Badamdarda yüksək gərginliyin altında böyük təhlükə - Kim və necə içazə verib? - VİDEO
Gündəm / Aktual
Bu gün, 13:23
14
Səbail rayonu, Badamdar qəsəbəsində yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazidə iri obyektin inşa edilməsi ilə bağlı videogörüntü var.
Sözügedən ərazinin əvvəllər ağaclıq olduğu, sonradan isə burada ağacların kəsilərək müxtəlif tikinti işlərinin aparıldığı iddia olunur.
Videokadrlardan görünür ki, hazırda inşa edilmiş böyük obyekt yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında yerləşir. Bu mənzərə isə tikintinin hansı əsaslarla aparılması və obyektə hansı qurum tərəfindən razılıq verilməsi məsələsini gündəmə gətirir.
Məlumdur ki, yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilər xüsusi mühafizə rejiminə malik zonalar hesab olunur. Belə ərazilərdə tikinti və digər fəaliyyətlərin aparılması təhlükəsizlik tələbləri baxımından xüsusi yanaşma tələb edir, adətən mümkünsüdür.
Maraqlıdır, Badamdardakı bu obyektin tikintisinə hansı qurum tərəfindən və hansı şərtlərlə icazə verilib?
Digər diqqətçəkən məqam isə ərazidəki yaşıllıqlarla bağlıdır.
Əvvəllər ağaclıq olan ərazidə sonradan ağacların kəsilməsi və tikinti işlərinin aparılması həyata keçirilib. Əgər bu iddialar doğrudursa, ağacların kəsilməsi və ərazinin tikintiyə hazırlanması üçün hansı qurumdan razılıq alınıb?
VİDEO LİNKDƏ: https://bizimesr.info/az/post/badamdarda-yuksek-gerginliyin-altinda-boyuk-tehluke---kim-ve-nece-icaze-verib---video-23619
Sovet dövründə yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərin yaşıllıq zolaqları ilə əhatə olunması təsadüfi deyildi. Bu sahələrdə müəyyən məhdudiyyətlərin və mühafizə rejiminin tətbiqi həm elektrik şəbəkələrinin təhlükəsizliyi, həm də insanların həyat və sağlamlığının qorunması baxımından əhəmiyyət daşıyırdı.
Bu gün isə həmin ərazilərin bir hissəsində ağacların məhv edilməsi və yeni obyektlərin inşa olunması ilə bağlı narazılıqlar səslənir.
Badamdar ərazisindəki konkret obyektlə bağlı isə bir sıra suallar açıq qalır:
Obyekt kimə məxsusdur?
Tikintiyə hansı qurum razılıq verib?
Yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına dair tələblər nəzərə alınıbmı?
Tikinti üçün hansı sənədlər və texniki şərtlər əldə edilib?
Ərazidə ağacların kəsilməsinə icazə verilibmi?
Səbail Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərenerji” ASC və digər aidiyyəti qurumların bu məsələyə münasibəti maraq doğurur.
Məsələyə dair aidiyyəti qurumların açıqlamasını dərc etməyə hazırıq.
Bizimesr.info
