Baba Rzayevin fəaliyyətində ciddi pozuntular: Səmərəsiz xərclər…..

Gündəm / Aktual
Bu gün, 09:02 15

Hesablama Palatasının illik hesabatında “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) həyata keçirilən genişmiqyaslı auditin nəticələri də yer alıb. Dövlət büdcəsinin vəsaitlərindən istifadənin effektivliyini yoxlayan qurum, strateji əhəmiyyətli bu qurumda investisiya və satınalma sahəsində ciddi qanun pozuntuları, maliyyə intizamsızlığı və səmərəsiz xərcləmələr aşkar edib.

Palatanın son hesabatına görə, audit yoxlamaları 2022-2024-cü illəri əhatə edib və bu müddət ərzində ümumilikdə 255 milyon manatdan çox vəsaitin istifadəsi təftiş olunub.

Hesabatda ən diqqətçəkən məqamlardan biri Kiçik Su Elektrik Stansiyalarının (KSES) inşası ilə bağlıdır. Məlum olub ki, bu layihələr prioritet siyahısına salınarkən heç bir ciddi texniki-iqtisadi əsaslandırma aparılmayıb. Bu planlaşdırma xətası isə dövlət vəsaitinin faktiki olaraq səmərəsiz xərclənməsinə yol açıb.

Audit nəticəsində bəlli olub ki, tikintisi tamamlanmış 7 stansiyada istehsal gücündən istifadə göstəricisi kritik dərəcədə aşağıdır. Belə ki, bu stansiyalar cəmi 14,7%-dən 46%-ə qədərgüclə işləyir. Bu isə nəzərdə tutulan gəlirliliyin kəskin azalmasına, əvəzində isə texniki xərclərin artmasına səbəb olub.

Yoxlamalar zamanı tikinti və satınalma müqavilələrində də ciddi “kəşf”lər edilib. Palatanın auditorları müəyyən ediblər ki:

-Bəzi layihələrin smetasında ümumiyyətlə nəzərdə tutulmayan işlər və xərclər süni şəkildə satınalma müqavilələrinə daxil edilib;

-Görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunaraq rəsmiləşdirilib.

Bu faktlar dövlət satınalmaları haqqında qanunvericiliyin və tikinti normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.

Hesablama Palatası “Azərenerji”nin satınalma prosesini də kəskin tənqid edib. Hesabatda bildirilir ki, qurumda tender sənədlərinin rəsmiləşdirilməsi normativ tələblərə cavab vermir. Tender komissiyasının fəaliyyətində və ümumilikdə maliyyə idarəetməsində ciddi boşluqların olduğu vurğulanır.

Qeyd edək ki, Hesablama Palatası aşkarlanan bu pozuntuların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tapşırıqlar verib. Məsələnin hüquqi müstəviyə keçib-keçməyəcəyi isə hələlik rəsmi açıqlanmır.(Xalq.online)