlar hesabına formalaşan QHT-lər və media orqanlarının reyestrdən keçməsini nəzərdə tutan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdən keçməsini qəbul etməyən kütlələrin etiraz dalğası bürüyüb. İqtidar bu qanunu “demokratiyanı istənilən xarici müdaxilədən qoruma” kimi təqdim etsə də, müxalifət “Gürcüstanda rus qanununa ehtiyac yoxdur, Avropa gürcü xalqının seçimidir” şəklində təqdim edir. Digər tərəfdən etirazlara informasiya dəstəyi verən Qərb başqa sözlə, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı da öz mətbu orqanlarında qanunu Rusiyanın Gürcüstana təsir imkanının artması üçün vasitə kimi təqdim edirlər. Məsələn, Aİ-nin bəyanatında deyilir: “Bu çox narahatedici hadisədir, qanunun təsdiqi Gürcüstanın Avropa İttifaqına gedən yoluna neqativ təsir edəcək və bu qanun Aİ-nin təməl normaları və dəyərlərinə uyğun gəlmir.” Paradoksal vəziyyət ondan ibarətdir ki, ilk belə qanun ABŞ-da 1938-ci ildə qəbul olunub və “Xarici Agentlərin Qeydiyyat aktı” adı ilə hələ də qüvvədədir. Çox maraqlıdır ki, qanun Rusiyada ABŞ-dan 73 il sonra 2011-ci ildə qəbul edilsə də, Qərb mediası onu “Rus qanunu” kimi təqdim edir və etirazçılar da sanki bu ideyadan bəslənirlər. Onu da qeyd etmək lazımdır ki, Gürcüstan QHT-lərin, xaricdən maliyyələşən qurumların çox olduğu ölkələr sırasındadır. Belə ki, elə də böyük əraziyə və əhaliyə malik olmayan Gürcüstanda 25 000-ə yaxın QHT fəaliyyət göstərir və onların çox böyük bir qismi Qərbdən maliyyələşir.

Trend xəbər verir ki, Ermənistanda isə Azərbaycanla sərhədlərin demarkasiya prosesinin tərkib hissəsi olaraq 4 kəndin Azərbaycana qaytarılmasını heç bir vəchlə qəbul etməyənlərin etiraz dalğası mayın 9-da paytaxt İrəvana da sıçrayıb və etirazlara başçılıq edən arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

Bu gün Gürcüstan və Ermənistanda baş verən prosesləri sadəcə təbii gedişatın nəticəsi, yaxud da ölkədə baş verənlərin məntiqi nəticəsi kimi qəbul etmək yəqin ki, sadəlövhlük olardı. Gürcüstan Cənubi Qafqazın mühüm tranzit ölkəsidir. 2003-cü ildə bu ölkədə xarici dəstəklə “Qızılgül inqilabı” adı altında hadisələrin baş verməsi heç kimə sirr deyil. 30 ildən çox qonşu dövlətin ərazisini işğal edən, nəticədə Türkiyə ilə dövlət sərhədi hələ də bağlı olan, dənizlərə heç bir çıxışı olmayan, həmçinin də səbəb olduğu müharibəyə görə regionun bütün mühüm layihələrindən kənarda qalan Ermənistanda da hal-hazırda müxtəlif siyasi qüvvələrin öz maraqlarını həyata keçirməyə çalışması məlumdur. Ermənistanda hazırda davam edən etiraz aksiyaları da ölkə xaricindən idarə edilərək Gürcüstanda sınanmış eyni texnologiya və metodlarla aparılmaqdadır.

Hal-hazırkı etirazların sosial bazasını araşdırmaq üçün hər iki ölkədə demoqrafik vəziyyətə nəzər salmaq lazımdır. Real çevrilişlərin müşahidə olunduğu ölkələrdə bu cür etirazlara başçılıq edən aparıcı qüvvələr şübhəsiz ki, gənclərdən təşkil olunur. Bu gün Gürcüstanda da, Ermənistanda da əhalinin nisbətən yaşlanması və siyasi proseslərin təsiredici gücü hesab olunan gənclərin sayının azlığı müşahidə edilir. 2023-cü ilin statistikasına görə, Gürcüstanda 15-29 yaşlıların sayı əhalinin sadəcə 17,4 %, Ermənistanda isə bu faiz 17,9% təşkil edir. Ona görə də bu ölkələrdə hal-hazırda baş verən etiraz aksiyalarının sadə xalqın dəyişiklik istəyən gənc nümayəndələri tərəfindən təşkil olunduğunu iddia etmək olmaz.

Gürcüstan və Ermənistanda davam edən etirazlar vaxtı ilə keçmiş Yuqovlasiyada baş verən hadisələri xatırladır. Belə ki, 2000-ci ildə keçmiş Yuqoslaviyanın tərkib hissəsi olan Serbiyada “Buldozer inqilabı” adı verilən və Slobadan Miloşeviçin devrilməsi ilə başa çatan inqilab baş verdi. Həmin dövrdə Serbiyada hakimiyyətin devrilməsi ilə sona çatan etirazların əsas hərəkətverici qüvvəsi xaricdən maliyyələşən “Otpor” tələbə gənclər hərəkatı olmuşdur.

Şəkil 2: Serbiyada “Buldozer” inqilabı.

Ancaq həmin dövrdə və daha sonra hadisələri təhlil edənlər qətiyyən şübhə etmirlər ki, bu inqilab sadə xalq tərəfindən deyil, keçmiş Yuqoslaviya ərazilərində maraqları olan, bu respublikaların milli maraqlarına xidmət etməyən xarici qüvvələrin dəstəyi ilə həyata keçirilib. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, “Associated Press” beynəlxalq informasiya agentliyi 2000-ci ilin payızında, yəni inqilab başlayan ərəfədə Yuqoslaviyaya xaricdən 34 milyon dollar pul köçürüldüyünü yazmışdı.[1] Onu da qeyd etmək lazımdır ki, “Otpor” təşkilatı ilə eyni funksiyanı Gürcüstan və Ukraynada həyata keçirən “Kmara” və “Pora” adlı gənclər təşkilatların simvolları belə eynilik təşkil edir. Bunun özü xarici qüvvələrin eyni texnologiya və metodları müxtəlif ölkələrdə birə-bir eyni ssenarilərlə istifadə etməsinə sübutdur.

Şəkil 3. Serbiya, Gürcüstan və Ukraynada baş verən dövlət çevrilişlərini həyata keçirən əsas gənclər təşkilatları

Bütün bunlar o nəticəyə gəlməyə əsas verir ki, Gürcüstan və Ermənistanda hal-hazırda davam edən, Azərbaycanla münasibətlərə də dolayı yolla təsir edən proseslər təsadüfi və ya təbii xarakter daşımır, əksinə fərqli mərkəzlərdən və əvvəllər istifadə olunan ssenarilərlə idarə olunur. Müasir tarix buna bənzər bir neçə hadisəyə şahidlik edib. Ancaq eyni zamanda onu da qeyd etmək lazımdır ki, hazırda bu ölkələrdə mövcud olan siyasi qüvvələrin və elitaların biliyi və təcrübəsi çevriliş ssenarilərinin baş tutmaması üçün kifayət qədər böyükdür.(TREND)