GÖYÜN SÜKUTU- TƏYYARƏDƏ HƏLAK OLAN MİLLİ QƏHRƏMANLARIN XATİRƏSİNƏ

Gündəm / Sosial
Bu gün, 11:48 68
GÖYÜN SÜKUTU- TƏYYARƏDƏ HƏLAK OLAN MİLLİ QƏHRƏMANLARIN XATİRƏSİNƏ

25 dekabr 2024-cü il. Bakıdan Qroznı şəhərinə uçan mülki təyyarə sakit göy üzünü yara-yara irəliləyirdi. Gecənin son qaranlığında şəhərin işıqları tədricən uzaqlaşır, buludlar sanki ağ dəniz kimi qanadların altına sərilirdi. Uşaqlar pəncərədən baxıb sevinclə qışqırır, gənclər telefonlarına video çəkir, yaşlılar isə sakitcə dua edirdilər. Heç kim bilmirdi ki, bu uçuşun adı sonradan tarixə ağrılı hərflərlə yazılacaq.
Pilot kabinəsində kapitan sükanı möhkəm sıxmışdı. Yanında ikinci pilot cihazları diqqətlə izləyirdi. Hər ikisi uzun illərin təcrübəsinə malik aviasiya mütəxəssisləri idi. Gənc bələdçilər sərnişinlərin rahatlığına nəzarət edir, gülümsəyərək insanlara sakitlik aşılayırdılar. Bu səslər cəmi bir neçə dəqiqə əvvəl duyulmuşdu:
— Qısa müddətdə enişə hazırlaşırıq.
Təyyarə buludların arasında sanki nəfəs alırdı. Mühərriklərin sakit səsi, sərnişinlərin pıçıltısı, pəncərədən görünən mavi üfüq — hər şey adi görünürdü. Amma qəfil bir titrəyiş bu ahəngi pozdu.
Kabinədə gərginlik hiss olunmağa başladı. Kapitan sükanı daha möhkəm sıxdı. Köməkçi pilot göstəriciləri diqqətlə izləyirdi. Hər ikisi anlayırdı — təyyarə artıq zədələnmişdi.
— Təzyiq düşür. Sol mühərrik dayanıb. Yanğınsöndürmə sistemi işləmir… – deyə ikinci pilot səssiz, amma qəti səslə dedi.
Kapitan cavab vermədi. Sükanı bərk tutdu; nəfəsi qısa, amma qərarlı idi.
— Heç bir hava limanı eniş üçün imkan vermir... Düzənliyə yönəlirik. Xəzərin üzərindən uçacağıq...
Təyyarə titrəyir, sərnişin salonunda vahimə dənizi qopurdu. Bəziləri dua edir, qışqırır, digərləri isə pəncərəyə yapışırdı. Bələdçilər uşaqları sakitləşdirməyə çalışırdılar; üzlərində qorxudan çox mərhəmət vardı. Onlardan biri:
— Sakit olun! Hər şey yaxşı olacaq! —  sözlərini dəfələrlə təkrar edirdi. 
Bir neçə sərnişin onun sayəsində özünü ələ ala bildi. Digər bələdçilər də sərnişinlərə kömək etməyə çalışırdı.
Kapitan və ikinci pilot yalnız təcrübələrinə güvənə bilərdilər; saniyələr uzanır, nəfəs daralırdı. Təyyarə sürətlə aşağı enməyə başladı. Radioda tam sükut hökm sürürdü. Mikrofona əl atdılar —  siqnal yox idi.
—  Sükut... tam sükut, – deyə kapitan pıçıltı ilə dilləndi.
O an onun baxışlarında qorxu yox, qərar vardı. Zədələnmiş təyyarəni yaxın hava limanlarında endirmək mümkün deyildi. Ona görə yaşayış məntəqələrindən kənar istiqamət seçildi — açıq düzənlik.
—  Qanadlarla yox, iradə ilə enirik... – kapitan pıçıldadı.      
  1. İstiqamət Aktaudur! Çətin qərardır, dənizin üzərindən uçacağıq. Başqa yolumuz yoxdur. Sərnişinlər xilas edilməlidir.
Xəzərin üzərindən qorxulu bir uçuş başladı — təyyarə idarə olunmur, hər an dənizə düşə bilərdi. İkinci pilot idarəetməyə kömək edir, bələdçilər isə sərnişinlər arasında qaçaraq:
—  Sakit olun, başınızı aşağı əyin! – deyə səslənirdilər. Yaxınlaşıb onlara məsləhətlər verir, kömək edirdilər.
