Hökumətin sosial müdafiə, yoxsa sosial mənimsəmə siyasəti Prezident aktlarının, qanunların pensiyaçı qazilərə şamil olunmaması sürür

Gündəm / Aktual
16-04-2022, 14:46 99



Prezidentin 23.12.2021-ci il tarixli fərmanı ilə hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşlarına 20 faizlik əlavə müəyyən olunub. Lakin bu əlavə sözügedən kateqoriyalardan olan pensiyaçılara “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə uyğun olaraq tətbiq edilməyib. Həmin 29.2 maddəsində yazılıb :”Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin TUTMUŞ OLDUQLARI VƏZİFƏLƏR ÜZRƏ AYLIQ ƏMƏKHAQQI (əməkhaqqı, dövlət məvacibi, TƏMİNAT XƏRCLİYİ) SONRADAN ARTIRILDIQDA , bu ARTIMLAR NƏZƏRƏ ALINMAQLA QULLUQ STAJINA GÖRƏ ƏMƏK PENSİYASINA ƏLAVƏLƏR YENİDƏN HESABLANIR”. Qanunverici açıq şəkildə qulluq stajına görə pensiyaya əlavələrin artırılmasını doğrulayır, icraedici isə qanunu icra etməkdən imtina edir. Hansı əsasla? Birinin “əsası” odur ki , ƏLAVƏ ARTIM deyil, o biri Prezidentin 10 faizlik maddi yardım ayırmasını qanunun 20 faizlik artımından çox olmasını “əsaslandırır”. Bəyəm maddi yardım qərarı qanunu ləğv edir? Belə çıxır, Prezident fərmanı, sərəncamı qanundan, Konstitusiyadan üstündür? Oysa Konstitusiyanın 149-cu maddəsində qanunun üstünlüyü doğrulanıb. Prezident öz səlahiyyətlərindən yararlanıb sosial maddi yardım ayırıbsa, bu yardım qanunla doğrulanan digər artımların hesablanmasına qadağa qoya bilməz. Yeri gəlmişkən, “Əmək pensiyaları haqqında” qanunun 19.1.4 maddəsinə əsasən 1-ci dərəcəli əlillərə qulluğa görə verilən 11 manatlıq əlavə 2019-cu ilin aprelindən ləğv edilib və 50 manatlıq (hazırda 80 manat – red. ) əlilə qulluq edən şəxsə Prezident təqaüdü kimi verilir. Bu maddənin qüvvədə olduğu 13 il ərzində isə 1-ci dərəcəli əlillərə həmin 11 manat qulluğa görə əlavə verilməyib. Buna da prezident (fərmanı) qadağa qoyub?
Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olanlara, Böyük Vətən müharibəsi (?-M. B. ) ,20 Yanvar, Çernobıl əlillərinə 26 manat, vəfat etmiş döyüşçülərin dul arvadlarına 12 manat, l, ll dərəcəli əlillərə, SOSİAL PENSİYAÇILARA 6 manat müavinət ayrılması doğrulanıb. Prezident fərmanı yalnız Böyük Vətən Müharibəsi (?) əlillərinə və iştirakçılarına tətbiq edilir. Onda bu fərmanın qəbul edilməsinin anlamı nədir, Qarabağ əlillərinə tətbiq edilməyəcəksə, niyə fərmana salınıb? ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzinin buna “əsası” fərmandan 5 il sonra qəbul edilən “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsi imiş. Guya 6-26 manat arası kommunal, nəqliyyat və digər xidmətlər əvəzi müavinət SOSİAL MÜAVİNƏT, yəni SOSİAL PENSİYA kimi təyin olunur. Oysa Prezidentin fərmanında SOSİAL PENSİYAÇILARA 6 manatın ayrılmasının nəzərdə tutulması Xüsusi Şərtlərlə Təyinat Mərkəzinin “əsası”nın düzgün olmadığını ortaya qoyur. Eyni zamanda, şəxs əlildirsə, ya əmək pensiyası alır, ya da sosial pensiya -müavinət. Bu isə o deməkdir ki, Prezidentin əlillərə ayırdığı 6-26 manat arası müavinət həm əmək pensiyası alan, həm də sosial müavinət alan əlilə verilməlidir. Yəni bu 6-26 manat arası müavinət sosial müavinət deyil və “Sosial müavinətlər haqqında” qanunun tələbinə görə, bir neçə sosial müavinət almaq hüququ olan şəxslərə yalnız biri, ən çoxu təyin olunur. Hazırda 120- 220 manat sosial müavinət alan əlilə 6-26 manatlıq kommunal xidmətlərə görə sosial müavinət təyin edilməsi absurddur axı! Prezidentin 29.12.2000 tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamı ilə Qarabağ əlillərinə ayrılan 10-14 manat arası müavinətin verilməməsini də Xüsusi Şərtlərlə Təyinat Mərkəzi “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsi ilə “əsaslandırır”. Heç demə, necə deyərlər, öskürəyin qulunca birbaşa yetkisi varmış, 5-6 il sonra qəbul edilən qanun Prezidentin fərmanını və sərəncamını qüvvədən salıb ki, kommunal xidmətlərə görə BƏZİ KATEQORİYA ŞƏXSLƏRƏ SOSİAL MÜAVİNƏT TƏYİN EDİLİR! (?) Axı açıq aşkar görünür ki, bu BƏZİ KATEQORİYA ŞƏXSLƏR kateqoriyasına əlillər aid deyil.
Nə qanunverici , nə məhkəmə hakimiyyəti icra hakimiyyətinin qanunu cibinə uyğun əsaslandırımasına hüquq qiyməti verir. Bu hüquqsuzluqdan ziyan çəkənlər isə qazilər, şəhid ailələri, əlillərdir.

Məğrur Bədəlsoy
P. S. “Əmək pensiyaları haqqında” qanunun 26.1 maddəsinə görə, 2017-ci ilin 1 iyulunadək təyin edilmiş pensiyaların məbləği dəyişdirilmədən şərti çevrilməsi aparılır. Bu o deməkdir ki, Prezidentin 26.12.2001 tarixli və 29.12.2000 tarixli aktları ilə əlillərin pensiyalarına əlavə olunan məbləğlərin verilməsindən 2006-cı ildə qüvvəyə minən qanunların “əsasında” imtina edilməsi əsassızdır.