Bir dəfə qalxan qiymət bir daha qalxar: “Bahalaşma yeni sürət yığacaq” - NƏ ETMƏLİ?

Gündəm / Iqtisadiyyat
14-07-2022, 14:47 219


Xəbər verdiyimiz kimi, ölkədə “Aİ-95” premium markalı benzinin qiyməti 40 qəpik bahalaşaraq 2 manata yüksəlib. "Aİ-98" super markalı benzinin qiyməti isə 2,30 manata yüksəlib.

Rəsmi qurumlar son bahalaşmanı dünya bazarlarında müşahidə olunan qiymət artımları ilə əlaqələndirir. Məhsulun idxal dəyərinin artmasının onun ölkəmizdəki satış qiymətlərinə də təsirsiz ötüşmədiyi qeyd olunur.

Rəsmi məlumatlara görə, hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.

Müstəqil iqtisadçılar və ekspertlər isə bəyan edirlər ki, Azərbaycanda istehsal prosesinin olmaması və inhisarçılıq qiymət artımına əsas səbəbdir. Ehtimallara görə, qarşıdakı aylarda bahalaşma davam edəcək. Neft və neft məhsulları ilə yanaşı, digər məhsulların da qiymətlərinin artacağı gözlənilir. Dia.az-ın məlumatına görə, Milli Məclisin keçmiş üzvü, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda bazar iqtisadiyyatı yoxdur: “Sovetlər sistemi dağılandan sonra digər postsovet ölkələri kimi, Azərbaycan da bazar iqtisadiyyatı modelinə keçid etdiyini bəyan etdi. Lakin bu, yalnız sözdə oldu. Əməldə isə bazar iqtisadiyyatı modeli yalnız kağız üzərində qaldı. İttifaqdan qalan dövlət əmlakının özəlləşdirililməsi prosesi formal aparıldı, bir qrup məmur-oliqarxın maraqlarına və varlanmasına xidmət etdi. Bütün sahələrdə vəziyyət belədir və bu illərdir davam etməkdədir”.

“Son qiymət artımları da məhz bundan qaynaqlanır. İllərdir hökumət rəsmiləri bəyan edirlər ki, daxili istehsalı gücləndirmək lazımdır. Lakin bunu etmirlər. İslahatların vacibliyindən danışırlar, amma islahat aparmırlar. Nə qədər ki, bu, belə davam edir, nəinki neft və neft məhsullarının qiymətləri artacaq, bütün sahələrdə bahalaşma davam edəcək”, - deyə həmsöhbətimiz bildirib.

Sabiq deputat təklif edir ki, Azərbaycanda premium markalı benzinin istehsalına başlanılsın: “Uzun illərdir bununla bağlı müzakirələr gedir. Yerli istehsalın artırılmasından bəhs olunur. Xüsusən dünyada baş verən hadisələr və iqisadi böhran fonunda daxili istehsalın artırılması qaçılmaz və zəruridir. Hesab edirəm ki, ilin sonuna qədər digər istiqamətlərdə də qiymət artımları qaçılmaz olacaq. Zəif keyfiyyətli benzin məhsullarının, eləcə də kommunal tariflərin artacağı istisna olunmur. Nəzərə alanda ki, son dövrlər qiymətlər ciddi şəkildə artır, növbəti bahalaşma onsuz da çətin şəraitdə yaşayan istehlakçılara ağır zərbə olacaq. Hökumət tərəfindən maaşların artırılması qiymət artımlarını kompensasiya etmir və sürətlə yoxsullaşan əhalinin sosial rifahına xidmət etməyəcək”.

“Hökumət vəziyyətə müdaxilə etməlidir. Əks halda sosial problemlər dərinləşəcək. İllərdir müstəqil ekspertlər deyirlər ki, sağlam iqtisadiyyat qurulmalıdır, məmur oliqarxiyasına son qoyulmalıdır. Daxili istehsal gücləndirilməlidir. Nəhayət, hökumət sözdən əməli fəaliyyətə keçməlidir”, - deyə Bəydəmirli vurğulayıb. iqtisadçı ekspert Natiq Cəfərli fdə AYNA-ya şərhində söyləyib ki, hökumətin qiymət artımı ilə bağlı izahı qənaətbəxş deyil: “Rəsmi qurmlar bəyan edir ki, “Aİ-95” markalı benzinin qiymətinin artımı dünyada baş verən proseslərlə bağlıdır. Vəziyyət isə əslində bu cür deyil. Digər yanacaq məhsulları Azərbaycanda istehsal olunur. Vaxtaşırı olaraq onların da qiymətini qaldırırlar. Sadəcə Azərbaycan hökuməti hər bir bahalaşmanı əsaslandırmağa çalışır. Hansı arqument işlərinə yarayırsa, ondan da istifadə edirlər”.

“Son qiymət artımları Azərbaycana avtomobil idxalını və satışını azaldacaq. Bu isə yeni avtomobillərin ölkəyə gətirilməsi və ekoloji tarazlığın bərpa olunmasına zərbə vuracaq”, - deyə müsahibimiz qeyd edib.

Digər sahələrdə qiymət artımlarından danışan ekspertin fikrincə, bahalaşma davam edəcək: “Əgər bunun ardınca Azərbaycanda istehsal olunan benzin markaları da bahalaşacaqsa, inflyasiya və sürətli qiymət artımları qaçılmaz olacaq. Nəzərə alsaq ki, onsuz da son dövrlər qiymətlər artır, növbəti bahalaşma dalğası sosial problemləri artıracaq. Hökumət bundan çıxış yolları barədə düşünmək əvəzinə, açıqlama xatirinə açıqlama verəcəksə, vəziyyət olduğu kimi davam edəcək”.

“Bu gün Azərbaycanda ərzaq inflyasiyası 20 faizdən artıqdır. Ölkəmizdə yerli istehsal artırılmalı, idxaldan asılılığa son qoymaq uğrunda fəaliyyət gücləndirilməlidir. Biz isə nəyin şahidi oluruq? Hökumət yerli istehsalın əhəmiyyətindən danışır, lakin bunu həyata keçirmir. Bu, həm Azərbaycanın ərzaq təhlükəsizliyinə, həm daxili bazarın qorunmasına və daha yaxşı təmin olunmasına, həm də ixracat potensialının artırılmasına şərait yaradır”, - deyə Cəfərli diqqətə çatdırıb.

Əlavə edib ki, bazarın daha da liberallaşması üçün sahibkarlara müəyyən güzəştlər tətbiq edilməlidir: “Vergi və gömrük güzəştləri rəqabətin yaranmasına və nəticə etibarilə qiymətlərin enməsinə səbəb olacaq. Təəssüf ki, yaxın həftələrdə, yaxın aylarda dünyada da baş verən hadisələri nəzərə alaraq, qiymət artımının daha da sürət yığacağının şahidi olacağıq”.