Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
Gündəm / Aktual
Bu gün, 14:57
13
Neftçalanın Xol zonasının sakinləri iddia edirlər ki, onlar başçının dövlət torpaqlarını özünün qanunsuz biznesinə çevirməsinin qurbanına çevriliblər
Neftçaladan daxil olan məlumata görə, icra başçısı Mirhəsən Seyidov bir müddət Xol zonasında əhali ilə səyyar görüşlər keçirib.
Görüşlərdə sakinlərin əsas şikayəti isə yolla bağlı olub. Lakin onlar öz şikayətlərini başçıya çatdıra bilməyiblər. Çünki yerli ərazi nümayəndələri onlardan xahiş ediblər ki, yolla bağlı məsələni onlar özləri başçıya çatdıracaqlar.
Qeyd edək ki, Neftçalanın Xol zonası adlanan ərazisində 8 səkkiz kənd yerləşir və bu kəndlərdə ümumi 24 mindən artıq əhali yaşayır. Rayonun əsas yaşayış məntəqələrindən kənarda yerləşən ərazi Salyanın Şorsulu kəndindən başlayıb Masallıya və Xəzər dənizinə qədər uzanır.
Şikayətdə qeyd olunur ki, istər Salyana, istərsə də Neftçalaya gedən yollar hazırda bərbad vəziyyətdədir və yerli əhalinin əsas sosial problemlərindən biridir. Bu yollar 5 il əvvəl AAYDA tərəfindən təmir olunsa da hazırda keçilməz vəziyyətdədir. Sakinlər isə yolların bərbad vəziyyətdə olmasını daha çox icra başçısı ilə əlaqələndirilər.
“Əvvala bu yollar başdan-sovdu təmir olunur. Sonuncu dəfə gəlib yolları qırlayıb gediblər. Normalda biz qırlanmış yollarla da idarə edə bilərik. Amma yay və payız aylarında ağır tonnajlı maşınlar yolları bərbad hala salırlar. Məsələ ondadır ki, Xolla Aşqğı Qaramanlı kəndi arasında 30 min hektarlıq qış otlaq sahəsi yerləşir. Hələ sovet dönəmində bu ərazilərdə heyvan otarırıdılar. Amma indi həmin qış otlaq torpaqlarını başçı Mirhəsən Seyidov rayondan olmayan adamlara pulla satıb. Onlar isə sənəddə heyvan saxlasalarda, əslində heç birinin heyvanları yoxdur. Bu adamlar qış otlaq sahələrində qanunsuz olaraq taxıl əkirlər və həmin taxılı daşıyan ağır tonnajlı maşınlar da yolları dağıdırlar. Eə başçının özü də həmin ərazilərdə taxıl əkir. Yəni biz başçının dövlət torpaqlarını özünün qanunsuz biznesinə çevirməsinin qurbanına çevrilmişik”, deyə sakinlərdən biri Poliqon-a bildirib.
Sakin qeyd edib ki, başçıyla görüşdən əvvəl yerli icra nümayəndələri onlardan yolla bağlı məsələni qaldırmamağı xahiş ediblər:
“Nümayəndələr bizə dedilər ki, başçı elə dağılmış yolla görüşə gəlir. Özü hər şeyi görəcək. Biz də sizlərin narazılığını başçıya çatdıracağıq”.
Nümayəndələrin əslində başçıya yarınmağa, həm də özlərini qorumağa çalışdıqlarını vurğulayan başqa bir sakin bildirib, görüşdən sonra nümayəndələr yol problemi ilə bağlı sualalra cavab vermək istəmirlər, sadəcə məsələni başçıya çatdırdıqlarını deyirlər.
Digər bir sakin də bildirib ki, heç olmasa başçı rayon yol idarəsinin imkanları ilə yollarda yaranmış çalaları doldurub yola “yamaq” vurdura bilər.
“Amma bizə deyirlər ki, yol idarəsinin bu işləri görməyə pulu yoxdur. Onda başçı bu ərazidən qazandığı pullarla yolu təmir eləsin. Axı yolu dağıdan da odur”, deyə sakin qeyd edib.
Xatırladaq ki, Poliqon Neftçalanın Xol zonasında dövlət torpaqlarının qanunsuz istismarı ilə bağlı dəfələrlə yazıb, lakin əlaqədar qurumlar bu problemə hələ də sükutla cavab verirlər.
Vətəndaşların haqlı şikayətləri ilə bağlı Neftşala rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək üçün Poliqon sorğu göndərsə də, aradan keçən müddətdə sorğya cavab alınmayıb. Bütün halalrda Neftçala rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Onu da qeyd edək ki, son zamanlar Neftçaladan sosial problemlərlə bağlı şikayətlər çox artıb. Bu şikayətlərə əsaslanaraq Neftçalanın sosial problemlərini növbəti yazılarımızda təqdim edəcəyik.(Poliqon)
















