Bakı ermənisifət rus mediasını nə zaman bloklayacaq? - Adekvat cavab zamanıdır...
Gündəm / Sosial
30-03-2022, 10:18
206
Rusiya hakimiyyəti bir neçə ildir, tənqidçi medianı, o cümlədən Qərbin televiziya, radio kanallarını "xarici agent" adlandıraraq qadağan edir. Bu cür damğalanan insanlar, media quruluşları, vətəndaş cəmiyyəti institutları Kreml üçün arzuolunmaz hesab olunur. Onlara qarşı xüsusi xidmət orqanları və "Roskomnadzor" təqib-nəzarət həyata keçirir. Ukraynaya qarşı işğalçılıq müharibəsi isə ölkədə olan-qalan azad səslərin tamamilə qapadılmasına bəhanə oldu. "Dojd" telekanalı, "Exo-Moskvı" radiosu, "Meduza" onlayn platformasının yayımı dayandırılıb.
Bu cür basqılara görə Rusiya media azadlığının ən çox boğulduğu 10 ölkə sırasında yer alır. Bununla belə Rusiya postovet regionunda, Avropada, hətta Amerika qitəsində öz təsirini yaymaq üçün çoxsaylı təbliğat ruporları yaradıb və onları maliyyələşdirir. Bu televiziya və radio kanallarında, eləcə də internet resurslarında Kremlin tezisləri əsasında gecə-gündüz kampaniyalar aparılır. Qayda belədir ki, bir ölkədə əgər iqtidarda olan qüvvənin Moskva ilə xoş münasibətləri yoxdursa, onun daxili və xarici siyasəti hədəf alınır. Yaxud ölkədə ruspərəst qüvvələrin piarı qurulur, onlar üzərindən cəmiyyətdən Rusiyaya siyasi dəstək qazanmağa cəhd edilir. Ukrayna müharibəsi başlayandan sonra Qərb də, nəhayət, ayıldı və bu təbliğat ruporlarını bir-brinin ardınca bloklamağa başladı. Proses davam edir...
Biz yaxın tarixdə Rusiyanın ən kobud müdaxiləsindən birini 44 günlük müharibədə Azərbaycana məğlub olmuş Ermənistanda müşahidə etmişdik. Atəşkəsdən dərhal sonra İrəvandakı bütün Rusiyapərəst qüvvələr birləşdirildi, Moskvanın media gücü onların ixtiyarına verildi. Həmin dövrdə Ermənistanda yayımlanan bir çox televiziyalar, eləcə də birbaşa Rusiyanın mülkiyyəti olan "Sputnik Armenia" Paşinan hakimiyyətinə qarşı mübarizənin ön cərgəsində yer almışdılar. Moskvadan yayımlanan Kreml ruporları isə prosesdə ağır artilleriya rolunu oynayırdı...
Müharibə dövrünü biz də yaxşı xatırlayırıq. Erməni lobbisinin dərin kök saldığı Kreml mediasının əsas hədəflərindən biri Azərbaycan hakimiyyəti, onun qazandığı uğurlar idi. "Sputnik", "Regnum" agentlikləri, RBK, RTR, "Rosiyya-1", "ORT" "Russia Todays" və s. telekanalları gecə-gündüz qarayaxma kampaniyaları aparıb. Efirlərə çıxarılan politoloqlar, siyasi şərhçilər, deputatlar Azərbaycan-Türkiyə müttəfqiliyini hədəfə alır, müharibədə guya dinc erməni əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyini tirajlayırdı. Bu tribunlardan Kreml ideoloqları vaxtaşırı rəsmi Bakıya təhdid, hədə mesajları ünvanlayır, Azərbaycan ictimai rəyinə çirkin təbliğat tezsiləri ötürməyə cəhd edirdilər.
Azərbaycan Rusiya hakimiyyətindən qidalanan bu qarayaxma kampaniyasının qarşılığında hansı addım atdı? Nadir hallarda, o da bütün əndazələri aşan, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi şübhə altına alınan materiallara Xarici İşlər Nazirliyinin, Moskvadakı səfirliyin etirazları olub. Rəsmi Bakı bundan o tərəf keçməyib, nə Rusiya kanallarının Azərbaycandakı yayımını bloklayıb, nə də Bakıda rahat fəaliyyət göstərən, yeri gələndə qarayaxma kampaniyasına dəstək verən "Sputnik Azərbaycan"ın fəaliyyətinə əngəl törətməyib. Azərbaycanda kabel televiziya yayımı aparan şirkətlərin menyusunda isə əksəriyyəti rus kanalları təşkil edir...
Bu gün Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə Azərbaycan cəmiyyəti, onun əksər təbəqələri kəskin mənfi münasibət bəsləyir. Sosial şəbəkələrə, media resurslarına nəzər salmaq yetərlidir ki, Ukrayna xalqının apardığı azadlıq mübarizəsinə misilsiz dəstəyin ən yaxşı nümunələrini görək. Əlbəttə, media cəmiyyətin fikrini, mövqeyini ifadə etməyə, regionda gedən prosesləri olduğu kimi ona çatdırmağa çalışır və nəticədə Rusiyanın işğalçılıq siyasətinə layiq olduğu qiymət verilir.
Amma Kreml mənsubları Azərbaycan rəhbərliyi kimi tolerant deyil. Rus dilində yayılan yerli media Rusiya ərazisində ard-arda bloklanır. Artıq 5-6 Azərbaycan saytına şimal ölkədə daxil olmaq mümkün deyil. Bu qadağaların davam edəcəyi şübhə doğurmur. Ukraynada düşdüyü bataqlıqda getdikcə daha dərin batan Rusiya hakimiyyəti gerçəkləri rus cəmiyyətinə çatdıran bütün resursları qapatmağa çalışacaq. Amma çətin ki, bu qadağalar geridönməz iflasın qarşısını alar...
Bəs, Azərbaycanda nə fikirlərşirlər, bu ermənisifət Rusiya mediasına nə qədər dözülməlidir? Onların yayımnın dayandırılmasının vaxtı çatmayıbmı?
"AzPolitika.info"