Yasamal İcra Hakimiyyəti əlilin evinə niyə basqın edib - TƏFƏRRÜAT
Gündəm / Sosial
24-02-2022, 16:45
195
2 gün öncə “Bizim Yol” sosial şəbəkə səhifəsində Bakı şəhər sakini, 1-ci qrup fiziki məhdudiyyətli şəxs olan Zaur Seyidzadənin evinin qapısının Yasamal rayonu İcra Hakimiyyəti nümayəndələri tərəfindən sökülməsi ilə bağlı videogörüntülər paylaşmışdıq. Özünü Yasamal İH nümayəndələri kimi təqdim edən, amma vəsiqə təqdim etməkdən boyun qaçıran şəxslər əlilin evinə soxularaq qapını söküb çıxarıblar və yerini də hörməyə başlayıblar.
Həmin görüntülərlə bağlı Yasamal rayonu İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirilib ki vətəndaş məsələ ilə bağlı İcra Hakimiyyətindən Ona edilən yazılı və şifahi xəbərdarlıqlara məhəl qoymayıb. Qurumun cavabında bildirilir: “Bu günlərdə sosial şəbəkələrdə paytaxtın Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi 77 ünvanında çəkilmiş videokadrla əlaqədar aşağıdakıları bildirməyi zəruri hesab edirik: qeyd edilən ünvanda mənzillərdən birinin sahibi pəncərənin yerində qanunsuz və özbaşına şəkildə qapı açmağa cəhd edib. Mənzil sahibi bu dəyişiklik barədə rayon İcra Hakimiyətinə heç zaman müraciət etməyib. Mənzil sahibi qanunsuz hərəkəti ilə əlaqədar rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən dəfələrlə yazılı və şifahi şəkildə xəbərdarlıq edilmişdir. Lakin təəssüf ki, vətəndaş bu xəbərdarlıqlara məhəl qoymamışdı. Bildiririk ki, vətəndaşın mənzildə dəyişiklik etmək planına qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müvafiq qurumlarla razılaşdırılandan sonra baxıla bilər”,– deyə Yasamal rayonu İcra Hakimiyyətindən bildirilib.
Zaur Seyidzadə isə Yasamal rayonu İH-nin bu açıqlamasına reaksiya verərək bildirib ki, İcra Hakimiyyətindən ona heç bir yazılı xəbərdarlıq edilməyib, qapı sökülən zaman Ona hər hansısa məhkəmə qərarı göstərilməyib, bununla bağlı O, aidiyyatı qurumlara da müraciət edib. Zaur Seyidzadə həmçinin bildirib ki, Onun sosial şəbəkələrdəki videomüraciəti də rəsmi müraciət hesab olunur və məktub şəklində yazılan müraciətə də bir ay sonra cavab verilir: “Onlar mənə heç bir yazılı xəbərdarlıq etməyiblər. Şifahi xəbərdarlıqlarının da necə olduğu görüntülərdə əks olunur. Mən neçə vaxtdır, Yasamal rayonu Prokurorluğuna da müraciət etmişəm ki, əgər İcra Hakimiyyətinin əməkdaşları gəlirsə və mən qanunsuz iş görürəmsə, mənə rəsmi formada hansısa bildiriş, yaxud protokol təqdim etsinlər. Ancaq onlar mənə heç bir sənəd verməyiblər. İkincisi, əgər mən həqiqətən qanunsuz iş görmüşəmsə, bunu məhkəmə yolu ilə aydınlaşdırmaq lazımdır. İcra Hakimiyyəti məhkəmənin səlahiyyətlərini öz üzərinə götürüb.