İnsanlar həyəcan içində idilər. 
—  Kapitan, artıq vaxt yoxdur! – deyə  pilot bağırdı.
—  Biz onları xilas etməliyik! — kapitanın səsi titrədi. — Yaşamaq üçün yox, insanlıq üçün!     
Kabinəyə qədər çatan həyəcanlı səslər, qışqırıqlar... Biri Allaha yalvarır, biri balasının əlindən tutub ağlayır, digəri evinə zəng etməyə çalışırdı. Saniyələr uzanır, hər nəfəs bir ömür qədər ağır gəlirdi. 
Təyyarə düzənliyə yaxınlaşdı. Ekipaj iki dəfə Aktau aerodromunun uçuş-enmə zolağına enməyə cəhd göstərdi. Hər dəfə ərazidə dairə vurmağa məcbur oldular…
Kapitan son gücünü toplayaraq sükanı çəkdi.
Zərbə…  
Sanki dünya bir anlıq dayandı. Təyyarə yerə çırpıldı. Gövdə iki yerə bölündü, alov bir anda hər tərəfi bürüdü. Qığılcımlar göyə səpələnən ulduzlar kimi parıldadı. 
Kapitan və ikinci pilot artıq hərəkət edə bilmirdilər. Kapitan pəncərədən çöldə qaçan insanları gördü. Dodaqlarından yalnız bir cümlə süzüldü:
— Ən azı bəziləri sağ qaldı...
İkinci pilot kabinədən qalxmağa çalışdı, lakin alov onu uddu. Sonra göy sükuta qərq oldu...
Bələdçi son gücü ilə sərnişinləri çıxarmağa çalışdı.
— Qapıya tərəf! Tələsin! – deyə qışqırdı.
Alovun içindən sürünərək çıxan bir neçə nəfər sağ qaldı. Xilasetmə komandası dərhal hadisə yerinə çatdı. Təyyarəni söndürmək, sərnişinləri çıxarmaq üçün hər şeyə hazır idilər. 
Səhəri gün xəbərlər susqun səslə oxundu:
         Bakı–Qroznı reysi qəza nəticəsində yerə çırpılıb. Təyyarədə ekipaj üzvləri və sərnişinlər olmaqla, ümumilikdə altmış yeddi nəfər olub. Onlardan iyirmi altı nəfər sağ qalıb. Qəhrəmancasına həlak olan ekipaj üzvləri də var. Təcili xilasetmə işləri Aktau yaxınlığında uğurla aparılıb.
Göy matəm içindəydi, amma o sükutun dərinliyində insanlıq səssizliyi vardı — fədakarlığın, qorxusuzluğun, vəzifə borcuna sədaqətin sükutu.
Kimsə hələ də buludlara baxanda o təyyarəni görür kimi olur — sanki kapitan hələ də sükanı buraxmayıb, göylərdə insanlar naminə mübarizəsini davam etdirir...
Qəzanın üzərindən bir neçə ay keçmişdi. Yazın ilk günləri idi. Bakı Beynəlxalq Hava Limanında yeni tikilmiş xatirə lövhəsinin qarşısında insanlar toplaşmışdı. Lövhənin üzərində sadə, amma təsirli sözlər yazılmışdı:
“25 dekabr 2024-cü il. Göyün sükutunda qəhrəman kimi gedənlərə — minnətdarlıqla…”
İnsanlar ağ və qırmızı qərənfillər qoyurdular. Külək lövhənin üzərindəki adları oxşayır, sanki onlara “unutmadıq” deyirdi.
Göy bir anlıq yenə sükuta qərq oldu. Sanki həmin sükutun içində onların səsləri vardı — sakit, əzəmətli, qorxusuz.
          Hər dəfə bir təyyarə havaya qalxanda, buludların arasında onların ruhları o uçuşlara yoldaşlıq edirmiş kimi hiss olunurdu. Çünki bəzən qəhrəmanlıqlar yerə yox, göyə yazılır.
Qeyd: Hekayə 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarının “Embraer E190AR” təyyarəsi ilə həyata keçirilən J2–8243 nömrəli Bakı–Qroznı reysi zamanı qəhrəmancasına həlak olmuş hava gəmisinin kapitanı İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, stüardessa Hökumə Əliyeva və həmin uçuşda canlarından keçən bütün sərnişinlərin əziz xatirəsinə həsr olunur.
Leyla FƏRAT,
yazıçı, tərcüməçi