Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."

Gündəm / Sosial
Bu gün, 15:15 13
Burda qanunlar yox... RÜŞVƏT ÖNƏMLİDİR... - "150 manat verməsən, arayış ala bilməyəcəksən..."

Araz Əliyev deyir ki, Ordubad Rayon Xəstəxanası sağlamlıq arayışı üçün ondan 150 manat rüşvət tələb edib. O, xəstəxananı nazirliyə şikayət etdiyini, lakin bu şikayətdən sonra təhqir olunduğunu və işinin daha da çətinə salındığını deyir.

Araz Əliyevin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, hadisə ötən həftə baş verib:

“Sürücülük vəsiqəsi üçün məndən sağlamlıq haqqında arayış istədilər. Getdim rayon xəstəxanasına, məni həkim Sevinc Süleymanovanın yanına göndərdilər. Qalxdım 4-cü mərtəbəyə, deyilən həkimin otağına. Ağzımı açmamış dedi ki, arayışın qiyməti 150 manatdır. Dedim ki, mən dövlət rüsumunu ödəyib, həqiqətən müayinədən keçmək istəyirəm. Razılaşmadı, dedi ki, biz yoxlanış etmirik, 150 manat verməsən, arayış ala bilməyəcəksən.”
Rayon sakininin sözlərinə görə, şikayətə getdiyi nazirlikdə onu yenidən xəstəxanaya yönləndiriblər:

“Naxçıvanın Səhiyyə Nazirliyinə gedib dedim ki, işçiləriniz məndən rüşvət istəyirlər. Onlar məni başlarından edib, xəstəxananın baş həkiminin yanına göndərdilər. Rüşvət istəyən həkimi cəzalandırmaq yerinə, mənim üstümə qışqırıb təhqir etməyə başladı. Rus dilində danışmağa başladı. Sonra polis çağırıb, məni xəstəxanadan çıxartdırdı. Dedi ki, bir daha bu xəstəxanaya gələ bilməzsən, get arayışını Culfadan al. Culfadakı xəstəxana isə mənə arayış vermir ki, Ordubad sakinidirəm. İndi nə edəcəyimi bilmirəm. Rüşvəti ifşa etdim deyə, başıma oyun açdular.”

Ordubad Rayon Xəstəxanasından qeyd olunan iddialara münasibət öyrənmək mümkün olmadı.

Gündəlik Naxçıvan