Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..

Gündəm / Aktual
Bu gün, 13:04 12

Kəngərli rayonunun Xok kəndində suvarma suyunun rüşvət və şəxsi münasibətlər əsasında bölüşdürüldüyü iddia olunur. Kənd sakinlərinin “Gündəlik Naxçıvan”a dediklərinə görə, bəzi əkin sahələrinə mövsüm ərzində 3-4 dəfə su verildiyi halda, digərləri cəmi bir dəfə suvara bilib.

Sakinlər deyirlər ki, daha çox pul verənlər su növbəsində qabağa salınır, nəticədə su ala bilməyənlərin əkin sahələri quruyaraq məhv olur.

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən sakinlərdən biri deyir ki, onun 2 hektarlıq əkin sahəsi bu mövsüm cəmi bir dəfə suvarılıb. Onun sözlərinə görə, kənddə suyun bölüşdürülməsinə icra nümayəndəsi Mübariz Əliyevin də təsiri var:

“Bu il əkin sahəmə cəmi bir dəfə su veriblər. Halbuki kənddə elələri var ki, üçüncü, hətta dördüncü dəfə suvarıblar. Biz soruşanda gah deyirlər nasos xarabdır, gah boru partlayıb, gah da başqa bəhanə gətirirlər. Amma baxırsan ki, kiminsə sahəsinə yenə su gedir.

Mübariz Əliyev 20 ildən çoxdur kənddə rəhbərlikdədir, suyun kimə nə vaxt veriləcəyinə də onun sözü keçir. Mənim əkinim isə quruyur, məhv olur”.

Digər sakin isə su növbəsinin pul və şəxsi münasibətlər əsasında dəyişdirildiyini iddia edir. O deyir ki, daha çox pul verənlər və icra nümayəndəsinə yaxın olan şəxslər növbədə qabağa salınır:

“Burada növbə ilə iş getmir. Hektarına kim çox pul verirsə, onu qabağa salırlar. Pul verənlərin sahəsi bir neçə dəfə suvarılır, verməyən isə gözləyir. İcra nümayəndəsinin özünə və yaxınlarına aid sahələr də problemsiz suvarılır.

Hətta traktoru olanlara da daha çox su verirlər ki, sonra onların texnikasından istifadə etsinlər. Dövlətin suyunu şəxsi maraqlara uyğun bölürlər. Belə getsə, çox adamın əkini əldən gedəcək”.

Sakinlər aidiyyəti qurumlara müraciət edərək, suvarma suyunun ədalətli bölüşdürülməsini tələb edirlər.