Dörd kəndin yaratdığı yeni ümidlər: - Bəs sonra nə olacaq?

Gündəm / Siyasət
24-05-2024, 19:30 757
Dörd kəndin yaratdığı yeni ümidlər: - Bəs sonra nə olacaq?

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə aparılan delimitasiya işləri yekunlaşıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması təmin edilib. Qazax rayonunun qaytarılmış kəndlərinin əraziləri Azərbaycanın Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Azərbaycan-Ermənistan arasındakı münasibətlərin pozitiv inkişafı növbəti proseslərin nədən ibarət olacağı ilə bağlı suallar yaradır. Hər nə qədər Ermənistan daxilində prosesləri pozmaq istəyən qüvvələr səs-küy salsalar da, etirazçıların sosial və hüquqi bazalarının olmaması onları Ermənistan daxilində Paşinyan iqtidarına qarşı ciddi siyasi rəqibə çevirə bilmir.
Ermənistan siyasi arenasında Azərbaycanla münasibətlərə əks qütblərdə dayananların fikirləri hakimdir. Mövcud Ermənistan hakimiyyətinin rəsmiləri Azərbaycanla münasibətlərin normallaşdırılmasına tərəfdar olduğunu bildirir, hətta bir az da irəli gedərək Azərbaycan qazına müştəri olmaq niyyətlərini ifadə edirlər. Azərbaycana və ümumilikdə sülhə qarşı əks qütbdə dayanan müxaliflər isə region ölkələri arasında münasibətlərin qurulmasına hər vəchlə mane olmağa fürsət axtarırlar. Dörd kəndlə bağlı Ermənistan daxilində hay-küy yaradan din xidmətçilərinin siyasi oyunbazlığı onların Ermənistan cəmiyyətindəki nüfuzunu yerlə bir etdi. Ard-arda Ermənistan rəsmiləri tərəfindən həmin din xadimlərinin maskaları yırtıldı, kilsə xadimlərinin Ermənistan cəmiyyətinin daxilində nifrət toxumları yetişdirməsinin qarşısının alınması, yaradılmış miflərin məhv edilməsinin vaxtının çatdığı ifadə olundu.
Bəs bundan sonra nə olacaq?
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan politoloq Tofiq Abbasov bildirib ki, bu, gözlənilən hadisə idi:
"Bizə bəlli idi ki, may ayında bu kəndlər bizə qayıtmalıdır, bunu gözləyirdik. Bu, Azərbaycanın dominant rolunun daha bir təzahürüdür. O dörd kənd Azərbaycanla Ermənistan arasındakı münaqişənin tərkib hissəsi deyildi. Hər kəsə yaxşı bəlli idi ki, bu ərazilər müharibəyə qədər, Sovet dönəmində Azərbaycana məxsus yaşayış məntəqələri olub. Ermənistan bu kəndləri işğal etmişdi. Faktiki olaraq qaytarılan bu dörd kənd və eksklav olan dörd kənd bizim əzəli tarixi torpaqlarımızdır".

Onun sözlərinə görə, hazırda Ermənistan hakimiyyətinin praqmatik davranışları müşahidə edilir:
"Ermənistan hakimiyyəti başa düşür ki, başqa yol yoxdur. Yəni, münaqişə vəziyyətinin uzanması Ermənistanın xeyrinə olmayacaq. Azərbaycanın güclü olması onlara heç bir şans saxlamır. Biz həm də görürük ki, sağlam mövqeyimiz, legitim işlərimiz heç bir tərəfdə narazılıq doğurmur. Sadəcə Fransa bu proseslərə qərəzli yanaşır və Azərbaycanla Ermənistan arasında sülh əldə olunmasını istəmir. Mən bunun üçün Fransanın atdığı addımları əbəs hesab edirəm. Bizim işimizin qayəsi ədaləti bərpa etməkdir".
Politoloq həmçinin qeyd edir ki, bundan sonrakı mərhələ eksklavların taleyi ilə bağlı olacaq. Onun sözlərinə görə, bütün proseslər ayrı-ayrılıqda sülh prosesinin mərhələləridir:
"Bu mərhələlərlə bağlı tərəflərin öz yanaşması var. Ancaq yekunda həqiqət öz yerini tapmalıdır. Əgər onlar müxtəlif dövrlərin xəritəsindən danışırlarsa, orada hər şey təsbit olunub. Azərbaycan növbəti mərhələdə eksklavların taleyini həll etməlidir. Bütün bunlar həllini tapmamış sülhə tələsmək olmaz".

Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, haqqında danışılan kəndlərin geri qaytarılması döyüş yolu ilə torpaqlarımızın azad edilməsi qədər əhəmiyyətlidir:
"Ermənistan ərazisində qalan, Sovet dövründə mənimsənilmiş ərazilərin mərhələli şəkildə qaytarılması Cənubi Qafqazda, xüsusən də Azərbaycan və Ermənistan arasında formalaşmış problemlərin həllinə gətirib çıxara bilər. Biz məsələyə təkcə Azərbaycanın hərbi üstünlüyü kimi yox, həm də sülhün və sabitliyin təmin edilməsi istiqamətində atılan addım kimi baxmalıyıq. Əvvəlki dövrlərdə yüksəkliklərin nəzarətə götürülməsini manevr imkanlarımızın yaxşılaşması kimi təqdim edirdik. Bu razılaşmaları isə sülhə xidmət edən amillər kimi qəbul etməliyik. Unutmaq lazım deyil ki, sülh üçün ciddi iradəyə və razılaşmalara, həmçinin qarşılqılı güzəştlərə ehtiyac var. Bu olmasa, sülh heç vaxt qalıcı ola bilməz".

Onun sözlərinə görə, həm Azərbaycanın, həm də Ermənistanın səbr, təmkin və iradə nümayiş etdirməsi müsbət hadisələrə şahid olmağımıza imkan verir:
"Paşinyanın açıq mətnlə verdiyi mesajlarda kənar qüvvələrin prosesləri pozmağa yönəlmiş addımlarını qeyd etməsi, eyni zamanda Azərbaycan liderinin bu məsələlərlə bağlı təmkin nümayiş etdirməsi, müharibənin yenidən alovlanmasının qarşısının alınması üçün fundamental addımlar atması regionda uzun müddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq. Həmin dörd yaşayış məntəqəsi Ermənistan Şimal-şərq bölgəsində yerləşir. Bu kəndlər Ermənistanla Gürcüstan arasındakı nəqliyyat qovşağının üzərində yerləşsə də, Ermənistan prosesləri uzatmağa meyillənmədi. Ermənistan anladı ki, ona dəstək verdiyini iddia edənlər heç bir faydalı iş icra edə bilməzlər".

Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə Azərbaycan və Ermənistan birgə nəqliyyat layihələrinin həyata keçirilməsinə start veriləcək, daha sonrakı dövrdə iqtisadi layihələrin reallaşdırılmasını görə bilərik.
"Bu isə yekunda biznes tərəfdaşlığının qurulması ilə nəticələnə bilər. Bütün bunlar həqiqətən də regiona kənar qüvvələrin müdaxiləsinin qarşısını alacaq. Bununla da okeanın o tayından bizə ağıl öyrətmək istəyənlərin niyyəti baş tutmayacaq" - ekspert fikrini yekunlaşdırıb.
Anlaşılan odur ki, dörd kəndin qaytarılması Ermənistanda Paşinyan iqtidarının əleyhdarları üçün yeni bir fürsətə çevriləcək. Ancaq perspektivdə Ermənistan cəmiyyətinin praqmatik kəsiminin vay-şüvənçi müxaliflərin oyunbazlıqlarında iştirakçı olacağına əsas yoxdur.