Xahiş edirəm ki, sizə açıqlama verən qurumda komissiya təşkil olunsun və mənim yaşayış şəraitimə baxış keçirilsin. Mənim və ailəmin təhlükəsizliyi ilə əlaqədar zəruri tədbirlər görsünlər. Evin öz qapısı üçün də müəyyən şərait yaradılsın ki, mən rahatlıqla evə daxil olub evi tərk edə bilim. Onu da qeyd edim ki, Azərbaycan 2008-ci ildən Əlillərin Hüquqları ilə Bağlı Beynəlxalq Konensiyaya qoşulub. Əgər biz əlillərə normal həyat şəraiti yaradılmayacaqdısa, biz niyə o konvensiyaya qoşulmuşuq? Əlillərlə bağlı qanunlar sadəcə kağız üzərində qalıb.
Yasamal rayonu İH deyir ki, mənə yazılı və şifahi xəbərdarlıq olunub. Bunlar əgər belə sənəd göstərəndirlərsə, onda niyə çəkilişdən qaçırdılar? Niyə özlərini təqdim etmirdilər? Niyə jurnalistə özləri barədə sənəd göstərmirdilər?” – deyə Zaur Seyidzadə Yasamal rayonu İcra Hakimiyyətinin videogörüntülərlə bağlı saytımıza verdiyi açıqlamasına öz münasibətini bildirərkən deyib.
Qeyd edək ki, yazılı bildiriş ünvanda qeydiyyatda olan və yetkinlik yaşına çatmış şəxs tərəfindən imzalanaraq təhvil alınmalıdır. Amma belə görünür ki, İH-in bildiriş göndərdiyini təsdiqləyən heç bir sənəd yoxdur. Hətta bu olsaydı belə, yenə də İH-in hərəkətləri qanunsuzdur. Elə bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevə müraciət etdik. Ekspert qeyd etdi ki, əlilliyi olan şəxsin özü üçün belə bir imkan yaratmaq hüququ var: “Əgər mənzil özünə məxsusdursa, orada hər hansısa dəyişiklik edə bilər. Çünki həmin mənzil onun mülkiyyəti sayılır. Həmin problemi isə şəxsin özü yox, aidiyyatı qurumlar həll etməlidir. Onsuz da açılan qapı binanın ümumi konstruksiyasına xələl gətirmir. Çünki həmin qapı məhz pəncərə yerindən açılır”,- deyə, ekspert Elnur Fərzəliyev bildirib.
Hüquqşünas Fərid Hüseynov isə Bizimyol.info-a açıqlamasında bildirib ki, İH o qapını özü sökə bilməz: “Əgər qapı artıq açılıbsa, İH məhkəməyə müraciət etməlidir, müvafiq qərar olarsa, məhkəmə icraçıları onun icrasını təmin etməlidir. Amma mən inanmıram ki, hansısa məhkəmə hakimi qapının sökülməsi barədə qərar versin. Qanunvericiliyə əsasən, əlil üçün o şəkildə giriş-çıxış təmin edilməlidir”.
Qeyd edək ki, qanunvericilik binanın layihəsinin əlil şəxsin tələbatına uyğun olaraq ağlabatan şəkildə dəyişdirilməsinə yol verir. Bu işi əslində İH özü görməli idi, xərcləri də dövlət büdcəsindən ödənilməli idi. Amma əvəzində İH dağıdıcılıqla məşğul olur.
Bundan başqa, ümumiyyətlə, Yasamal İH-in “qanun” sözündən istifadə etməsi də xeyli dərəcədə qəribə səslənir. Elşad Həsənov icra başçısı təyin olunduqdan sonra rayon iri addımlarla geriləyir. Burada özbaşına tikintilər və qurğular da artıb. İmkanlı şəxslər icra başçısını “sevindirib” ağıllarına gələni edirlər. Hətta ümumi ərazilərə girişi də rahatlıqla qapadırlar. Amma buna görə İH-ə şikayət etsəniz, o cür qurğuları və tikililəri sökməyəcəklər, əvəzində “kompromis” variantlar təklif edəcəklər. Çünki alacaqlar alınıb, verəcəklər verilib.