Ötən il “qara siyahı”ya salınan şirkəti bu dəfə nazirlik cərimələdi - “Aztimont” ASC-nin BAŞI DƏRDDƏ...
Gündəm / Sosial
Bu gün, 13:38
16
Azərbaycanda tikinti, mühəndislik və istehsalat sahəsində fəaliyyət göstərən “Aztimont” ASC cərimələnib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna şirkətə məxsus asfalt istehsalı sahəsində yol verilən nöqsanlar səbəb olub.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumu Siyəzən rayonu, Yenikənd bələdiyyəsinin ərazisində, Gilgilçay çayının sol hissəsində asfalt istehsalı sahəsinin dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan fəaliyyət göstərməsi, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələr atılması müəyyən edilib.
Bununla da şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi üzrə protokol tərtib edilib, material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmədə protokolda qeyd olunan nöqsanlar sübuta yetirilib və qərara əsasən, “Aztimont” ASC 7500 manat cərimə olunub.
Qeyd edək ki, sözügedən şirkət ötən il etibarsız təchizatçılar siyahısına salınıb. Buna səbəb “Aztimont” ASC-nin öhdəlikləri yerinə yetirməməsi olub. 2005-ci ildə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi Şirinov Əliheybət Balakişi oğludur.
