Dendrologiya İnstitutundan 5 gündə 88 min manat “udan” Samir Məmmədov kimdir? - İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət
8-04-2022, 16:42 392


Ötən həftə Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutun da baş verən özbaşınalıqlar barədə geniş məlumat yaymışdıq. Bu həftə məlum oldu ki, burada özbaşınalaqlar hələ də davam edir. Maraqlıdır görəsən Dendrologiya İnstitutu tərəfindən satınalmalarda yol verilən saxtakarlıqları bir aidiyyatı orqan olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti görmürmü? Əlbəttə görür, həm də buna şərait yaradır desək yanılmarıq.

Ötən yazıda Dendrologiya İnstitutunda keçirilmiş bir kotirovka sorğusu barədə məlumat vermişdik. Həmin mövzuya bir daha niyə qayıtdığımızı aşağıda açıqlayacıq.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Denderologiya İnstitutu tərəfindən suyun satın alınması üzrə 02.03.2022-ci il tarixdə başlanılmış müsabiqəyə yekun vurulub və “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 44 604 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı 30.03.2022-ci il tarixdə elan edilib.

Keçirilmiş kotirovka sorğusu ətrafında apardığımız araşdırmalarda görünməmiş qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, Denderologiya İnstitutunun Tender Komissiyası suyun satın alınması üzrə elan etdiyi kotirovka sorğusunun şərtlər toplusunda 9912 ton kanal suyunun satınalmasını bildirir. Lakin burada kanal suyu dedikdə nə nəzərdə tutulur? Burada suyun içməli, texniki, yaxud da tullantı sularının olması tam bəlli olmur. Əslində isə şərtlər toplusunda bu tam və aydın şəkildə göstərilməlidir. Çünki Tarif Şurası tərəfindən bu suların hər birinin ayrı-ayrı qiymətləri müəyyən edilib.

İnstitutun Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə 02.03.2022-ci il tarixdə verdiyi elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 02.03.2022-ci ildən 18.03.2022-ci il tarixə qəbul olunduğu göstərilir.

Denderologiya İnstitutunun qalib elan etdiyi “LENOLA” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LENOLA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Apardığımız araşdırmalar zamanı əldə etdiyimiz məlumatlardan da görsəndiyi kimi Denderologiya İnstitutunun Tender Komissiyasının satınalma müqaviləsi bağladığı “LENOLA” MMC kotirovka sorğusunun keçirilməsi barədə verilən elandan, yəni 02.03.2022-ci il tarixdən 3 gün sonra, 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb.

İndi diqqət yetirin. Mövzuya bir daha niyə qayıtdıq? Dendrologiya İnstitutu tərəfindən keçirilmiş daha bir kotirovka sorğusunun nəticəsi isə 05.04.2022-ci il tarixdə elan olunub. Digər kommunal xidmətlər üzrə keçirilmiş kotirovka sorğusunda isə “QONTERA” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və 43 950 mamat məbləğində satınalma müqaviləinin bağlanıldığı açıqlanıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QONTERA” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 05.03.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, HÜSEYN SEYİDZADƏ 2 MKR, ev 3, m. 41, qanuni təmsilçisinin isə Məmmədov Samir Tofiq oğlu olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi, hər iki MMC eyni gündə, dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı da eyni olan hər iki MMC-nin qanuni təmsilçisi isə Məmmədov Samir Tofiq oğludur. Olmaya bu elə Denderologiya İnstitutunun direktoru Tofiq Məmmədovun öz oğludur?

Satınalma prosedurunun başlanmasından 3 gün sonra dövlət qeydiyyatına alınmış, maddi texniki bazasının və ixtisas göstəricilərini qeyri müəyyən olduğu bu şirkətlərə dövlət sifarişini həvalə etmək nə dərəcədə qanunauyğundur. Yuxarıda qeyd etdiklərimizdən də görsəndiyi kimi İnstitut tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır.

Bundan başqa Dendrologiya İnstitutunda qanlara açıq-aşkar meydan oxunur, sayılmır. Bunun səbəbinin nədə olduğunu deyə bilmərik. İnstitutun direktoru Tofiq Məmmədovun kimə arxayın olaraq bu qədər qanunsuzluqlara yol verdiyi də qaranlıq məsələdir. Amma bu kimi qaranlıq məsələlərin işığa çıxması o qədər də uzun sürmür. Bunu DTX-nın qara maskalıları bir çox rayonlarda üzə çıxardı.
Aktualinfo.org