Təhsil sistemində ixtisas paradoksu:Mühasibdən paytaxt təhsilinin idarəçisinə aparan yol
Gündəm / Sosial
Bu gün, 14:32
34

Azərbaycan təhsil sistemində aparılan islahatlar fonunda kadr təyinatları xüsusi diqqət mərkəzindədir.
Lakin bəzi təyinatlar var ki, cəmiyyətə islahat ruhundan çox, cavabsız suallar təqdim edir. Bu qəbildən olan nümunələrdən biri də Anar Qədiməliyevin karyera yoludur. Rəsmi bioqrafiyaya əsasən, Anar Qədiməliyev:1999–2003-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr,2003–2005-ci illərdə həmin ixtisas üzrə magistr təhsili alıb.2013–2014-cü illərdə isə Azərbaycan Respublikasının Xaricdə Təhsil üzrə Dövlət Proqramı və ABŞ-ın “Fulbright” Tələbə Proqramı çərçivəsində Florida Universitetində magistr təhsilini davam etdirib.
Mediatv.az xəbər verir ki, onun bütün ali təhsili kənd təsərrüfatı yönümlü mühasibatlıq və audit sahəsini əhatə edir.Təhsil menecmenti, pedaqogika, təhsilin idarə olunması, ümumi təhsil sistemi üzrə isə açıq mənbələrdə heç bir akademik baza görünmür. 2016-2017-ci illərdə isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Keyfiyyətə nəzarət və monitorinq şöbəsinin müdiri vəzifələrində çalışıb nəzarət sektorlarının müdiri vəzifəsində çalışıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2020-ci il tarixli əmri ilə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, Azərbaycan Respublikası təhsil nazirinin 29 aprel 2022-ci tarixli əmrinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 30 oktyabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun əmri ilə Anar Qədiməliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub. Görəsən paytaxtın ümumi təhsil sistemini idarə edən vəzifəyə təhsil sahəsi üzrə ixtisası olmayan şəxs hansı meyarlarla seçilib?
Son illər sürətlə yüksələn kadrların böyük əksəriyyəti,ya Azərbaycan Respublikasının Xaricdə Təhsil Dövlət Proqramı,ya da oxşar beynəlxalq proqramlar vasitəsilə xaricdə təhsil almış şəxslərdir.Şübhəsiz, xaricdə təhsil üstünlükdür.
Lakin sual olunur ki, xaricdə oxumaq avtomatik olaraq istənilən sahədə rəhbər vəzifəyə yol açmalıdırmı?İxtisas uyğunluğu niyə arxa plana keçir?
İllərlə məktəbdə, rayon və şəhər təhsil strukturlarında çalışan, pedaqoji təhsili olan kadrlar niyə kölgədə qalır?
Əgər meyar sadəcə “xaricdə təhsil”dirsə, bu zaman təcrübə, sahə biliyi və peşə uyğunluğu hansı rolu oynayır?
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 29.2-də bildirilir ki,Təhsil müəssisələrinin idarə olunması müvafiq ixtisas, pedaqoji və idarəetmə hazırlığı olan şəxslər tərəfindən həyata keçirilməlidir.Mühasibat uçotu üzrə yetişmiş kadrın ümumi təhsil sisteminin idarəçiliyinə gətirilməsi bu maddə ilə açıq ziddiyyət təşkil edir.
“Ümumi təhsil haqqında” Qanun Maddə 14.1 deyilir:Ümumi təhsil sahəsində idarəetmə orqanlarında çalışan rəhbər şəxslər müvafiq təhsil ixtisasına və sahə üzrə peşəkar təcrübəyə malik olmalıdırlar.Burada “xaricdə oxumaq” deyil, təhsilin idarə olunması üzrə bilik əsas götürülür.
Təhsil sistemi sıradan bir idarəetmə sahəsi deyil. Burada verilən qərarlar:minlərlə müəllimin taleyinə,yüz minlərlə şagirdin gələcəyinə,valideynlərin etimadına birbaşa təsir edir.
Bu səbəbdən təhsil idarəçiliyi xüsusi ixtisas, sahə biliyi və uzunmüddətli praktik təcrübə tələb edir. Mühasibat uçotu və audit üzrə yetişmiş kadrın bu sistemi hansı elmi-pedaqoji əsaslarla idarə etdiyi isə cəmiyyət üçün hələ də qaranlıq qalır.Bu təyinat bir şəxsin problemi deyil – bu, sistemin güzgüsüdür. Əgər təhsil sistemində rəhbər vəzifələrə təhsil sahəsindən kənar ixtisas sahibləri gətirilirsə, onda islahat anlayışı formal şüara çevrilir.Və ən vacib sual yenə ortadadır:
Görəsən Azərbaycan təhsilini nə vaxta kimi uyğunluğu izah olunmayan "karyera yüksəlişli" şəxslər idarə edəcək, peşəkar təhsilçilər kənarda saxlanılacaq?
Qarşı tərəfin cavab haqqını tanıyırıq//Mediatv.az//
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!