“Kayu” bağçasında 2 yaşlı uşağa şiddət iddiası – Foto

Gündəm / Aktual
Bu gün, 11:27 6

2 yaş 2 aylıq oğlum hər dəfə bədəni göyərmiş halda bağçadan evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə poposunda çimdik izləri görəndə artıq şübhələndim.

Tribuna.az xəbər verir ki, bu barədə azyaşlının atası Elnur Əliyev sosial şəbəkədə bu barədə yazıb. O bildirib ki, övladı “Kayu” uşaq bağçasında şiddətə məruz qalıb:

“2 yaş 2 aylıq oğlum “Kayu” uşaq bağçası sayəsində “danışmağa” başladı. İlk sözü də “bolnıy sadik” oldu! Oğlum dil açdı, əli ilə alnını göstərib “bolnıy sadik” dedi. Bilmədim sevinim, yoxsa əsəbləşim…

Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə poposunda çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, “xoşunuz gəlmir, çıxarın”. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Gah ayağı, gah poposu, gah əli göyərirdi uşağın.

3 ay yayı bağçaya qoymadım. Dünən tətilindən sonra ilk gün yenə “Kayu” bağçaya apardım. Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı göm-göydür və şişib. Soruşuram ki, “bu nədir, ilk gündən yenə uşağın alnı göyərib?” Artıq sizdən şikayət edəcəm dedim. Və o məşhur sözü dedilər: “Gedin, hara istəyirsiz şikayət edin.”

Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı 7 saat sidik və nəcis içində saxlayıblar.

Zəng edib deyirəm ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, “Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin”.

Kayu uşaq bağçasına aylıq 300-400 manat xərcləməyə dəyməz. Əgər övladınızdan bezməmisinizsə, qətiyyən məsləhətli yer deyil. Təhsil nazirliyində adamları olmasa, bu cür bağçalar bir gün belə fəaliyyət göstərə bilməzdi”.

Məsələ ilə bağlı “Kayu” uşaq bağçası ilə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.