"Hələ də 15 min manat əlavə xərcim ödənməyib" - “Sultan” inşaat şirkətindən ŞİKAYƏT

Gündəm / Aktual
4-07-2022, 13:32 96


Səbail rayonu İstiqlaliyyət küçəsi 39/2, mənzil 20 ünvanında yaşayan Elçin Məmmədəliyev “Sultan” inşaat şirkətini onu aldatmaqda ittiham edir.

Tereqqi.az bildirir ki, yenicag.az-a daxil olan şikayətə görə, Bakı sakini Elçin Məmmədəliyev “Sultan” inşaat şirkəti tərəfindən hüquqlarının pozulmasına etiraz edir.

O bildirib ki, müqavilə bağlamasına baxmayaraq, sözügedən şirkət öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır:

“12 mart 2021-ci il tarixdə şirkətlə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayon Ləhiş bağları 1825 ünvanında yerləşən torpaq sahəsində 200 kvadrat metrlik evin tikilib tam təmirli formada təhvil verilməsi və 5-10 metr hovuzun tikili və tam təmirli formada 12 sentyabr 2021-ci il tarixə təhvil verilməsi baradə müqavilə bağlanıb. Mənim tərəfimdən müqavilə üzrə ödəniləcək məbləğin 22 iyul 2021-ci il tarixində tam ödənilməsinə baxmayaraq, şirkət öz öhdəliyini başa vurmayaraq hazırkı günədək hovuzu təhvil verməyib, evin isə təmirini yarımçıq qoyub.

Şirkət maddi imkanları olmadığına görə təmiri öz hesabına davam etdirməyimi xahiş edib. Sonradan həmin vəsaiti mənə ödəyəcəklərini bildiriblər. Lakin bu vaxta qədər hələ də 15 min manat əlavə xərcimi ödəməyiblər və hovuzun təmirini başa vurmayıblar”.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.