Dövlətə meydan oxuyan "AF Hotel-Aquaprk" və onun arxasındakı kölgə: Ramiz Mehdiyev şəbəkəsi hələ də iş başındadır? VİDEO
Dünya
Dünən, 09:57
15
Novxanıda yerləşən "AF Hotel-Aquaprk" kompleksi ətrafında baş verən son hadisələr ölkədə qanunun aliliyinə və vətəndaş təhlükəsizliyinə açıq-aşkar meydan oxunduğunu bir daha sübut edir.
Bir müddət öncə oteldə baş vermiş yanğın hadisəsindən sonra Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən obyektin otel hissəsinin fəaliyyətinə rəsmi qadağa qoyulub. Qərara əsasən, yalnız akvapark hissəsinin fəaliyyətinə icazə verilir.
Lakin reallıq nədən ibarətdir? "AF Hotel" rəhbərliyi nə dövlət qurumunun rəsmi qərarını sayır, nə də bura pənah gətirən vətəndaşların can təhlükəsizliyini!
Dövlətin qanunlarını bu dərəcədə heçə saymaq, rəsmi qadağalara tüpürmək cürəti haradan qaynaqlanır?
Bu rəhbərlik kimə arxalanır ki, insan həyatını hər an alova bürünə biləcək bir məkanda riskə atmaqdan çəkinmir?
"Bura Bilirsiniz Kimindir?!"
Məsələni yerində araşdırmaq və ictimaiyyətin səsini çatdırmaq üçün media mənsubu olaraq "AF Hotel"ə yaxınlaşdıq. Bizi qarşılayan Afaq adlı xanımın rəftarı və leksikonu əslində oteldə hökm sürən özbaşınalığın vizual göstəricisidir.
Afaq xanım jurnalistləri qanun və etika çərçivəsində deyil, hansısa feodal təfəkkürünə xas təkəbbürlə qarşıladı. Söhbətə hədələyici və özündənrazı bir tonda, "Bura bilirsiniz kimindir?!"
ifadəsi ilə başlayan bu xanım, görünür, təmsil etdiyi rəhbərliyin kölgəsində qanunların cırılıb kənara atıla biləcəyini düşünür. Lakin Afaq xanım və onun arxasında dayanan "görünməz güclər" fundamental bir həqiqəti unudurlar:
Bu ölkədə qanun istənilən rəhbərdən, səhmdardan və himayədardan qat-qat üstündür! Heç bir vəzifə və ya kapital heç kimə qanundan üstün imtiyaz qazandıra bilməz.
Ramiz Mehdiyev Kölgəsi və "5-ci Kalon" Xülyaları
Afaq xanımın bu qudurğan və jurnalistə yuxarıdan aşağı baxan yanaşmasının pərdəarxası çox tezliklə bəlli oldu.
Məlumdur ki, "AF Hotel"in şəriklərindən biri, adı dövlətə qarşı müxtəlif iddialarda, xəyanət ssenarilərində hallanan və ölkədə "5-ci kalon" adlandırılan qruplaşmanın ən öncül siması hesab olunan Ramiz Mehdiyevdir.
Görünür, otel rəhbərliyinin və onların nümayəndələrinin ağlı hələ də Ramiz Mehdiyevin dövlət idarəçiliyində "at oynatdığı", borusunun ötdüyü köhnə dövrlərdə qalıb.
Buradan sual edirik:
Belə çıxır ki, "5-ci kalon"un qalıqları hələ də dövlət qurumlarının qərarlarına qarşı çıxmaq, qanunları tapdalamaq gücündə olduqlarını düşünürlər?
Onlar hələ də bu tipli dövlətçiliyə zidd, özbaşına əməllərindən əl çəkməyiblər?
Əgər belədirsə, bu xülyadan tez oyansalar yaxşıdır. Çünki Azərbaycan dövləti heç bir antimilli qruplaşmanın qanunlardan üstün olmasına icazə verməyəcək qədər güclü və qətiyyətlidir!
Sakinlər Evinə Vertolyotla Getməlidir?
"AF Hotel" rəhbərliyinin özbaşınalığı təkcə otelin daxili təhlükəsizlik qaydalarını pozmaqla bitmir. Onlar Novxanı sakinlərinin də həyatını cəhənnəmə çevirməkdə davam edirlər.
Özlərinə məxsus parkinq sahəsi yaradaraq kənd sakinlərinə gedən gediş-gəliş yolunu demək olar ki, tamamilə zəbt ediblər. Bu addımla sakinlər faktiki olaraq blokadaya alınıb. "
AF Hotel"in rəhbərliyi yəqin elə hesab edir ki, bu kənddə yaşayan insanların fərdi vertolyotu var və onlar evlərinə hava yolu ilə gedib-gəlməlidirlər! Vətəndaşın elementar hərəkət hüququnu əlindən alan, yolları qanunsuz şəkildə bağlayan bu harınlıq hansı haqla və hansı məntiqlə törədilir?
FHN rəsmi olaraq yalnız aquapark hissəsinin işləyə biləcəyini, hotel hissəsinin isə qapadıldığını elan etdiyi halda, qapıdan müştəri qəbul etmək sadəcə qayda pozuntusu deyil, dövlətə qarşı birbaşa sabotajdır. Sabah orada baş verə biləcək hər hansı ikinci bir bədbəxt hadisənin, insan tələfatının məsuliyyətini kim daşıyacaq? Köhnə status-kvonun kölgəsinə sığınan Ramiz Mehdiyev şəbəkəsimi?
Aidiyyəti dövlət qurumlarını, Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyini bu qanunsuzluğa təcili şəkildə müdaxilə etməyə çağırırıq. Heç kim qanundan üstün deyil və "AF Hotel"dəki bu dövlətə saymazlıq ən sərt şəkildə cəzalandırılmalıdır! Məsələ redaksiyamızın tam nəzarətindədir və araşdırmalarımız davam edəcək.
Sima Babayeva
VİDEO LİNKƏ: https://teref.net/manset/418991-dovlete-meydan-oxuyan-af-hotel-aquaprk-ve-onun-arxasindaki-kolge-ramiz-mehdiyev-sebekesi-hele-de-is-basindadir-video.html
