"Kimin pulu yoxdur, onları “yararsız” yazıblar" - NARAZILIQ VAR...
Gündəm / Aktual
Bu gün, 17:11
21
Qubadlı rayonu, Xallava kənd sakini Nəcəfova Kifayyət Əşrəf qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:
“Mən, Nəcəfova Kifayyət Əşrəf qızı, yazaraq bildirirəm ki, 04.04.1961-ci ildə anadan olmuşam. Hazırda Bərdə rayonunda yerləşən internat məktəbinin yataqxanasında yaşayıram. Bərdə Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində xadimə işləyirəm.
Sol döşümdə şiş olduğu üçün 2021-ci ildə cərrah, həm də Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru olan Vüsal Məmmədova müraciət etdim. Ona görə ki, Vüsal həkim məni 2017-ci ildə əməliyyat etmişdi. Mən ondan çox razı qaldığım üçün, təkrar Vüsal həkimə müraciət etdim. Bildirdim ki, məni özü əməliyyat etsin, heç kəsə əmanət etməsin.
Mənə dedi ki, qorxma, həkim-cərrah Bəhruz Abbasov əmaliyyat paketi hazırlasın, səni özüm əməliyyat edəcəm. Lakin Bəhruz həkim mənə söylədi ki, səni özüm əmaliyyat edəcəm. Mən Bəhruza bildirdim ki, onun əməliyyat etməsini istəmirəm.
Sonra məlum oldu ki, Vüsal Məmmədov məndən xəbərsiz əməliyyatımı Bəhruz həkimə və uşaq cərrahı Ramiz Əhmədova həvalə edib. Qeyd edim ki, Bəhruz həkim məndən şişin harda olduğunu belə soruşmayıb. Məni analiz, rentgen belə etmədilər.
Hazırda sol qolum yuxarı qalxmır.
Vüsal həkimə dedim ki, sizi Mehriban Əliyevaya şikayət edəcəm, cavab verdi ki, boş şeydir, kimə istəyirsən şikayət elə.
Bildirim ki, Bərdədə 148 nəfər işçinin 111 nəfərini “yararlı” yazıblar. Kimin pulu yoxdur, onları “yararsız” yazıblar. Mən niyə yararsız oluram? Xadimə işləyirəm, yük daşımıram, uzaq yol yerimirəm. Qəsdən belə edirlər”.
Qeyd edək ki, Kifayət Nəcəfovanın şikayəti ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədovun da mövqeyini öyrəndik: “Bu, olub-bitmiş məsələdir. Bu məsələ ilə bağlı Kifayyət Nəcəfovanın TƏBİB-də rəsmi açıqlaması olub. Həkimlərin hər ikisinin səhvləri olub deyə, onlara xəbərdarlıq edilib. İcbari Tibbi Siğorta tərəfindən də bu məsələ araşdırılıb. Prokurorluqda da aydınlaşdırılıb. Bildiyim qədəri ilə Nəcəfova Kifayyət barəsində məhkəmə qərarı da olmalıdır.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə kimi şikayət edib. Yəni bu məsələ bütün platformalarda araşdırılıb. Kifayyət Nəcəfova TƏBİB tərəfindən də həkimlər təmin olunub, əməliyyatı tamamlanıb. Onun iddia etməyə haqqı yoxdur. Keçmişdə əlillik dərəcəsi varmış. Hazırda da “əmək qabiliyyəti olmayan” kimi həkim məsləhət komissiyası tərəfindən ekspertizaya göndərilir. Ora da getmək istəmir. Ya gedib əlilliyini təsdiq etməlidir, ya da əlillik qalsa işinə xitam verilməlidir. Və ya əlilliyi ləğv olunmalıdır”.
Məsələ ilə bağlı yazıda adı çəkilən həkim-cərrah Bəhruz Abbasovla da danışdıq: “Nəcəfova Kifayyət həkimlərə böhtan atır. O, böhtan atmaqla məşğuldur. Valideynlərimizi, bizləri təhqir edir. Qeyd edim ki, bir vaxtlar Azərbaycan vətəndaşlığından da imtina etmişdi, Ermənistan tərəfinə keçmək istəyirdi…”.