“Best Beef” kolbasalarında zərərli maddələr

Gündəm / Seçilmişlər
Bu gün, 13:13 62
“Best Beef” kolbasalarında zərərli maddələr
Son illər bazarda “keyfiyyətli”, “ət məhsulu” adı altında satılan kolbasaların tərkibi ciddi suallar doğurur. “Best Beef” müəssisəsinə məxsus servelat kolbasasının üzərində göstərilən məlumatlar da bu məhsulun tam təbii olmadığını açıq şəkildə ortaya qoyur.Məhsulun etiketində kolbasanın tərkibində müxtəlif qida əlavələrindən (E kodlardan) istifadə edildiyi qeyd olunur. Bu isə onu göstərir ki, sözügedən kolbasa yalnız ət və təbii ədviyyatlardan ibarət deyil. Etiketdə göstərilən tərkibə əsasən məhsulda ən az 3 zərərli qida əlavəsindən istifadı edilib. Onlardan biri də E450 – Fosfatlar yəni turşuluq tənzimləyicisizidir. Bu maddə məhsulun həcmini artırmaq və su tutumunu yüksəltmək üçün istifadə olunur. Bu qida əlavəsi kalsiumun orqanizmdən çıxmasına səbəb ola bilir,sümük əriməsi riskini artırır, böyrək və ürək-damar problemləri olanlar üçün təhlükəlidir. Uşaqlar və yaşlılar üçün tövsiyə edilmir.
Məhsuldakı E300 – Askorbin turşusu (antioksidant) adətən məhsulun rəngini qorumaq və oksidləşmənin qarşısını almaq üçün qatılır. Nisbətən təhlükəsiz hesab olunsa da, emal olunmuş ət məhsullarında istifadəsi məhsulun təbii olmadığını göstərir. E627 – Dinatrium guanilat (dad və iy gücləndiricisi) isə kolbasaya süni dad vermək məqsədi ilə istifadə olunur. Bu qida əlavəsi sinir sisteminə təsir göstərə bilir, baş ağrısı, ürəkbulanma yarada bilir. Allergik reaksiyalara səbəb ola bilir. Bu maddə uşaqlar üçün xüsusilə zərərlidir. Məhsulun etiket məlumatları açıq şəkildə göstərir ki, “Best Beef” servelat kolbasasının tərkibi tam təbii deyil. Məhsulda dad artırıcılar, struktur formalaşdıran və həcmi süni şəkildə çoxaldan qida əlavələri mövcuddur.Bu cür əlavələr qısa müddətdə məhsulun görünüşünü və dadını cəlbedici etsə də, müntəzəm istifadəsi sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislər məsləhət görür ki, istehlakçılar kolbasa və digər emal olunmuş ət məhsullarını seçərkən etiket məlumatlarına xüsusilə diqqət etməli, “ət məhsulu” adı altında satılan hər məhsulu təbii hesab etməməlidirlər. Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi apardığı yoxlama zamanı “Best Beef” müəssisəsinə məxsus “Ocaq” kolbsalarında etiket və tərkibdə uyğunsuzluq aşkarlamış, buna görə müəssisə cərimələnmiş, məhsul sarışdan çıxarılmışdı. Məsələ ilə bağlı qarşı tərəfi dinləməyə hazırıq. Tribuna.az