Dövlət Sığorta Şirkəti sığortanı gecikdirir - GİLEY

Cəmiyyət
10-02-2022, 14:50 565


Azərbaycan Dövlət Sığorta Şirkəti Yasamalda qəza zamanı avtomobil sahibinə dəymiş zərərə görə təyin olunan sığorta vəsaitinin ödənişini gecikdirir.

Tereqqi.az-ın məlumatına görə, qaynarinfo-ya daxil olan müraciətdə bildirilir ki, ötən ilin dekabr ayının 21-də Yasamal rayonu, Moskva prospekti, "Şamaxinka” deyilən ərazidə yerləşən tuneldə 10 HN 096 dövlət nömrə nişanlı "Hunday Santa Fe” hərəkətdə olarkən 77 CH 756 "Chevrolet Cruze”a çırpılıb. Hər iki avtomobilə ciddi zərər dəyib.

Muxatrova Günay Mayıl qızının adına olan 77 CH 756 "Chevrolet Cruze”a Dövlət Sığorta Şirkətinin əməkdaşları tərəfindən qəza zamanı dəymiş zərərlə bağlı baxış keçirilib. Ümumilikdə dəymiş zərərin miqdarı 1850 manat hesablanıb.

Günay Muxtarovanın həyat yoldaşı Hilal Muxtarov saytımıza bildirib ki, bu ilin yanvar ayının 15-də sənədlər tam rəsmiləşdirilsə də, Azərbaycan Dövlət Sığorta Şirkəti vətəndaşa dəymiş ziyana görə hesablanan məbləği ödəmir:

"Qanunvericiliklə Azərbaycan Dövlət Sığorta Şirkəti dəymiş zərərə görə hesablanan vəsaiti 10 gün ərzində ödəməlidir. Amma süründürməçilik edirlər. Dəymiş zərər sığortanın göstərdiyi vəsaitdən çoxdur. Lakin biz işin məhkəməyə gedib, uzanmasını istəmədiyimizdən sığorta şirkətinin ayırdığı məbləğlə kifayətlənməli olduq. Hadisədən 3 ay keçməsinə baxmayaraq, Azərbaycan Dövlət Sığorta Şirkəti dəymiş zərərə görə 1850 manat vəsati ödəməyi gecikdirir”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Sığorta Şirkəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hadisə 21.12.2021-ci ildə Yasamal rayonunda baş verib:
"Dekabrın 29-da avtomobilə dəyən zərər 1850 manat təyin olunub. Avtomobilin sahibi bu ilin yanvar ayının 23-də aktı imzalayıb və rəhbər təsdiqinə 27-si verilib. Fevral ayının 1-də rəhbər tərəfindən iş təsdiqlənib və vəsait fevral ayının 9-u maliyyə şöbəsinə daxil olub. İcra prosessi bu tarixdə yekunlaşıb. Ödənişin Ganay Muxtarovanın adına nə vaxt köçürüləcəyi ilə bağlı məlumat gələn həftə ərzində bilinəcək”.

Şirkətdən o da deyilib ki, vəsaitin Günay Mikayılovanın adına köçürülməsinin gecikdirilməsinin səbəbi ilə bağlı dəqiq məlumat verə bilməyəcəklər:

"Bəli, qanunvericiliyə görə 7 iş günü müddətində vəsait hesaba köçürülməli idi. Əgər ümumi olaraq gecikmə ilə bağlı məlumat almaq istəyirsinizsə, bu barədə iş icraçısı ilə danışın”.