“Şəfa” broylerlə bağlı müəmma: İşçilər şirkətin bağlanmasından, direktor isə sanasiyadan danışır
Gündəm / Cəmiyyət
15-10-2022, 18:46
303
Azərbaycanın quşçuluqu bazarında əsas oyunçulardan olan "Qaraqaşlı Broyler” ("Şəfa”) ASC-də kütləvi ixtisarlar başlanıb.
İxtisarlar şirkətin iflası ilə bağlıdır. ASC-nin bir qrup işçisinin sözlərinə görə, şirkət yaxın vaxtlarda iflasa uğradığını elan edərək fəaliyyətini dayandıracaq. Onlar iddia edir ki, bu barədə şirkət rəbərliyi işçilərə xəbərdarlıq edib.
Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün şirkətin direktoru Heydər Əsgərovla əlaqə saxlayıb. O, bildirib ki, baş verənlər sanasiya ilə əlaqədardır: "Quşçuluq təsərrüfatları 5 ildən bir sanasiya (sağlamlaşdırıcı tədbirlər) proseduru həyata keçirməlidir. Biz də 15 ildir fəaliyyət göstəririk və sanasiyaya ehtiyac var. Ona görə də işçiləri evə buraxmışıq. Şirkətin faəliyyətinin dayandırılmasından söhbət getmir”.
Heydər Əsgərov əlavə edib ki, sanasiya proseduru 1 ay çəkəcək: "1 aydan sonra biz yenidən faəliyyətimizi bərpa edəcəyik. Bu barədə işçilərə də bildirilib. Onlara deyilib ki, sanasiya proseduru başa çatdıqdan sonra yenidən işlərinə qayıdacaqlar”.
İşçilər isə iddia edir ki, sanasiya proseduru bəhanədir. "15 ildir sanasiya proseduru həyata keçirilmir. İndi yadlarına düşüb?"
İşçilərin fikrincə, şirkət onlara kompensasiyaya ödəməmək üçün sanasiya bəhanəsindən istifadə edir: "Bizə deyilməyib ki, 1 aydan sonra işinizin başınıza qayıdasınız”.
Qeyd edək ki, "Qaraqaşlı Broyler” ASC 13 may 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 503 496 AZN-dir. "Qaraqaşlı Broyler” quşçuluq bazarında "Şəfa” əmtəə nişanı ilə tanınır.Qaynarinfo